Azərbaycan özü dərman istehsal edəcək. Azərbaycan özü dərman istehsal edəcək.

Azərbaycanda dərman istehsalı - Kəskin ucuzlaşma

Azərbaycan özü dərman istehsal edəcək.


AzNews.az-ın Anspress-ə istinadən məlumatına görə, Bakıda keçirilən Azərbaycan-Rusiya biznes-forumu çərçivəsində səsləndirilən fikirlər bunu deməyə əsas verir.

Sankt-Peterburqun Sahibkarlığın və İstehlak Bazarının İnkişafı Komitəsinin sədri Elgiz Kaçayev forumda çıxışı zamanı bildirib ki, Sankt-Peterburq Azərbaycanda əczaçılıq klasterinin yaradılması üçün bu sahədə birgə investisiyalar və kömək məsələsində əməkdaşlıq etməyə hazırdır.

Rusiya sənaye və ticarət nazirinin müavini Sergey Tsıb da Azərbaycanla Rusiya arasındakı əməkdaşlıqdan danışaraq qeyd edib ki, iki ölkə arasında əməkdaşlıqda məqsəd təkcə dərmanların Rusiyadan idxalı məsələsi deyil. "Azərbaycan və Rusiya müştərək müəssisələrin yaradılması üçün çalışmalıdır. Bunlar xüsusilə Rusiya dərmanlarının Azərbaycan ərazisində istehsalı ilə məşğul olan müəssisələr olmalıdır".


Sergey Tsıb - Rusiyanın sənaye və ticarət nazirinin müavini

İqtisadçı Vüqar Bayramovun fikrincə, Rusiyanın Azərbaycana marağının bir neçə səbəbi var. Bunlardan biri də ölkəmizdə dərman istehsalı üçün kifayət qədər münbit xammal ehtiyatının olmasıdır. "Praktiki olaraq, Azərbaycanda dərman istehsalı təşkil ediləndə xammal baxımından təminatda hər hansı çətinlik olmayacaq", - deyən ekspert əlavə edib ki, dərman istehsalında istifadə edilən bir çox növ bitkilər, yod kimi təbii maddələr Azərbaycanda mövcuddur. "Ölkədəki iqlim şəraiti buna imkan yaradır".

Şübhəsiz ki, əgər dərman preparatları Azərbaycanda istehsal edilərsə, bu, satılan dərmanların qiymətinə də təsir etməlidir; yerli xammal hesabına istehsal edilən dərmanların qiyməti də mövcud qiymətlərdən ucuz olmalıdır.

"Dərman istehsalı birmənalı şəkildə qiymətlərin tənzimlənməsinə və aşağı düşməsinə səbəb olacaq. Azərbaycan bazara yerli dərman məhsullarını çıxarmaqla daha ucuz qiymətə dərmanlar təklif edə biləcək. İlkin qiymətləndirmə onu göstərir ki, əgər Azərbaycanda əsas dərman məhsulları üzrə istehsal təşkil olunarsa, bu, həmin məhsulların qiymətinin orta hesabla 30 faiz ucuzlaşmasına gətirib çıxaracaq", - deyən Vüqar Bayramov dərman bazarında yeni ucuzlaşma dalğasının müşahidə ediləcəyini vurğulayıb.


Vüqar Bayramov

Eyni zamanda, Azərbaycanda dərman bazarı kifayət qədər genişdir. Bu isə ölkənin dərman satışından yüksək mənfəət əldə etməsinə imkan yaradır. Bundan başqa, bu həm də ölkəmizə investisiya qoyuluşu, yeni iş yerlərinin açılması, bazara daha keyfiyyətli dərman məhsullarının çıxarılması deməkdir.


Qeyd edək ki, prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr edilən iclasda çıxışında dərmanların qiymətinin süni şəkildə artırıldığını bildirmiş, qiymətlərin kəskin aşağı salınmasını əmr etmişdi.

"Görülən və görüləcək tədbirlər nəticəsində ilin sonuna qədər dərmanların qiymətləri kəskin şəkildə aşağı düşməlidir. Dərman bazarında uzun illərdir xaotik vəziyyət müşahidə olunurdu. Qeyd etməliyəm ki, bu məsələ bir qədər diqqətdən kənarda qalıb. Qiymətlər süni şəkildə qaldırılır. Başqa ölkələrlə müqayisədə Azərbaycanda bəzi dərmanların qiymətləri bir neçə dəfə bahadır",- deyə prezident qeyd etmişdi. Yalnız prezidentin tənqidindən və əmrindən sonra dərmanların qiyməti təxminən aşağı salınmışdı.

Qərarlar və dərman vasitələrinin siyahıları Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) "Şuranın Qərarları" və "Dərman vasitələri" bölmələrində yerləşdirilib.

Dərmanların qiymətləndirmədən əvvəl və sonrakı qiymətləri, adları ilə buradan tanış ola bilərsiniz.


Dərman preparatlarının qiymət tənzimlənməsindən əvvəl və sonra pərakəndə satış qiyməti