Avtobus sürücülərinə xüsusi nəzarət ediləcək

Bakı şəhərində ictimai nəqliyyatın hərəkətinin təhlükəsizliyinin təmin edilməsi, sürücülərdə idarəetmə mədəniyyətinin yüksəldilməsi və onların daha məsuliyyətli olması üçün xüsusi GPS sisteminin yaradılması təklif edilir.
AzNews.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı bildirib.

Onun sözlərinə görə, hazırda müzakirə mərhələsində olan bu ideyada avtobusun yerinin müəyyən olunması, sürücünün nəzərdə tutulmuş marşrutdan yayınması, sürücünün avtobusu hansı sürətlə idarə etməsi, qırmızı və yaşıl işıqlar yanarkən hərəkət tərzi, qapının açıq saxlanılması və s. bu kimi önəmli məsələlərə nəzarətin təşkili nəzərdə tutulub.

"Hazırda belə bir təklif üzərində iş gedir. Bu sistem imkan verəcək ki, sürücülərin gün ərzində hərəkətlərinə nəzarət edək və ayın sonunda işində problem aşkar olunanların kimlə əvəzlənməli olduqlarını müəyyənləşdirək", - deyə Ş.Mehmanqızı məlumat verib.

Qeyd edək ki, hazırda ictimai nəqliyyatda sürücülərin iş prosesini izləmək üçün bort avadanlığı quraşdırılıb. Lakin sürücülər kameradan görünməmək üçün onu qəsdən zədələyir və ya sıradan çıxarır. Nəticədə, NİİM dayanacaqlarda quraşdırılan monitorda avtobusun gəlmə vaxtını görə bilmir. Bu da sərnişinlər arasında çaşqınlıq yaradır. Hazırda avtobus dayanacaqlarında monitorların mütəmadi olaraq və ya düzgün işləməməsi məhz avtobus sürücülərinin bort avadanlığına müdaxilə etməsi nəticəsində belə bir vəziyyətin yaranmasına gətirib çıxarır. Buna görə sürücü və sahibkarlar dəfələrlə cərimələnsələr də, analoji hallar yenə qeydə alınır.