"Nazirlərin sayı azaldıqca hökumət kəmərləri daraldır". "Nazirlərin sayı azaldıqca hökumət kəmərləri daraldır".

Ermənistan səfirliklərin sayını azaltmaq qərarını verdi

"Nazirlərin sayı azaldıqca hökumət kəmərləri daraldır".

Ermənistan səfirliklərin sayını azaltmaq qərarını verdi

Nikol Paşiyanın rəhbərliyi altında hökumət yeni 2019-cu il büdcəsinə redaktə etmək qərarına gəlib. İlk addım kimi, xarici işlər idarəsinin büdcəsinə “əl gəzdirilib”. Artıq bir sıra dövlətlərdə diplomatik missiyanın sayı azaldılıb. Danimarka, İsveç, İslandiya, Norveç, Finlandiya və digər Avropa dövlətlərində 2019-cu ilin fevral ayından etibarən səfirliklər ləğv edilib. İrəvandakı yerli mətbuat isə belə bir sualla cəmiyyətin diqqətini cəlb etməyə çalışır: “Ermənistan üçün Avropa İttifaqı bu qədərmi maraqsız oldu? Qərbə inteqrasiya, Avropa məkanı ilə əlaqələrin dərinləşməsi vədləri hara yox oldu?” və s.

Nazirlərin sayı azaldıqca hökumət kəmərləri daraldır



İrəvanda dərc olunan həftəlik “Jamanak” qəzetinin son icmalında qeyd olunur ki, dövlət idarəetmə apatının “optimallaşdırılması” prosesində işçilərin sayının iki dəfədən çox azaldılmasının mənası dövlət büdcəsindəki iri həcmli kəsirlərin yerini doldurmağa xidmət edir. İlk addım xaricdəki diplomatik missiyaların sayının azaldılmasına yönəldilib. O da bəllidir ki, Ermənistanın xaricdəki diplomatik missiyasının ümumi sayının 20-30 faiz azaldılması qərarı verilibdir. Yeni iqtidarı təmsil edən parlamentin spikeri Ararat Mirzoyan isə bildirib ki, hökuməti 17 deyil, 12 nazirlik təmsil edəcək. Dövlət strukturunda xeyli sayda gərəksiz məmur aparatı mövcuddur. Buna görə də, ixtisarlara getmək labüd addımdır.
“İrates” qəzeti isə qeyd edir ki, vergilər və maliyyə nazirliklərində, gömrük sektorunda xeyli sayda məmurlar ixtisar olunub. Qəzet onu da bildirir ki, Ermənistan artıq bir ölkə kimi Rusiya və Avropa Şurası üçün sözün əsil mənasında maraqsızdır. Bu iddiaları təsdiq edən xarici siyasət üzrə tanınmış politoloq Hrant Məlik-Şahnəzəryan isə belə deyir: “İrəvan hökuməti faktiki olaraq, beynəlxalq miqyasda güc sahibi olan dövlətlər üçün olduqca maraqsızdır. Çünki bir ildir iqtidarda olan Nikol Paşinyan ən yüksək səviyyədə böyük güclərlə görüşlərə dəvət almayıb. Ermənistan indiki halda heç ABŞ-ın maraq dairəsində belə yoxdur. Rəsmi İrəvan dəfələrlə cəhdlər etsə də ABŞ-ın xarici işlər naziri ilə görüş təşəbbüsləri baş tutmayıb. Son bir ildə Ermənistanın Avropa dövlətləri ilə əməkdaşlıq sahəsində xeyli dərəcədə enişlər yaranıb. Qonşu İranla münasibətlər zəif duruma düşüb. Çünki, yeni hakimiyyətə səriştəsiz məmurlar cəlb olunublar. Bir sözlə xarici siyasətdə Ermənistanın yeni baş nazirinin apardığı siyasət iflasa uğrayıb”.



