"Tanrıların arvadları" məbədə gəldikdən sonra ritual keçirilir "Tanrıların arvadları" məbədə gəldikdən sonra ritual keçirilir

Bu ölkədə gənc qızları məbəddə zorlayırlar – Səbəbini rus jurnalist araşdırıb

"Tanrıların arvadları" məbədə gəldikdən sonra ritual keçirilir

Öz qızını Tanrıya və ya kahinə qurban vermək adəti qədim dövrlərdə tamamilə anlaşılandır. Ancaq bu gün də Afrikada "trokosi" adəti var: ailələr kiçik və heç nədən şübhələnməyən qızları ata-babalarının günahlarının yuyulması üçün xidmətə verirlər. Nəticədə onlar qul olurlar: qızlar kultun xidmətçilərinin bütün arzularını, o cümlədən seksual istəklərini yerinə yetirməyə məcburdurlar. Bəziləri yalnız bir neçə ilini məbədlərdə keçirirlər, digərləri isə bütün həyatlarını orada qalırlar.

AzNews.az lenta.ru-ya istinadən xəbər verir ki, rusiyalı jurnalist Yekaterina Pervışeva arxaik inancların gənc afrikalı qızların həyatını necə pozduğu haqda geniş material hazırlayıb.

“Qana Qərbi Afrikanın ən uğurla inkişaf edən dövlətlərindən biridir. Təxminən 30 milyon insanın yaşadığı ölkədə əhalinin dörddə üçü xristian, təqribən 17 faizi müsəlman, beş faizi isə yerli ənənəvi dinlərə və inanclara əməl edir. Sonuncular arasında "trokosi" adətini tətbiq edən insanları tapa bilərsiniz.

Qananın cənub-şərq, Toqo və Beninin isə cənub rayonlarında mövcud olan ənənə öz kökləri ilə keçmişə gedir və Eve xalqının inancları ilə qidalanır. Sistem, əslində, özünə güvənməyə əsaslanır: Tanrılar ədalətsiz həyat tərzi keçirən insanlardan intiqam almağa hazırdırlar.

Buna əmin olan insanlar məbədlərə gəlirlər və yüksək səlahiyyətlilərdən bədxahları cəzalandırmaq istəyirlər. Məlum olur ki, uğursuzluqlar qohumların günahlarından ötrü ailəyə baş çəkib. Günahlardan xilas olmaq üçün isə Tanrılara qız göndərməlidirlər.

Görünməyən tərəf

"Trokosi" sözü iki hissədən ibarətdir. Eve dilində “tro” Tanrı və ya müqəddəs deməkdir və “kosi"nin mənası isə həyat yoldaşı, kraliça və ya quldur. Ümumiyyətlə, adı "Tanrıların arvadları" kimi şərh edilir, baxmayaraq ki, "qul qız" əslində, daha uyğun gəlir.

Ənənəyə görə, ailə məbədə gənc bakirə qızı verir: Bəzi qızlar altı yaşından xidmətə başlayırlar. Ancaq bəzən qohumlar yaşlı qızları və öz uşaqları olan qadınları da məbədlərə göndərirlər.

Kim məhz onların günahlarının üstünü ört-basdır edəcək? Bunun ailənin ağsaqqalları həll edir. İstədikləri adamı seçmək hüququna malikdirlər. Nəticədə, “canlı qurban”lar məbəddə xidmət etməli və qohumlarını Tanrıların qəzəbindən müdafiə etməlidirlər.

Qızların məbəddə səhvləri üçün icma həmişə pul ödəməlidir. Qurbanlardan kimsə ölərsə və yaxud qaçarsa, yenisi ilə əvəz edilməlidir.

"Tanrıların arvadları" məbədə gəldikdən sonra ritual keçirilir. Onların bütün bəzəklərini götürürlər, soyundururlar və yerə uzanmağa məcbur edirlər. Beləliklə, gənc qullar itaət etməyə hazır olduqlarını göstərirlər. Mərasimdən sonra onlar tam dəyərli qullara çevrilirlər, və geyinmək üçün onlara adətən sarılmaq üçün sadə parça verilir. Bu andan etibarən onlar məbəddə və ya kahinlərin şəxsi təsərrüfatlarında işləməyə başlayırlar. Qızlar aclıq, məhrumiyyətlər və yoxsulluq içində yaşayırlar, daim sahibinin diqqəti üçün bir-biri ilə mübarizə aparırlar.

Qız cinsi yetkinlik yaşına çatdıqda, dini xidmətçi onunla yatır. Onların fikrincə, bir bakirə ilə cinsi əlaqəyə girmək ritualın bərkidilməsi üçün zəruridir. Və ondan imtina edilə bilməz, çünki ruhani lider Tanrıların adından danışır. Nəticədə, kahinlər, məbəd ağsaqqalları və hətta tərbiyəçilərin qohumları istədikləri vaxt məcburən qızlarla əlaqədə olurlar.

