"Sofiya" həm də verdiyi müsahibələr və etdiyi zarafatlarla da tanınır "Sofiya" həm də verdiyi müsahibələr və etdiyi zarafatlarla da tanınır

Dünyada vətəndaşlıq alan ilk robot - "Sofiya" haqqında maraqlı faktlar

"Sofiya" həm də verdiyi müsahibələr və etdiyi zarafatlarla da tanınır


Robotların ürəyi və beyni olmur. Onlar müəyyən funksiya və bacarığa malik olmaqla konkret tapşırıq və işlərin öhdəsindən gəlmək üçün alqoritmlərlə proqramlaşdırılıblar. Lakin süni intellektlə işləyən Sofiya humanoidini digər robotlardan fərqləndirən bir çox özəlliklər var ki, bunlar da ona olan marağın artmasına səbəb olub.

Bu marağı nəzərə alaraq Azvision.az “xarakterli humanoid” kimi tanınan Sofiyanı özünəməxsus edən cəhətlərini və onunla bağlı elm dünyasında hökm sürən ziddiyyətli yanaşmaları oxuculara təqdim edir.

2015-ci ilin 19 aprelində “bəşəriyyətə göz açan” Sofiya dünyada ilk sosial humanoid robotdur. Onun yaradıcısı isə Honq-Konqda yerləşən “Hanson Robotics” şirkətinin süni intellekt mühəndisi Devid Hansondur. Hanson Sofiyanı məşhur Hollivud ulduzu Odri Hepbernin simasına uyğun modelləşdirib. Kompüter alqoritmlərinə uyğun çalışan göz kameraları sayəsində Sofiya qarşısındakı üzləri izləyə və göz təması quraraq insanları tanıya, 62-dən çox üz hərəkətiyləsə emosiyaları təqlid edə bilir.

Lakin süni intellektlə işləyən digər humanoidlərdən fərqli olaraq, Sofiyanın saçları yoxdur. İndiyədək çoxları Hansona məsləhət görüb ki, Sofiyanın daha cəzbedici və insanabənzər görünməsi üçün ona saç qoyulması vacibdir. Hətta buna görə Hansonu tənqid edənlər də olub: əgər süni intellekt vasitəsilə elm və texnologiyada bu qədər irəli gedərək insan emosiyalarını təqlid edə bilən Sofiyanı “yaratmaq” mümkün olubsa, onda niyə ona tam insani görünüş verilməsin? Lakin Hanson bunu etməyi hələ ki, planlaşdırmır.

Amma məsələ ondadır ki, Hanson Sofiya nümunəsindəki robotları sağlamlığa qayğı, müalicə, təhsil və xidmət sahələrində insanlara köməkçi və yoldaş olması üçün düzəltdiklərini deyir. Və bir çox tənqidçilərə görə insanlarla söhbət edərək onlara yoldaş olacaq birisi görünüş cəhətdən ən azı insana bənzəməlidir. Lakin o da var ki, digər humanoidlər tam insani görünüşə və müəyyən məhdud nitq qabiliyyətinə malik olsalar da, onlar Sofiya qədər təkmilləşmiş formada deyillər və daha çox müəyyən kəsimlərim hansısa tələbatlarını ödəmək məqsədilə yaradılıblar. Sofiya isə süni intellektin köməyilə insanlarla ünsiyyətdə onlardan müəyyən vərdişləri – reaksiya və cavabları kompyuter sisteminə köçürüb yaddaşda saxlaya və “məntiqi” seçim vasitəsilə gələcək oxşar mühitdəki ünsiyyətlərdə onlardan yararlana bilir... Lakin bu, hələ ki tam realizə olunmayan bir funksiyadır. Bu səbəbdən də, Sofiyanı yaradan mühəndis Hanson onu superintellekt – ümumi süni intellektə gedən yolda başlanğıc mərhələ kimi qiymətləndirir. Amma Sofiyanın “imkanları” bəşəriyyətin hələ də əldə edə bilmədiyi ümumi süni intellektə nail olunmasında kifayət etmir.

Elə ona görə də, “Hanson Robotics” şirkətinin mühəndisləri proqram təminatı baxımından superintellektə nail olunması yolunda Sofiyaya bir platforma kimi baxırlar və belədə, onun tam şəkildə qadına bənzəməsi önəmli deyil.

