Anar İsgəndərli: “Hökumət daha fəal olarsa, biz bu məsələyə dünyanın diqqətini yönəldə bilərik” Anar İsgəndərli: “Hökumət daha fəal olarsa, biz bu məsələyə dünyanın diqqətini yönəldə bilərik”

“Azərbaycanda kifayət qədər kütləvi məzarlıqlar var”- MÜSAHİBƏ

Anar İsgəndərli: “Hökumət daha fəal olarsa, biz bu məsələyə dünyanın diqqətini yönəldə bilərik”



Bakı Dövlət Universiteti tarix fakültəsinin kafedra müdiri, tarix elmləri doktoru Anar İsgəndərlinin AzNews.az-a soyqırım hadisələri və onları sübut edən kütləvi məzarlıqlarla bağlı müsahibəsi:

-Bu məzarlıq 1918-ci ildə Amazaspın həyata keçirdiyi qırğınların tarixi faktıdır. 1918-20-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının sənədlərində birmənalı olaraq bu qırğınların törədildiyi faktlarla təsdiqini tapıb. 2007-ci ildə isə təsadüfən həmin soyqırım məzarlıqlarından biri açıldı. Dünyanın Ermənistanın işğalçı dövlət olması faktını təsdiqləmək ərəfəsində bu çox ciddi fakt idi.

-AMEA-na müraciət etməklə ermənilər nəyi əngəlləməyə çalışırlar?

-Ermənilər təkcə Azərbaycana müraciət etmir. Dünyanın bir çox sivil dövlətlərinə müraciət olunur ki, guya azərbaycanlılar ona böhtan atır. Guya ermənilər heç bir zaman Azərbaycan xalqına, türklərə qarşı düşmən münasibətində də olmayıb. Əslində guya, 1915-ci ildə ermənilər qırılıb, erməninin halına yanmaq lazımdır. Ermənilər özləri də bilirlər nə etdiklərini, bu məsələdə nə qazanıb, nə itirdiklərini yaxşı bilir. 20 il gözümüzün qarşısında olan siyasi manipulyasiya kampaniyası budur. Ancaq 1890-cı i1dən davam edən odur ki, ermənilər Daşnaksütyun partiyasının siyasətini həyata keçirir. Yəni Aralıq dənizindən Qara dənizə, oradan da Xəzər dənizinə qədər olan bütün türk xalqlarını məhv etmək, böyük erməni dövləti yaratmaq istəyir. Bununla guya eramızdan əvvəl mövcud olan erməni dövlətini bərpa etmək istəyirlər. Bu planın həyata keçirilməsi üçün Qərb dövlətlərindən kömək alır. Çünki bəzi qərb dövlətlərinin Osmanlıya münasibəti mənfidir. Ermənilər də bundan məharətlə istifadə edir.

-Quba məzarlığı 5 ildən artıqdır aşkarlanıb. Amma hələ də onun muzeyə çevrilməsi, məhv olmasını əngəlləmək üçün hansısa iş görülməyib...

-Bu, Azərbaycan ziyalısının üzərinə düşən məsuliyyət deyil, bu, Azərbaycan hökumətinin işidir. Bu mənada mən söz demək səlahiyyətində deyiləm. Mən də təəssüf edirəm. Yəqin ki, ermənilərin belə bir abidəsi olsaydı, bu gün bütün dünya onunla tanış olardı. Bir ziyalı kimi mən də çox istərdim ki, hökumət bu məsələdə daha fəal olsun və bu məsələni daha sürətlə həll etsin. Biz yalnız o zaman bu məsələyə dünyanın diqqətini yönəldə bilərik.

-Sizcə, Şimali Azərbaycanda daha nə qədər belə soyqırım məzarları tapmaq mümkündür?

- Şimali Azərbaycanda kifayət qədər kütləvi məzarlıqlar var. Quba, Şamaxı, Ağsu, Salyan, Xaçmaz, Göyçay, bir sözlə o zaman ermənilərin təsiri altında olan bütün Azərbaycan bölgələrində belə soyqırımlar törədilib. Bununla bağlı kifayət qədər sənədlərin olmasına baxmayaraq, biz bu gün onları kütləviləşdirə bilmiriksə, bu artıq bizim günahımızdır.

