- Qayıdış
- 9 Dekabr 2018 23:05
- 2 243
Paşinyana biçilən "Buratino ömrü" və ya ilk sillənin qulaq batıran səsi... - Elşən Musayev
"Paşinyana indiki durumda heç Kim Kardaşyan da həsəd aparmaz".
Ermənistanda seçki başa çatdı. Tarixdə hələ belə rüsvayçılıq olmayıb: de-fakto 17 faiz aktivlik! Rəsmən 37 deyirlər, amma bütün “exit poll”ların gəldiyi yekun qənaət budur: “17-18 arası…”
Rusiya seyrcidir, Qərbdən açıq dəstək yoxdur, böyük “qardaş” Fransanın isə başı qarışıb özünə. Avropa komissarları da güman ki, nəticəni seçkiyə görə deyil, yaxın zaman aralığında yeyib-içmə luksuna və digər komfortlara nəzərən verəcəklər. Elə hər mənada. Həm siyasi, həm də məişət fakturası üzərindən. Əksəriyyəti zatən demokratiyanın deyil, demokratik olmamağın kriteriyalarını qoruyurlar, beynəlxalq hüququn səsini sonuncu dəfə beşikdə seyr eşidiblər, üstəlik gördüklərini deyil, görmək istədiklərini yazırlar - əyri xətt və ərəb əlifbası üzərindən arxadan önə həkk etdikləri yarım-qovluqlarına, cib dəftərçələrinə.
Hazırki İrəvan 1994-cü ilin Vaşinqtonunu xatırladır. O zaman rəy sorğuları zamanı məlum olmuşdu ki, əhalinin 70 faizi ölkədə futbol üzrə dünya çempionatının keçirilməsindən xəbərsizdir. Bu gün İrəvanda aparılmış monitorinq də bənzər mənzərəni özündə ehtiva edir: Camaatın, əsas da yaşlı kütlənin əksəriyyəti ya ölkədə Prezident seçkilərinin keçirildiyini sanıb, ya da ümumən mövzuya “fransız” qalıb.
Köçəryanın komandası hazır vəziyyətdə nəticələri gözləyir. Ki, dərhal mitinqlər başlasın. Suyu süzülən Sarkisyan isə ilk dəfə məcburən, hətta məhkumən Köçaryana separat-siyasi dəstək verir – maraqlar toqquşduğu üçün. Amma ən böyük ehtimal edilən təhlükə cəbhə bölgəsindədir. Keçmiş Prezidentin lokalizəsi də çox güman, bu səbəbdəndir. Qərb kəşfiyyatı gizli şifrələrlə seçkidən dərhal sonra cəbhədəki komandirlərin öz əsgərləri tərəfindən vurulacağı haqda informasiya sızdırıb. Bəlli (məlum) kuluarlara. 2 gün öncə. Amma ola bilər ki, istiqamət məqsədli şəkildə, üstəgəl dezo formasında bəlli səmtə yönəldilsin, əsl qarşıdurmanın episentri isə həlledici məqama qədər məchul saxlanılsın.
Son anda mediaya ötürülən daha bir nüans – onu da “exit poll” deyir: Real 17 faiz seçicinin yarıdan çoxu səsvermədə “heç bir namizəd” bölməsini nişanlayıb. Bu da faktiki olaraq erməni xalqının seçkini baykot etdiyini təsdiqləyir.
Artıq mitinqlərin bölgələrdən üzü İrəvana doğru başlaması, irəliləməsi xəbəri yayılıb. Seçkiyə gəlməyənlərin seçkidən sonrakı mərhələdə aktiv iştirakı təbii ki qaçılmaz idi və Paşinyanı deyəsən bumeranq lap tez haqladı. Adam elə bilirdi saqqalından 1-2 ilmə yandırıb, üfürüb, hədəfə çatacaq. Oysa, nə “ağlını” hesabladı, nə ixtiyari fors-majorları, nə Rusiyanı, nə də heç nəyi…
Ermənistanda aranı qatmaq və ya Paşinyanın 3 gün əvvəl dediyi “kənar təsirləri” kuliminasion icra mərhələsinə çatdırmaq üçün tarix boyu heç vaxt hansısa siyasi liderin və ya şəxsin qətlindən, qanlı qarşudurmalardan savayı alternativ olmayıb. Parlament terroru daxil. Münbit şərait isə yenə yetişib. Əgər düymə basılsa, basılıbsa, Paşinyana indiki durumda heç Kim Kardaşyan da həsəd aparmaz.
Ayrıca, bilmək olmaz, bəlkə elə Koçaryanın həbsinin də faktiki səbəbi islah deyil – onu qorumaq cəhdidir. Onu və özünü. Paşinyan açısından.
Bir o dəqiqdir ki, hakimiyyətə gəlməyin məntiqi olmayanda, daha sonra baş verəcəklərin də hekayəsi nizamsız olur.
Əvvəldən axıra, son nöqtəyə qədər güdməlisən ki, nəticəyə varasan.
Elşən Musayev, millət vəkili
AzNews.az