Azərbaycanda qiyməti ucuzlaşan dərman vasitələrinin siyahısı artıb. Azərbaycanda qiyməti ucuzlaşan dərman vasitələrinin siyahısı artıb.

Ucuzlaşan dərmanlar - Əhalinin yaşayış səviyyəsinə mümkün təsirlər...

Azərbaycanda qiyməti ucuzlaşan dərman vasitələrinin siyahısı artıb.


AzNews.az "Bakı-Xəbər"ə istinadən xəbər verir ki, Prezidentin tapşırığından sonra dərman vasitələrinin qiymətinin aşağı salınması prosesi davam etdirilir. Əvvəl 256 dərman vasitəsinin qiyməti aşağı salınmışdısa, bu siyahıya daha 801-i əlavə olunub.

Tarif Şurasının iclasında sentyabrın 15-dən etibarən 1057 adda dərmanın satışının yeni tariflərlə həyata keçirilməsinə qərar verilib.

Ümumilikdə, elan olunmuş 25 təsiredici maddə üzrə 1057 dərman vasitəsinin qiyməti tənzimlənib ki, bunun nəticəsində hazırda satışda olan dərman vasitələrinin qiymətləri ilə müqayisədə 46% dərman vasitəsinin qiyməti 2 dəfədən çox, 24% dərman vasitəsinin qiyməti 3 dəfədən çox ucuzlaşdırılıb, bütövlükdə isə həmin tərkib üzrə satışda olan dərman vasitələrinin 94%-i üzrə qiymətlər aşağı salınıb.

Bununla da dövlət qeydiyyatına alınmış dərman vasitələrinin təqribən 15%-nin hazırkı qiymətlərlə müqayisədə əhəmiyyətli dərəcədə aşağı olan satış qiyməti təsdiqlənib. Böyük sosial əhəmiyyət kəsb edən bu proses bütün dərman vasitələrinin qiymətləri tənzimlənənədək intensiv şəkildə davam etdiriləcək və bu ilin sonunadək əksər dərman vasitələri üzrə qiymətlərin tənzimlənməsi başa çatdırılacaq.

Qiyməti tənzimlənən dərmanların siyahısına baxdıqda qiymətin ucuzlaşdığını açıq-aydın görmək olar. Məsələn, təzyiq dərmanı olan amlodpinin əvvəl maksimum qiyməti 15 manat idisə, indi bu qiymət 1 manat 7 qəpik təşkil edəcək. Ən çox istifadə olunan atorvostatin dərmanının əvvəlki qiyməti 28 manata idisə, indi bu, 2-10 manat arasında olacaq.

Bütövlükdə, dərmanların qiymətinin aşağı salınması əhalinin aztəminatlı hissəsinin sosial müdafiəsinin gücləndirilməsində nə kimi rol oynayacaq?

Məsələyə münasibət bildirən İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyevin sözlərinə görə, hökumətin bu qərarı sosial təminatı zəif olan insanlara müsbət təsir göstərəcək: "Məsələ ondadır ki, dərmanları ölkəyə gətirən topdansatış, pərakəndə satış mərkəzləri çox vaxt süni qiymət artımına gedirdilər. Hətta belə hallar olurdu ki, bir dərman müxtəlif ölkələrdə istehsal olunduğu üçün onun qiyməti də kəskin şəkildə fərqli olurdu. Çox vaxt alıcının istehsalı ucuz başa gələn dərmanı seçmək imkanı olmurdu. Çünki dərman satışı ilə məşğul olan apteklər daha çox baha olan dərmanları təklif edirdilər. Bu kimi məsələlər sosial vəziyyəti aşağı olan insanlar üçün müəyyən çətinliklər yaradırdı. Yerlərdə hətta saxta dərmanlar satılır, müxtəlif möhtəkirlik halları olur ki, belə hallardan ən çox sosial təminatı zəif olan insanlar əziyyət çəkir. Ümumiyyətlə, dərman satışına nəzarətin gücləndirilməsi, süni qiymət artımının qarşısının alınması sonda sosial vəziyyəti aşağı olan insanların rifahına müsbət təsir göstərəcək. O baxımdan ki, onlar sağlamlığını qorumaqda çətinlik çəkməyəcək. Əlil, yaşlı insanlar var ki, mütəmadi olaraq dərmanlara ehtiyac duyur. Ona görə də verilən qərarı müsbət qiymətləndirirəm".