-Cənubi Azərbaycanın Urmiya ərazisində də belə məzarlıq aşkarlanıb...

-Bəli, bir neçə gün əvvəl Urmiya ətrafında kütləvi soyqırım məzarlığı aşkarlanıb. Bu gün də Urmiyada yaşlı insanların yaddaşlarında "Urmu bəlası" adlı tarixi faciə qalır. Bizim qəbul etmədiyimiz İran tarixçiləri hətta etiraf edirdilər ki, 1918-ci ildə ermənilərlə aysorlar (Cənubi Azərbaycanın-Urmiya, Xoy, Mərənddə ermənilər aysorlarla Şimali Azərbaycanın Şamaxı bölgəsində isə malakanlarla birləşmişdilər) minlərlə azərbaycanlıların həyatlarına son qoydular. O faciəni yaşayan şəhərlərdən biri də Urmiya olub. Görürsünüz, "Urmiya bəlası" ifadəsi bu gün də var. Bu gün Cənubi Azərbaycanda da təsadüf nəticəsində kütləvi soyqırım məzarlığı üzə çıxır. Bütün bunlar bir daha ermənilərin türklərə qarşı soyqırım həyata keçirdiyini ortaya qoyur.

-Axı Cənublu soydaşlarımızın verdiyi məlumata görə, Fransa rəsmilərinin İran məmurları ilə razılaşması nəticəsində həmin məzarlıq ictimailəşdirilməyib, qapadılıb...

-Çünki fransızlar də ermənilərin soyqırım proseslərində iştirakçıdırlar. Əgər insanlarımızı ermənilər qırırdısa, o qırğınları təşkil edənlər fransızlar idi. O dövrün İran mənbələrində 1918-20-ci illərdə ermənilərin türk müsəlman əhalisinə qarşı həyata keçirdikləri soyqırım hadisələri ilə bağlı kifayət qədər sənədlər var. Həmin sənədlərin ən əsaslısı Fövqəladə Tədqiqat Komissiyasının 5500 saylı sənədi və ona oxşar sənədlər İran Azərbaycanında törədilən kütləvi qətllərlə bağlı bu dövlətin arxivində olanlardır. Urmiya, Xoy, Mərənddə erməni, aysor və fransızların ermənilərin türk müsəlman əhalisinə qarşı həyata keçirdikləri soyqırımla sənədlər, şahid ifadələri var. Fransa özü bu gün Türkiyəni "erməni soyqırımı" törətməkdə ittiham edir. Təbii ki, Fransa da onun açılmasını istəməz. Mərakeş, Əlcəzairdə törətdikləri ilə yanaşı, İranda törətdikləri barədə də yeni bir sənəd ortaya çıxsın. Bu məlumdur, heç siyasətə də ehtiyac yoxdur, ortada tarixi fakt var.

-Sizcə, Azərbaycan hökuməti Cənubda aşkarlanan məzarlığın qapadılmasına biganəmi qalmalıydı?

-Bununla bağlı heç nə deyə bilmərəm. Amma bir ziyalı, dövrün mütəxəssisi kimi öz səsimi qaldıra, fikirlərimi deyə bilərəm. İran, Fransa nə edir və bunun müqabilində Azərbaycan nə edəcək, bu artıq mənim səlahiyyətimdə olan məsələ deyil. Cənubi Azərbaycanda ermənilərin qırdıqlarının 99 faizi azərbaycanlıdır. Urmiya Azərbaycan şəhəridir, orada, Xoy, Mərənddə qırılanlar da azərbaycanlılar olublar. Niyə biz bu məsələlərə biganə qalmalıyıq? Azərbaycanlı olmasa belə, kimsə günahsız öldürülürsə, onların səslərinə səs vermək bizim borcumuzdur. Çünki bizə qarşı soyqırım törədilsə də biz bu inadkar dünyanı inandıra bilmirik ki, biz kimisə öldürməmişik, bizi qırıblar, biz işğal etməmişik, işğala məruz qalmışıq, bir milyon qaçqın-köçkünümüz var. Bu gün biz dünyanın istənilən bir yerində maraqlarımıza cavab verən bir hadisə görürüksə, onu təbliğ etməliyik ki, haqq səsimiz eşidilsin.

Gültəkin Qəhrəmanlı
AzNews.az