Hökumətdən sanatoriya və kurortlara yeni tələb



Nazirlər Kabineti "Sanatoriya-kurort müəssisələrində sanitar-gigiyenik Tələblər"i təsdiq edib. Baş nazir Artur Rəsizadənin imzaladığı qərara əsasən, tələblər mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, yeni tikilən, yenidən qurulan, əsaslı təmir və bərpa edilən müəssisələrə şamil edilir. Tələblərin icrasına nəzarət ərazi gigiyena və epidemiologiya mərkəzləri tərəfindən həyata keçirilir.

Ərazinin müəssisə kimi qəbul olunması həmin ərazinin baş planı və orada mövcud olan təbii müalicə ehtiyatlarının tibbi-bioloji, kurortoloji, geoloji, hidrogeoloji, sanitar- gigiyenik və digər tədqiqatları əsasında müəyyən edilir.

Bu müəssisələr yaşıllıq və şəhərətrafı zonalar, dəmiryol, hava və dəniz limanları, şlüzlər, hidroelektrik stansiyaları, çirkab sularının axıdılma yerləri, tullantıların yerləşdirilmə obyektləri, çaylar, bulaq mənsəbləri, sürətli avtomobil magistralları və digər səs-küy mənbələrindən
uzaqda yerləşməlidir.

Çimərliklər yataq korpuslarından kənarda, piyadalar üçün əlverişli gediş-gəliş zonasında (1,2 km) yerləşdirilməlidir. Komfortluq şəraitindən (ulduz dərəcələri) asılı olaraq, müəssisələr müxtəlif tələblərə cavab verməlidir.

Elnarə Əlosmanqızı
AzNews.az