Forum başladı

Bu gün Azərbaycan, o cümlədən internet sahəsində çox sürətlə inkişaf edir. Trend-in məlumatına görə, bu barədə Bakıda 7-ci İnternet İdarəçilik Forumunun (Internet Governance Forum-IGF) açılışında Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirini müavini Elmir Vəlizadə bildirib.

"Ölkəmizdə internetin yayılması çox sürətli dinamikliyə malikdir. Bu sahəyə investisiyalar ildən-ilə artır və internet infrastrukturunun inkişaf rəqəmlərinə baxdıqda Azərbaycanın regionda aparıcı yerlərdən birini tutduğunu qeyd etmək mümkündür. Bütün ölkə ərazisində internet xidmətlərinin qiyməti eynidir və internetdən hər kəs istifadə edə bilər", - Vəlizadə deyib.

Onun sözlərinə görə, buna ölkə sakinlərinin sayından çox olan əhalinin mobil telefonlarının sayı yaxşı nümunədir. Həmin telefonlardan internetə çıxış üçün də istifadə olunur. Vəlizadənin qeyd etdiyi kimi, Azərbaycanda internetin qiymətləri tədricən aşağı düşür, bununla yanaşı onun infrastrukturu sürətlə artır. "Vətəndaşlarımız 2011-ci ildən elektron imzalardan istifadə edə bilir ki, bu da elektron hökumətin inkişafı prosesini sürələndirir. Hazırda 40 Nazirlik elektron imzalarla fəaliyyət göstərir", - nazir müavini qeyd edib.

Vəlizadə bildirib ki, transmilli Avrasiya superinformasiya magistralı (TASIM) Azərbaycan üçün böyük imkanlar açır."Respublika gələcəkdə internetlə bağlı vəziyyətin yaxşılaşması üzərində çalışır. Bizdə internet tamamilə sərbəstdir, hər bir vətəndaş dünya şəbəkəsində fikir ifadə etməkdə azaddır və hökumətimiz gələcəkdə vəziyyətin daha da yaxşılaşmasına köklənib", - o qeyd edib.

AzNews.az