"Bütün düşmənlər nə vaxtsa barışır". "Bütün düşmənlər nə vaxtsa barışır".

Erməni xalqını Azərbaycana düşmən saymıram - Elçin Alıoğlu

"Bütün düşmənlər nə vaxtsa barışır".

"Xalq diplomatiyası öz-özlüyündə Azərbaycana doğma olmayan, lakin illərdən bəri tətbiq olunan siyasi anlayışlardan biridir".

Bu sözləri AzNews.az-a "Qarabağ azad edildikdən sonra Azərbaycan və erməni xalqı həmin bölgədə birgə yaşaya bilərmi?" sualına cavab verərkən tanınmış jurnalist və siyasi şərhçi Elçin Alıoğlu deyib.

"Yəni bu məsələnin qısa tarixinə, kökünə baxmaq lazımdır. Çünki ot kökünün üstündə bitdiyi kimi siyasi proseslər də onları ərsəyə gətirənlərin ideologiyalarına əsaslanır. 1954-cü ildə filosof Rafson və fizik Eynşteyn xalq diplomatiyası ideyasını gündəmə gətirdilər. 1968-ci ilin 28 mayında isə BMT-nin Təhlükəsizlik Şurası Beynəlxalq qeyri hökumət təşkilatları haqqında qətnamə qəbul etdi. Bundan sonra xalq diplomatiyası idefiksi yaranmağa başladı. Ümumiyyətlə, Azərbaycan öz-özlüyündə heç bir xalqla düşmən olmur. Bizdə o etnik mazaxizm ideologiyası yoxdur. Müəyyən xalqlarda var, amma bizdə yoxdur. Biz heç vaxt öz övladlarımıza deməmişik ki, bu xalq sənə düşməndir. Dədə-babalarımızdan da eşitməmişik ki, bu xalq bizə qənim kəsilib. Bu tolerantlıqdan irəli gələn bir şeydir. Humanitar fəlsəfədir. Xalq diplomatiyası Azərbaycanda illərdən bəri yürüdülən bir ideologiyadır ki, bunun da məqsədi erməni və Azərbaycan xalqları arasında dostluq körpülərinin yaradılması, qarşılıqlı anlayışın olması və s.-dir.".

E.Alıoğlu hər iki xalqın münasibətlərinin normallaşmasının Ermənistanın qeyd-şərtsiz işğaldan əl çəkməsindən keçdiyini bildirib:

"Heç bir müharibə sonsuz olmur. Bütün düşmənlər nə vaxtsa barışır. Savaşlar sözlə başladığı kimi sözlə də bitir. Lakin Azərbaycanın Ermənistanla münasibətlərinin normallaşmasına, xalqlarımızın normal birgə yaşayış funksioanallığını yürütməsinin çox bəsit, sadə, icrası maksimal dərəcədə rahat olan bir şərti var. Bu da ermənilərin heç bir qeyd-şərtsiz işğal etdikləri torpaqları dərhal azad etmələridir. İşğalçı ilə ərazisi işğal olunan xalq arasında hansı xalq diplomatiyasından söhbət gedə bilər? Yaxınları, qohumları bu müharibədə ölən, əzizlərinin məzarı işğal altında olan ərazidə qalan ailəyə biz necə başa sala bilərik ki, sən sənə bu əziyyəti, zülmü yaşatmış insanlarla barışmalı və unutmalısan. Kollektiv şüur olmadığı kimi kollektiv amneziya da olmur. Əfsuslar olsun ki, xalq diplomatiyasını ortaya atanlar bizə nəyisə zorla unutdurmağa çalışırlar. Amma hər bir xalq gələcəyini xəyal etdiyi kimi keçmişini də unutmur. Biz gələcəyimizi düşünüb keçmişimizi unutsaq, arxaya baxmaq üçün aynası olmayan avtomobilə bənzəyəcəyik. Bu avtomobil də mütləq şəkildə qəzaya məhkumdur".

E. Alıoğlu sözlərinə belə davam edib:

"Bəli, mən Ermənistanla münasibətlərin normallaşdırılmasının tərəfdarıyam. Mən erməni xalqını Azərbaycana düşmən saymıram ki, xalq düşmən ola bilməz. Əfsuslar olsun ki, erməni xalqı 1933-cü ildə Adolf Hitleri hakimiyyətə gətirən alman xalqında olan gözü qapanma, şüurun unudulması fenomeninə tutulub. Erməni xalqı bu dəqiqə zooloji nifrət, şovinizm və ifrat irqçilik ideyalarını çox normal qəbul edir. Ermənistanın bəlası terrorizmi dövlət siyasəti səviyyəsinə yüksəltməsidir. Bu cür qeyri-adekvat davranış sərgiləyən hakimiyyətlə, bu hakimiyyəti normal qəbul edən cəmiyyətlə hansısa xalq diplomatiyasının şərtlərini müzakirə etmək absurddur. O vaxt xalq diplomatiyası işlək ola bilər ki, xalq özünü diplomat kimi hiss etsin və diplomat kii davransın. Bu davranışın kökündə isə nəzakət dayanır. Yalanı həqiqət kimi qəbul etmək, işğalçılığı yaşam forması saymaq, azərbaycanlıları düşmən kimi görmək, əzəli Azərbaycan torpaqlarını qədim Ermənistan ərazisi saymaq - bu hansı nəzakətdən xəbər verir? Bu suala cavab verməlidir o şəxslər ki, xalq diplomatiyası ideyasını yeritməyə çalışırlar. Bir daha təkrarlayıram. Azərbaycanla Ermənistan qonşu ölkələrdir. Biz normal münasibətlərə məhkumuq, amma o münasibətləri pozan birinci Ermənistandır. İşğalı yürüdən, terrorçuluğu vəsf edən, "Azərbaycanlını öldür" ideologiyası ilə övladlarını tərbiyə edən Ermənistandır. Belə bir şəraitdə xalq diplomatiyasının aktivləşdirilməsi sadəcə olaraq məğlubiyyətin etirafı olardı. Ərazilərimizlə könüllü vidalaşmaq kimi yol verilməz addım olardı".

Pərvanə Ağazadə

AzNews.az