"Əvvəlcə Köçəryana ermənilər özləri cəza versinlər, ardınca da biz bu məsələni gündəmə gətirərik” "Əvvəlcə Köçəryana ermənilər özləri cəza versinlər, ardınca da biz bu məsələni gündəmə gətirərik”

Robert Köçəryan hərbi tribunala verilməlidir - Xocalıya görə

"Əvvəlcə Köçəryana ermənilər özləri cəza versinlər, ardınca da biz bu məsələni gündəmə gətirərik”

Azərbaycanlılara qarşı törədilən soyqırımda, qırğınlarda əli olan Ermənistanın keçmiş prezidenti Robert Köçəryan hazırda çətin durumdadır. Onu Ermənistan Apelyasiya Məhkəməsi 2008-ci ilin mart hadisələrində Konstitusiya rejimini devirməkdə ittiham edir. Hazırda Köçəryan həbsdə saxlanılır. Onun nə zamana qədər dəmir barmaqlıqlar arxasında qalacağı isə məlum deyil.

Yuxarıda da qeyd etdiyimiz kimi, Köçəryan başda olmaqla, Ermənistan hakimiyyətində təmsil olunan digər şəxslər Azərbaycana qarşı saysız cinayət əməli törədiblər. Onlardan biri Xocalı soyqırımıdır ki, illərdir biz bu hadisəni törədən cəlladları Beynəlxalq Tribunala (Haaqa Məhkəməsi) çıxara bilmirik.

Köçəryanın azərbaycanlılara qarşı cəlladlıqları ilə bağlı foto, video görüntülər də var. Bu görüntülər ən böyük faktlardır ki, o, hərbi tribunala çıxarılsın. Məsələ Azərbaycan mətbuatında dəfələrlə gündəmə gətirilsə də, bəzi qüvvələrin yardımı nəticəsində Ermənistanın keçmiş hakimiyyəti Hərbi Tribunaldan yayına bilib. Bu ilin iyul ayında Xarici İşlər Nazirliyinin ozamankı mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirmişdi ki, Ermənistan tərəfindən Azərbaycana qarşı çoxsaylı hərbi cinayətlər törədilməsinə baxmayaraq, hələ də BMT Təhlükəsizlik Şurası hərbi tribunalların təşkili barədə qətnamələr qəbul etməyib. O bildirmişdi ki, məsələnin hüquqi müstəvidə hərbi tribunal səviyyəsinə çıxarılmasına mane olan amillərdən biri də budur: “Azərbaycan məsələ ilə bağlı müxtəlif səviyyələrdə məsləhətləşmələr aparıb. Bu cür qətnamələr qəbul edilməlidir ki, xüsusi hallarda nəzərdə tutulan tribunallar təşkil edilsin. Ermənistan beynəlxalq məhkəmələrin yurisdiksiyasını qəbul etmir”.

Prosedura görə, Azərbaycan Robert Köçəryanı məhkəməyə vermənin bir neçə yolu var. Yollardan biri budur ki, həm Azərbaycan, həm də Ermənistan Roma Statutunun üzvü olmalıdır. İkincisi isə Azərbaycan tərəfindən BMT qarşısında məsələ qaldırılmalıdır ki, BMT Təhlükəsizlik Şurası müvafiq qətnamə qəbul etsin. Bu da realdır ki, indiyə qədər Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş torpaqlarının azad edilməsi ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. Lakin Ermənistan tərəfi bu qətnamələrə əməl etmir.

Yuxarıda qeyd etdiyimiz hüquqi proseduralar həyata keçirilərsə, ekspertlərin fikrincə, Azərbaycan təkcə Robert Köçəryanı deyil, azərbaycanlılara qarşı cinayətlərdə əli olan Serj Sərkisyanı, eləcə də onun kimi 70-ə yaxın ermənini məhkəmə qarşısına çıxara bilər.

Ötən illərdə Ermənistanda hakimiyyətdə olan hərbi xunta bütün cəhdlərlə özlərini və cinayət ortaqlarını qoruyub, qeyd etdiyimiz məsələnin qarşısını alırdılar. Ekspertlərin fikrincə, Ermənistanda yeni seçkilərin keçirilməsi, hərbi xuntanın hakimiyyətdən getməsi ilə vəziyyət də dəyişib. Hazırda Köçəryan məhkəmə qarşısına çıxarılıb, mühakimə olunur. Paşinyan hakimiyyəti açıq şəkildə xunta rejiminə qarşı mübarizə aparıb, onların siyasətini dəstəkləmədiyini ifadə edir.

Ölkə ictimaiyyətində fikirlər dolaşır ki, bu cür məqamdan Azərbaycan da maksimum istifadə etməli, soydaşlarımızın qanını tökən qatil Köçəryanın haqq etdiyi cəzanı almasına çalışmalıdır. Bəs Azərbaycan bununla bağlı fəaliyyətə keçmək fikrindədirmi?

“Yeni Müsavat”a danışan deputat Fazil Mustafa ile ilgili görsel sonucu

“Yeni Müsavat”a danışan deputat Fazil Mustafa hesab edir ki, hazırkı məqamda bir qədər gözləməyimizdə fayda var:“Məsələni gündəmə gətirə bilərik. Ancaq bu, hazırkı məqamda müəyyən qədər Köçəryanın silahına çevrilər. Gözləyək, hələ erməni məhkəmələri Köçəryanın cəzasını versinlər. Ən azından cinayətkar kimi müəyyən problemlərin həlli istiqamətində onun hansı cəza çəkməsi ortaya çıxsın. Bunun ardınca da bizim tərəfimizdən məsələ qaldırıla bilər. İndidən bu məsələni qaldırsaq, Köçəryan olacaq Ermənistanın qəhrəmanı. Nəticədə isə daha çox onun dəstəklənməsinə diqqət edəcəklər”.

F.Mustafa bildirib ki, Köçəryanı hüquqi baxımdan hərbi tribunala çıxarmağımız mümkündür: “Hüquqi baxımdan, əlbəttə ki, bu, mümkündür. Ancaq söylədiyim kimi, hazırda Köçəryan prezidentlik fəaliyyətinə görə ittiham olunur. Orada da cinayət törədib. Bizim isə məsələyə hansısa formada müdaxilə etməyimiz, Köçəryana əlavə arqument verəcək. Nəticədə bu, hakimiyyətin ona qarşı irəli sürdüyü ittihamları bir qədər zəiflədəcək. Onsuz da biz, 25 ildən çoxdur ki, gözləyirik. Bir qədər də gözləməyimizin ziyanı olmaz. Əvvəlcə Köçəryana ermənilər özləri cəza versinlər, ardınca da biz bu məsələni gündəmə gətirərik”. (Musavat.com)