“Trokosi" zamanı bir qızdan orta hesabla dörd-beş uşaq dünyaya gəlir. Anadan olanlar adətən məbədlərdə yaşayırlar, çünki bu uşaqlar "onlara məxsusdur". Və nəticədə yeni doğulanlar da qul olurlar. Beləliklə, "trokosi" sistemində məcburi çalışan qızların sayı xarici müdaxilə olmadan, sadəcə olaraq, azala bilməz.

Məbədlərdən hansısa yollarla çölə çıxan qızların hekayələrinə görə şərait həqiqətən dəhşətlidir. Enionam Tordzonu bura 18 yaşında olanda qohumlarını gətirib. Ona deyiblər ki, ailənin günahını yumaq üçün burdadır. Zavallı qız isə kiçik qardaş və bacılarının sağ qalmaları üçün məbəddən qaça bilməyib.

"Bizim günümüz səhər saat dörddə başlayırdı: biz su gətirirdik, həyəti süpürürdük və sonra gün batanadək torpaqda işləyirdik. Həmişə yemək istəyirdik, ancaq bizə yemək vermirdilər", - deyə Enionam bildirib.

Onun sözlərinə görə, ruhani lider qulları döyürdü:

“Onlar isə liderin sözündən çıxmırdılar. Əsirlikdə 10 ildən çox ömür sürdüm və kahinlərdən altı uşaq dünyaya gətirdim”.

Tordzo və digər “trokosi”ləri fəallar uzun-uzadı danışıqlardan azad ediblər. Ancaq bir qadın evə qayıtdıqda, ailəsi onu rədd edib: ata qızının məbədə qayıtması lazım olduğunu söyləyib. "O, lənətin qayıdacağından qorxdu, elə indiyə qədər də qorxur", - deyə köhnə qul qeyd edib. O, əlavə edib ki, insanlar "trokosi" ilə ünsiyyət qurmaqdan və hətta onlara yaxınlaşmaqdan qorxurlar.

Bənzər bir hekayə, doqquz yaşında məbədə göndərilən Mersi Senae tərəfindən danışılıb. Onun sözlərinə görə, hər axşam ev sahibi "trokosi"nin yanına gələrək, lap gənc olsa da özü ilə aparırdı. Bu zaman hamı bilirdi ki, geri qayıtmaq mümkün olmayacaq. "Arvadlar" itaətsizlik etdikləri halda döyülürdülər. "Ümidimiz yox idi. Biz bilirdik ki, orada əbədi qalacağıq", - deyə o bildirib.

Dünyada ən məşhur olan "trokosi" Bridjit Sossa Perenyidir. 1997-ci ildə dünya bu hadisədən xəbər tutub: qız CNN-in xüsusi müxbiri Kristian Amanpurun reportajında nümayiş etdirilib. Kahin o zaman Bridjitin məbəddə işlədiyini, qohumu tərəfindən bura gətirildiyini jurnalistə danışıb.

Perenyi Toqoda dünyaya gəlib, 7 yaşında o, Qanadakı məbədə doğma əmisi tərəfindən gətirilib. Niyə başqa bir ölkəyə gətirildiyini və dilini bilmədiyi insanlar arasında yerləşdirildiyini isə söyləməyib.

CNN-nin reportajından sonra amerikalı Kennet Perenyi bura gəlib, qızın azad edilməsi barədə razılığa gəlib və onu övladlığa götürərək ABŞ-a aparıb. Bridjit əsarət altında cəmi bir il qalıb.

Uzun illərdən sonra o, qan qohumlarını tapıb və öyrənib ki, əmisi onu ailədən aldatma yolu ilə aparıb və qızın atasına deyib ki, ona ev köməkçisi lazımdır.

Qızın axtarışına başlananda əmisi əsir qızın əsl taleyi haqqında heç nə deməyib. Bridjit hesab edir ki, onun bəxti gətirib: o, cinsi yetkinlik yaşına çatmamışdan xeyli əvvəl azadlığa buraxılıb.

İstədilər yaxşı olsun, ancaq pis alındı

1998-ci ildə Perenyinin tarixi ilə bağlı beynəlxalq qalmaqaldan sonra Qana hökuməti "trokosi" təcrübəsini qadağan edən qanun qəbul edib. O zamandan bəri, insanı adi və ya ritual köləliyə ötürən və ya qəbul edən, həmçinin ona kömək edən hər hansı bir şəxs üç ildən az olmayan həbs cəzası ilə üz-üzə qalır.

Kriminal həyat vəziyyəti xeyli yaxşılaşdırıb: iki on il ərzində əsirlikdən minlərlə qadın azad edilib. Bundan əlavə, əgər əvvəllər qızlar bütün həyatları boyu məbədlərdə qalırdılarsa, indi ağsaqqallar və kahinlər bir neçə ildən sonra qullarını buraxmağa razılaşırlar.