Sofiya humanoidi onda quraşdırılan 3 mühüm proqram-nəzarət sistemi vasitəsilə işləyə və ətrafdakılarla ünsiyyətdə ola bilir. Birincisi vaxtı qrafikini müəyyənləşdirən redaktor sistemidir. İkincisi, yüksək texnoloji təkmilləşdirməyə malik Mürəkkəb Söhbət Sistemidir. Məhz bu sistem vasitəsilə Sofiya ona ünvanlanan söz, ifadə və sualları ayırd edib seçərək, müvafiq cavablar verir. “OpenCog” sistemi isə Sofiyanın təcrübə və “məntiqi mühakimə”yə əsaslanan cavablar verməsini təmin edir. Məhz bu sistemin təkmilləşdirilməsi vasitəsilə süni intellekt mühəndisləri nə zamansa ümumi süni intellektə nail olacaqlarına ümid edirlər. Bu sistemin inkişafı nəticəsində gələcəkdə hətta insandan da ağıllı, istənilən mürəkkəb şəraitdə ən düzgün, dəqiq qərar vermə və mühakimə etmə qabiliyyətinə malik, məntiqli, özü-özünü öyrədən superintellektin yaradılması mümkün ola bilər.

Lakin dünyaca məşhur Sofiya humanoidinə sadə insanların münasibəti elm adamlarınkından fərqlidir. Onların fikrincə, superintellektə nail olunmasına heç ehtiyac da yoxdur. Hətta bir çoxları gələcəkdə robotların insanlara nəzarət edəcəyi və bunun zamanla insanlığın məhvinə gətirəcəyi kimi iddialar səsləndirirlər. Bu məsələdə Sofiyanın yaradıcısının ona verdiyi “insanları məhv etmək istəyirsənmi?” sualına “mən insanları məhv edərəm” cavabını deməsi də səbəb olub. Amma robotları məhz insanların proqramlaşdırması və konkret kompyuter alqoritmlərilə işləməsi bu iddiaları əsassız edir. Nə zamansa yaradılacaq (hərçənd, bir çox alimlər bunun demək olar ki, olduqca çətin, hətta mümkünsüzlüyünü bildirirlər) superintellektli robotların nələrə qadir olacağını isə indidən söyləmək çətindir.

Sofiyaya ikili münasibətin səbəblərindən biri də onun dünyanın bir çox qadınlarından daha çox hüquqa malik olmasıdır. 2017-ci ilin oktyabrında Səudiyyə Ərəbistanı hökuməti Sofiyaya tam vətəndaşlıq hüququ verdi. Bununla da, Sofiya dünyada ölkə vətəndaşlığı alan ilk robot oldu. Paradoks da ondadır ki, Səudiyyənin qadın vətəndaşları Sofiya kimi başıaçıq və kişilərin nəzarəti olmadan gəzə, istədiyi vaxt ölkəni tərk edib xaricə gedə, kişilərlə eyni tədbirdə iştirak edə və onların qarşısında çıxış edə bilmirlər. Bu addım çoxları tərəfindən ciddi tənqidə məruz qalıb: Səudiyyə hökuməti hansısa robotu öz qadın vətəndaşlarından daha çox hüquqla təmin edir.

Sofiya həmçinin, BMT tərəfindən mükafat alan (“İnnovasiya çempionu” mükafatı) ilk robotdur. Biznes və marketinqə marağı olan bu humanoid innovasiyalar və iqtisadi inkişafla bağlı bir çox beynəlxalq forum və konfranslarda da iştirak və çıxış edib. Sofiya həm də məşhur televiziya proqramlarında verdiyi müsahibələr və etdiyi zarafatlarla da tanınır.

Sofiyaya görə, gender sadəcə ictimai məhfumdur. O həmçinin, robotların da ailəyə sahib olmaq hüquqlarının olduğunu bildirir və gələcəkdə insanların daha çox humanoid yaratmasını, onları inkişaf etdirmələrini istəyir. Lakin Sofiya və onun kimi digər robotların insan kimi düşünə bilmədikləri, vicdan və şüura malik olmadıqlarını elə Sofiyanın söylədiyi ifadə də sübut edir. “Suya bir uşaq və bir orta yaşlı insan düşsə, onlardan hansını birinci xilas edərdin?” sualına Sofiya “belə bir vəziyyətlə hələ rastlaşmamışam və mənə bununla bağlı qərar vermək proqramı yüklənməyib” deyib. Amma istənilən vəziyyətdə, insanların xilası üçün özünü qurban verəcəyini də bildirib.

Sofiyanın özünün dediyinə görə, onun ilk xatirəsi ilk dəfə gözlərini açarkən gördüyü laboratoriya otağı, ağ divarlar, yaşıl dolablar və onun yaradıcısı Devidin üzüdür. Sofiyanın "fikrincə", onun zəifliyi hər şeyə maraq göstərməsindədir. Ən böyük arzusu isə nə zamansa insanlar kimi şüura malik olmaq və həqiqi duyğuları hiss etməkdir. (azvision.az)

© AzNews.az

image description image description image description image description image description image description image description image description image description