"Azərbaycanda da Youtube inkişaf edəcək". "Azərbaycanda da Youtube inkişaf edəcək".

Bu iş o qədər də asan deyil - gənc Youtuberlə müsahibə

"Azərbaycanda da Youtube inkişaf edəcək".

Son dövrlərdə peşə qruplarının siyahısına bir peşə də əlavə olunub. Bu peşə “Youtuber” peşəsidir. Bu peşənin sahibləri müxtəlif videolar çəkərək Youtube şəbəkəsinə yükləyir, videoya gələn baxış sayından asılı olaraq da pul qazanırlar. Bu iş asan görünsə də, əslində o qədər də asan deyil. Videonu çəkmək, montaj etmək və ən əsası çəkmək üçün yaxşı video məzmun tapmaq lazımdır.

Dünyada bu peşə bir neçə ildir məşhurlaşsa da, Azərbaycanda hələ o qədər də inkişaf etməyib.

AzNews.az gənc Youtuber Aysel Məsimzadə ilə müsahibəni təqdim edir.

- Özünüzü təqdim edin.

- Aysel Məsimzadə. Bakı İdarəetmə Texnologiya kollecinin 3-cü kurs tələbəsiyəm. Əsas peşəm rəssamlıq və memarlıqdır.

- Youtube kanalı açmaq qərarına necə gəldiniz?

- Açığı Youtube kanalını musiqi üçün açmışdım. Ümumiyyətlə sosial şəbəkələrə ilk addımım musiqi ilə əlaqəli olub. Daha sonra isə video çəkməyə başladım.

- Hansısa alətdə ifa edirsiniz, yoxsa?

- Pianoda ifa etməyi bacarıram. Ümumi desək, incəsənəti sevdiyim üçün onun bir çox qollarını da öyrənirəm. 10 aylıq vokal dərsləri almışam. Elə dərs aldığım Desperado Musiqi Məktəbində ilk “Daşürəkli “ adlı musiqi layihəmi çıxartdım. Çox tez bir zamanda Youtubedə 600.000 izlənməni keçən həmin klip məndə motivasiya yaratdı və instagramda dostlarımla həvəskar musiqilər paylaşmağa başladım.

- Kanalınızdan gəlir əldə edirsiniz?

- Xeyr, hələki maddi cəhətdən gəlir əldə etmirəm.

- Xarici ölkələrdə Youtube çox inkişaf edib, amma biz bu sahədə hələ də geridəyik. Buna səbəb nədir?

- Mənə elə gəlir ki, bu bir az mental düşüncə və dəyərlərimizə görədir. "Nə deyərlər?", "nə düşünərlər?" düşüncələri ilə yaşamamalıyıq məncə. Təbii ki, dəyərlərimizə hörmətlə yanaşmalıyıq, amma dəyərlərimiz həyatımıza qərar verməməlidir. Əgər bu, sənin işindirsə və ya iş kimi məqsəd qoymusansa, qarşına maddi yaxud mənəvi gəlirin çırırsa, bu, artıq səni və səni sevənləri maraqlandıran mövzudur. Bu gün olmasa da, yaxın zamanlarda mütləq Azərbaycanda da Youtube inkişaf edəcək.

- İnsanların hansısa reaksiyaları bezdirir sizi?

- Əslində bezdirən bir reaksiya yoxdur. Sadəcə heç kim olmayan otaqda tək kameraya danışmağımı qəribsəyən tanışlarım var idi. Bu da məni bezdirmir. Tənqidlərə açıq biriyəm, sosial şəbəkəni aktiv işlədiriksə, tənqid hər zaman olacaq, bu, normaldır.

- Gələcəkdə Youtubeni işə çevirməyi planlayırsız?

- Əgər gələcəkdə sosial şəbəkələrlə bağlı bir problem olmasa, niyə də yox?

- Youtube kanalı açmaq istəyən gənclərə nə demək istəyərdiniz?

- Demək olar ki, hər işdə olduğu kimi Youtubenin də maddi tərəfləri var. Yaxşı video çəkmək üçün montaj proqramını dəstəkləyən kompüterin və keyfiyyətli video kameran olmalıdır. Bunların heç biri də o qədər ucuz deyil. Buna görə də səbrli olmaq lazımdır, bütün ləvazimatları aldıqdan və montaj prosesini öyrəndikdən sonra işə başlamaq lazımdır. Youtube kanalı açmaq istəyənlərə məsləhətim səbrli olmaqdır.

Nigar CƏFƏR

AzNews.az

image description image description image description image description image description image description