Katalikos II Qareginin qara günləri

Ermənistanda baş verən kataklizmlərdən biri də iki yüz ildir Cənubi Qafqazda mövcud olan qriqoryan təriqətinin əvəzinə katolik kilsəsinin yandaşı kimi bilinən “Erməni Kilikiya Kilsəsi”nin rəsmi status əldə etməsidir. Belə ki, qriqoryan kilsəsinin nüfuzu “Eçmiədzin Kilsəsi” hesab olunsa da, bu gün həmin kilsənin başına “Kilikiya Kilsəsi”nin başçısı I Aramın gətirilməsi aparıcı mövzulardan biri kimi geniş müzakirə olunmaqdadır. Beləliklə də “Eçmiədzin Kilsəsi”nin katalikosu II Qareginin istefaya göndərilməsi əsas müzakirə mövzusu kimi gündəmə gətirilibdir.
İrəvanda dərc olunan “168 jam” (saat) qəzetinin icmalına görə, Ermənistanda “kilsə inqilabı”na hazırlıq görülür. Bu məqsədlə parlamentin vitse spikeri Lena Nəzəryanın rəhbərliyi altında yeni hökumətdə lobbiçilik fəaliyyəti gücləndirilib. Nikol Paşinyanın lideri olduğu “Mənim addımım” hərəkatını təmsil edən deputatlardan Alen Simonyan və Hraç Akopyan bu barədə ölkə mətbuatı və TV kanallarda silsilə təbliğat işlərinə start veriblər: “Livanda ermənilərin hakimiyyətdə və parlamentdə mövqelərinin güclənməsinin əsas səbəbi Kilikiya Kilsəsinin sayəsində baş verib. Suriya, İraq, Misir və digər Yaxın Şərq ölkələrində Qərbin ən çox önəm verdiyi proseslərdən biri də “Kilikiya Kilsəsi”nə olan etimaddır. Ona görə də II Qaregin katalikos statusundan istefa verməli və fəxri təqaüdə getməlidir. I Aramın “Kilikiya Kilsəsi” məsələsində deyil, həm də “Eçmiədzin Kilsəsi”nin başçısı olması indiki məqamda doğru addımdır”.

Müxalifətin yaz planı

“İrates” qəzetinin şərhçiləri yazılar ki, əgər bu ilin may ayına qədər Nikol Paşinyan ölkənin sosial-iqtisadi həyatında dəyişikliklər etməzsə, əhalinin rifahının yaxşılaşması üçün zəruri işlər görməzsə, o zaman may ayından etibarən müxalifət kəskin şəkildə ayağa qalxacaq. Hal-hazırda müxalifətdə olan “Respublika Partiyası”nda eks prezident Robert Köçəryan qanadı Nikol Paşinyana qarşı ifrat dərəcədə nifrət edən çevrələrlə işbirliyi qurmağa başlayıb. Onlar ana müxalifət adı altında may ayı üçün xüsusi hazırlıqlar görməkdədirlər. Qəzetin iddiasına görə may ayında Nikol Paşinyan iqtidarını çoxsaylı sürprizlər gözləyir. İndiki məqamda yeni hökumət islahat adı altında imitasiya xarakterli mövzularla cəmiyyətin başını qarışdırmaq siyasətini yürüdür. Əgər ciddi nəticələr əldə olunmazsa, hakimiyyətdən devrilmiş hərbi xuntaçılar əhalini üsyana səfərbər edəcəklər. Qəzet yazır ki: “Dağlıq Qarabağdakı hakimiyyət əslində Robert Köçəryan-Serj Sərkisyan cütlüyünün əsas silahıdır. Bütün bunları nəzərə alaraq Nikol Paşinyan sosial-iqtisadi sahədə, xarici siyasətdə, dövlət büdcəsinin normal şəklə salınmasında və borcların ödənilməsində, investisiyaların cəlb edilməsində verdiyi vədlərə əməl etməlidir”.

Moskvadan “könüllü” missiya

Ermənistanın keçmiş baş naziri, hazırda Moskvada yaşayan Karen Karapetyan son günlərdə bir neçə dəfə xüsusi missiya ilə İrəvana gəlib. Yerli müşahidəçilərin fikrincə Ermənistanın indiki hakimiyyətinə bir qədər loyal münasibəti olan Karen Karapetyanın vasitəsilə Rusiya Nikol Paşinyan iqtidarı ilə münasibətləri tənzimləməyə çalışır. Belə ki, Rusiyanın qazının və neft məhsullarının Ermənistan bazarında mövqelərini qoruması kimi missiya da bu görüşlərdə əsas mövzulardan biridir.

“İravnuk” qəzeti isə qeyd edir ki, Karen Karapetyan həm də dolayı yolla müxalifətə bağlı bir şəxsdir. Ermənistanda siyasi proseslərdə gözlənilən kataklizmlərin nəticəsində baş verə biləcək hadisələri yumşaltmağa çalışır. Ancaq, o da bəllidir ki, irəli sürülən təkliflər hansı nəticəni verəcəyini sual altında qalmaqdadır.
Parlamentdən kənarda qalan müxalifətin mövcud iqtidara qarşı yeni bir cəbhə açmaq üçün səfərbər olması haqqında İrəvandakı bütün siyasi kuluarlarda söhbətlər gəzir. Hətta o da bəllidir ki, parlamentdə təmsil olunan müxalifətə əhali arasında o qədər də etimad yoxdur. Çünki, yeni iqtidarın tanıdığı müxalifət əslində daim loyal xarakteri ilə tanınıbdır. Yeni hakimiyyət üçün qorxulu olan parlamentdən kənarda qalan, indi bir qədər səssiz görünən müxalifətdir. Son bir ildə müxtəlif səbəblərdən darmadağın olmuş Serj Sərkisyan və Robert Köçəryana bağlı güclər yenidən toparlanmağa cəhd edirlər.

AzNews.az