“Amma onu da bilirik ki, bu nəticəsizlik konkret qısa dönəmi deyil, 26 ili əhatə edir” “Amma onu da bilirik ki, bu nəticəsizlik konkret qısa dönəmi deyil, 26 ili əhatə edir”

Sabiq Minsk Qrupu həmsədrinin sensasiyalı Qarabağ açıqlaması

“Amma onu da bilirik ki, bu nəticəsizlik konkret qısa dönəmi deyil, 26 ili əhatə edir”

ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri Ceyms Uorlik hesab edir ki, Birləşmiş Ştatların indiki administrasiyasını Dağlıq Qarabağ münaqişəsi maraqlandırmır. Keçmiş diplomat bu barədə Amerikanın “Atlantic Council” analitik mərkəzi tərəfindən təşkil edilmiş “Dondurulmuş münaqişələr və Kremlin gündəmi” mövzusunda müzakirələrdəki çıxışı zamanı deyib.

Uorlik bildirib ki, o, Tramp administrasiyasının Qarabağ məsələsi ilə maraqlandığına dair hər hansı əlamət görmür: “Moskvanın etimadın möhkəmləndirilməsinə yönəlmiş tədbirləri dəstəkləmək marağı var. ABŞ bunda iştirak etməlidir. Sonuncu administrasiya (Obama administrasiyası) bu prosesi başladı, amma mən indiki administrasiyanın Dağlıq Qarabağla maraqlandığına dair hər hansı sübut görmürəm”.

Onun fikrincə ABŞ-ın Minsk Qrupundakı indiki həmsədrinin ən azından səfir ranqı olması vacibdir. Ceyms Uorlik qeyd edib ki, ABŞ, Fransa və Rusiya hazırda Qarabağ məsələsində insanlar arasında təmaslara və etimadın möhkəmləndirilməsinə diqqət yetirməlidirlər.

Bəs münaqişə zonasında Rusiya sülhməramlılarının yerləşdirilməsinə ABŞ-ıın mövqeyi necə olacaq? Ceyms Uorlik müzakirə iştirakçılarından birinin bu barədə sualına cavab verərək deyib ki, həmsədr ölkələr arasında heç bir sənəddə əksini tapmayan centlmen razılaşması var. Bu razılaşmaya əsasən, Minsk Qrupu razılaşır ki, həmsədr ölkələrin və ya qonşu ölkələrin qüvvələri sülhməramlı missiyada iştirak etməyəcəklər.

Keçmiş həmsədr hesab edir ki, Qarabağda münaqişə alovlansa, Rusiya onu təkbaşına həll etmək imkanında olmayacaq. Onun fikrincə, digər münaqişələrdən fərqli olaraq, Rusiya və ABŞ-ın Qarabağda ümumi maraqları var: qeyri-stabil situasiya və hərbi əməliyyatlar onların heç birinin maraqlarına uyğun deyil.

Göründüyü kimi, ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri Ceyms Uorlik xüsusi olaraq, açıq mətnlə vurğulayır ki, Birləşmiş Ştatların indiki administrasiyasını Dağlıq Qarabağ münaqişəsi maraqlandırmır. Kifayət qədər ciddi ittiham sayıla biləcək bu açıqlamadan hansı nəticəni çıxarmaq olar?

Politoloq Vüqar Qədirov qəzetimizə bildirdi ki, əslində, Uorlik maraqlı yanaşma ortaya qoyub: “Bilirsiniz ki, ATƏT-in Minsk Qrupuna bu münaqişənin nizama salınması üçün xüsusi mandat verilib. Bu təsisat qısa müddətdə yaradılmayıb ki, biz Uorlikin açıqlamasını mütləq həqiqət kimi qəbul edib sevinək. Yaxşı olardı ki, elə həmin bu Uorlik özünün həmsədrliyi dönəmində Minsk Qrupunun hansı uğura imza atdığını ortaya qoysun. Bir anlıq qəbul edək ki, indiki ABŞ rəhbərliyi, Uorlikin dediyi kimi, problemlə ciddi maraqlanmır. Təbii ki, Uorlik özünün həmsədr olduğu dönəmdə ABŞ-ın fərqli mövqedə olduğunu ortaya qoymaq istəyir. Onda sual yaranır: nəticə hanı? Mən Uorlikin bu açıqlamasında daha çox ABŞ-ın maraqlarının münaqişə ilə bağlı zəifləməsindən narahatlıq ifadəsini sezdim. Hiss edilir ki, bu məqam onu Dağlıq Qarabağ probleminin həllinin uzanmasından daha çox narahat edir. Aydındır ki, bu narahatlıq Rusiyanın bölgədəki aktivliyindən irəli gəlir. Uorlik açıq şəkildə ifadə edir ki, hər iki ölkənin bu məsələdə marağı var və münaqişənin alovlanması həmin maraqlara uyğun deyil. Dağlıq Qarabağ münaqişəsinə bir maraq predmeti kimi baxıldığı aydın görünür. Təbii ki, biz də Minsk Qrupunun fəaliyyətsizliyinə səbəb olan tənqidləri alqışlayırıq. Amma onu da bilirik ki, bu nəticəsizlik konkret qısa dönəmi deyil, 26 ili əhatə edir. Uorlikin özü bu mandatda uzun müddət təmsil olunduğu üçün bu suallar və məsuliyyətdən onun özünə də pay düşür”. (baki-xeber.com)

© AzNews.az