Onlara həmçinin məktəbə getməyə və ya məbədlərin ərazilərindən kənarda yaşamağa icazə verirlər, lakin cəmiyyətdə onları qəbul etmirlər və ilk çağırışla hələ də ustalarının yanına geri qayıdırlar.

Buna baxmayaraq, ənənə canlıdır. Bir çox qurbanlar azad edilib, lakin onların oğurlanması üçün heç kim məsuliyyət daşımır. Hətta polisə müraciət etdikdə belə, araşdırmalar uzadılır. Məsələn, “trokosi”dən olan bir qız hüquqlarının pozulduğunu öyrənib və bu haqda asayiş keşikçilərinə məlumat verib. Ancaq onun valideynləri dindirilməyə belə getməyiblər, nəticəsə iş məhkəməyə çatmayıb.

Bu iki səbəbdən baş verir. Birincisi, ənənəçilər, əsasən kişilər qəti inanırlar ki," trokosi”lər Eve xalqının mədəni irsinə daxildir və qorunub saxlanılmalıdır. Ağsaqqallar da baş verənlərin Afrika mədəniyyətinə qarşı bir kampaniya olduğunu iddia edirlər və bildirirlər ki, hökumət xalqın adət-ənənələrinə müdaxilə etməməlidir.

Məsələn, kahin Torqbi Venanya bildirir ki, insanlar sadəcə sistemi düzgün qəbul etmirlər. "Onlar kölə kimi görünürlər, amma əslində bu xeyirdir, çünki məbədə gələn qız ailəni zərərdən qoruyur", — deyə o hesab edir.

Kişi təkid edir: hüquq müdafiəçilərinin müdaxiləsindən sonra buraxılan 200 "trokosi" daha çox kraliçalar idilər, qullar deyildilər. Ancaq bu fikirlərlə Enionam qətiyyən razı deyil:

"Mən kraliça olmamışam. Hökumətə boynuma şnurla sarıldığını göstərən şəkil göndərmək istərdim".

İkinci səbəb yerli əhalinin, o cümlədən polislərin əksəriyyətinin bayağı qorxusudur. "Trokosi" icmalarının praktikantları öz Tanrıların gücünə möhkəm inanırlar. Buna görə də insanlar kahinlərə qarşı durmaqdan qorxurlar, lənətlənmək istəmirlər.

İndiyə qədər qurbanın dəyişdirilməsi üçün ən yaxşı strategiya işləyir: qızlar əvəzinə kahinlər inək, pul və ya qiymətli əşyalar götürməyə razıdırlar. Heyvanlar ən yaxşı seçim hesab olunur: Bu isə məbədə gəlir əldə etməyə və zərərdə qalmamağa imkan verir. Qızlara ilkin təhsil və ya peşə hazırlığı verilir ki, bu da onların özlərini və uşaqlarını təmin etməyə kömək edir.

"Trokosi" kimi təcrübə müxtəlif bölgələrdə bu adlarla mövcuddur: "vudusi", "vadonsi", "fiaşidi", "yevesi" və bir çox başqaları. Ancaq hamısının mahiyyəti eynidir: qızların qəyyumlara verilməsi. Yoxsul ailələrdən olan valideynlər uşaqları daha zəngin insanlara verirlər, ümid edirlər ki, onların daha yaxşı gələcəyi olacaq, hətta təhsil belə alacaqlar.

Qızlar nəticədə ən müxtəlif vəzifələri yerinə yetirirlər: adi xidmətçi işləyirlər, tez-tez də fiziki və cinsi zorakılığın qurbanı olurlar.

Hüquq müdafiə təşkilatlarının qiymətləndirməsinə görə, təkcə Qanada bu günə qədər 4 mindən 6 minə qədər qadın və qız köləlikdədir. Lakin zaman dəyişir və tərəqqi tədricən ən ucqar guşələrə çatır. Hətta məbədlərdə belə başa düşməyə başlayırlar ki, qızların əcdadlarının günahlarını yumaq fikri kökündən yanlışdır.

Torqbi Abiaunun sözlərinə görə, Volta bölgəsində yerləşən Aviva məbədinin kahini deyirmiş ki, əvvəllər insanlar "trokosi”lərin kiminsə hüquqlarını pozduğunu düşünmürdülər.

"Biz eşitməmişik ki, qadınlara kişilər kimi eyni hüquq verilib (...). İndi isə məktəbimiz var və yeni nəsil bir şey öyrənir, dünya haqqında oxuyur və başqa yerlərdə nə baş verdiyini bilir. Düşünmürəm ki, onlar burada qalmaq istəyəcəklər", - deyə o bildirir.

Babək Göyüş

AzNews.az