- Maraq dairəsi
- 2 Sentyabr 2022 16:19
- 9 450
İtaliyalı siyasətçilər seçki kampaniyası üçün TikTok"a keçib
Berluskoni ilə eyni gündə "TikTok"a daxil olan digər siyasətçi keçmiş baş nazirlərdən Matteo Renzi olub
İtaliyada sentyabrın 25-də keçiriləcək ümumi seçkilərdən əvvəl qocalmış siyasətçilər bir-bir "TikTok"da hesablar açmağa başlayıblar.
AzNews.az xəbər verir ki, gənc seçicilərə müraciət üçün "TikTok"a daxil olan siyasi liderlər arasında 85 yaşlı keçmiş baş nazir Silvio Berluskoni də var.
Ənənəvi media kanalları ilə yanaşı sosial mediada da aktiv olan Berluskoni dünən "TikTok"da ilk paylaşımını edib.
Keçmiş baş nazir zarafat və lətifələrlə zəngin videoda məqsədini açıq şəkildə ifadə edib: “Siz bu platformada 5 milyon insansınız və 60 faizinizin yaşı 30-dan aşağıdır”, - deyə eks-nazir gənclərdən səs istəyib.
Berluskoni bu platformada partiyası, özü və gəncləri üçün ən vacib mövzulardan söhbət açacağını bildirib.
Berluskoni ilə eyni gündə "TikTok"a daxil olan digər siyasətçi keçmiş baş nazirlərdən Matteo Renzi olub. Mərkəzdəki Yaşayan İtaliya Partiyasının lideri Renzi videoda gənc seçicilərə özünü ironik şəkildə təqdim edərək, ölkənin ən gənc baş naziri olduğu və dünyanın ən gözəl şəhəri Florensiyada bələdiyyə sədrliyi etdiyini bildirib.
Populist 5 Ulduz Hərəkatının lideri Cüzeppe Konte, ifrat sağçı Liqa lideri Matteo Salvini, ölkənin ilk qadın baş naziri olacağı ehtimal edilən İtaliyanın Qardaşlıq Partiyasının lideri Giorgia Meloni və mərkəzçi Fəaliyyət Partiyasından Karlo Kalenda da sosial media hesablarına "TikTok"u da əlavə edən siyasətçilər sırasındadırlar.