- Köhnə - Cəmiyyət
- 30 Oktyabr 2012 13:37
- 3 155
Sosial şəbəkələrdə iş bacarığının artırılması üçün layihə
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi tərəfindən dəstəklənən layihə çərçivəsində keçirilən təlimlərə 40 nəfər gənc cəlb edilib. Layihənin yekunu ilə bağlı Regional İnsan Hüquqları və Media Mərkəzinin sədri Xalid Kazımov bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.
X.Kazımov deyib ki, Qafqaz Media Tədqiqatları Mərkəzinin rəhbəri Anar Orucov iştirakçılara bloqqerlik fəaliyyəti, bloq yaratmaq, sosial şəbəkələrdə iş bacarıqları, yaradılan bloqların mütəmadi olaraq informasiyalarla zənginləşdirilməsi, bloqları məşhurlaşdırmaq və yaymaq, bloqun idarə olunması barədə məlumat verib. O, gənclərə sərbəst fikir bildirmək, sosial, iqtisadi və hüquqi problemləri işıqlandırmaq bacarıqlarının aşılandığını bildirib.
IREX-in hüquqşunası Ələsgər Məmmədlinin gənclərə jurnalsitikanın əsas şərtləri, ifadə azadlığının prinsipləri, mövzuların seçilməsi, oxucu maraqlarının gücləndirilməsi metodları, xəbərlərin hazırlanması haqqında məlumat verdiyini vurğulayan X.Kazımov deyib ki, təlim iştirakçılarına informasiya və məlumat əldə etmək hüquqları, informasiya əldə edilməsinin əsas prinsipləri, informasiya əldə edilməsinin təşkili, informasiyanın açıqlanması üsulunun seçilməsi haqqında da məlumat verilib.
Həmçinin, təlimdə iştirakçılara insan hüquqlarının qorunmasında mətbuatın imkanlarından yetərincə istifadə edilməsi yolları, informasiyanın və məlumatın əldə edilməsi üçün metodlar (sorğuların hazırlanması, müraciətlər və məhkəmlərə müraciət), internetin verdiyi imkanlar, sosial şəbəkələr və geniş informasiya yayımının təşkili məsələləri ilə bağlı nəzəri və təcrübi məlumatlar verilib.
Təşkilat sədri sonrakı mərhələdə Ağdam və Goranboy rayonlarında gənclər üçün keçirilən təlim iştirakçıları ilə görüş keçirildiyini də bildirib.
Təşkilatın Bərdə rayonunda yerləşən ofisində keçirilən görüşdə iştirakçılar təlimdən sonra yaratdıqları bloqların informasiya ilə zənginləşdirilməsi məsələsi ilə bağlı fikir mübadiləsi aparıblar. Vətəndaş jurnalistikası sahəsində rastlaşdıqları problemlərlə bağlı ekspertlərdən məsləhətlər alıblar. Sonda yaratdığı bloqu mütəmadi olaraq yeniləyən, fəal iştirakçılara sertifikatlar verilib.
Gültəkin Qəhrəmanlı
AzNews.az