"Rusiya bu münaqişəyə həm Ermənistan, həm də Azərbaycana bir təzyiq mexanizmi olaraq baxır". "Rusiya bu münaqişəyə həm Ermənistan, həm də Azərbaycana bir təzyiq mexanizmi olaraq baxır".

"Dağlıq Qarabağ probleminə münasibət dəyişməyib"

"Rusiya bu münaqişəyə həm Ermənistan, həm də Azərbaycana bir təzyiq mexanizmi olaraq baxır".

Ötən həftə 55-ci Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Rusiya xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Zöhrab Mnatsakanyanla görüşüb. Görüş zamanı bir sıra ikitərəfli və regional məsələlərlə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı da fikir mübadiləsi aparılıb.

Konfrans çərçivəsində erməni nazir həmçinin ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçakla görüşüb. Görüşdə ATƏT-in Minsk qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına toxunulub. ATƏT-in fəaliyyətdə olan sədri bildirib ki, beynəlxalq təşkilat Dağlıq Qarabağ münaqişəsinin həlli əsnasında yaranan müsbət məqamların yaratdığı imkanlardan yararlanacaq.

Mövzunu politoloq Natiq Miri ilə davam etdirdik. O qeyd etdi ki, bu konfrans çərçivəsində baş tutan görüşlərdən Dağlıq Qarabağ münaqişəsinin həllinə dair hər hansı bir irəliləyiş gözləməyə dəyməz:

“Bu proses ATƏT-in Minsk qrupu çərçivəsində artıq 24-cü ildir ki, davam edir və ortada heç bir nəticə yoxdur. Növbəti Münhen Təhlükəsizlik Konfransı çərçivəsində də görüşlərin hansısa siyasi nəticələrlə başa çatacağını düşünmək doğru olmazdı. Əvvəla, münaqişə tərəflərinin mövqelərində daban-dabana, diametral ziddiyyət qalmaqda davam edir. Ayrıca, son görüşmələrdə belə bu münaqişə ilə bağlı detallı müzakirələrin olmadığı haqqında dəfələrlə Ermənistan rəhbərliyi tərəfindən, Xarici İşlər Nazirliyi və Baş nazir Paşinyan səviyyəsində bəyan olunub. Belə olduğu təqdirdə hansı siyasi nəticələrdən danışmaq olar?! Bir şeyi də nəzərə alın ki, büdəfəki görüşün təşəbbüskarı Rusiya və Rusiya xarici işlər naziri Sergey Lavrovdur. Lavrovun təşəbbüs etdiyi istənilən bir görüşdən hansısa müsbət nəticə gözləmək özünü aldatmaqdır. Bilirsiniz ki, Lavrov ermənidir və onun Rusiya XİN-ə rəhbərlik etdiyi müddət ərzində düşünürəm ki, Dağlıq Qarabağ prebleminin ədalətli həlli mümkün deyil. Ona görə də Azərbaycan ictimaiyyəti bu elementar həqiqəti anlamalıdır”.

Politoloqa görə, əvvəllər Rusiyanın Azərbaycandakı 5-ci kolon üzvləri belə bir ajiotaj yaradırdılar ki, Rusiya Dağlıq Qarabağ probleminə Azərbaycandan yana rəvac verəcək. Guya hansısa planlar hazırlanır, Paşinyan hökuməti cəzalandırılacaq və s. kimi şayiələr yayılırdı. Lakin son hadisələr və Rusiya rəhbərliyindən verilən açıqlamalar bunun əksini ortaya qoydu:

“Bir tərəfdən Azərbaycan ictimaiyyətində Paşinyan hakimiyyətinin cəzalandırılacağı gözlənilirdisə, bunun qarşılığında çox yaxın müddətdə Ermənistana müasir tipli Su-27, Su-30 təyyarələrinin verilməsi barədə informasiyaları gördük. Ayrıca, yeni müasir silahların qısa bir zaman ərzində Ermənistana təhvil veriləcəyi ilə bağlı məlumatlarla qarşılaşdıq. Bundan başqa, Rusiya rəhbərliyi regionda ən strateji müttəfiqinin yalnız Ermənistan olduğunu açıqca bəyan etdi. Bütün bunlar bir daha göstərdi ki, Rusiyanın Dağlıq Qarabağ probleminə münasibəti dəyişməyib. Rusiya bu münaqişəyə həm Ermənistan, həm də Azərbaycana bir təzyiq mexanizmi olaraq baxır. Bu cür prinsipial yanaşma dəyişmədikcə, Rusiyanın münaqişənin həllində müsbət mənada rol oynayacağını düşünmək və bunu Azərbaycan ictimaiyyətinə təlqin etmək doğru deyil”.

N.Miri əlavə etdi ki, bu baxımdan Münhendə heç bir müsbət nəticə olmayıb və olacağı da planlaşdırılmırdı. Bunun olması üçün ciddi mənada azından münaqişə planında detallar, əsaslar üzrə müzakirələrə başlanılmalıdır. Bu cür oyunlarla, boş-boş danışıqlarla Paşinyan hökuməti sadəcə zaman qazanmağa çalışır”.

Elgün
AzNews.az