Siyasi və hərbi ekspertlər iki ölkənin imkanlarını müqayisə etdilər. Siyasi və hərbi ekspertlər iki ölkənin imkanlarını müqayisə etdilər.

“Azərbaycan Ermənistanı 3-5 günə buterbrod kimi sıxıb əzər”

Siyasi və hərbi ekspertlər iki ölkənin imkanlarını müqayisə etdilər.

Azərbaycan Ordusunun 5 günlük genişmiqyaslı təlimləri başa çatdı. Təlimlər gözlənildiyi kimi, ən çox işğalçı Ermənistanda təlaş yaradıb. Bu mövzuda danışan rusiyalı ekspert Yevgeni Mixaylov deyib ki, Azərbaycan, sadəcə, bir neçə gün ərzində öz ərazilərini hərb yolla qaytarmağa qadirdir.

Politoloq Nəzakət Məmmədova “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan ordusu həqiqətən çox güclənib: “Bunu sübut edən çoxsaylı faktorlar mövcuddur. Eyni zamanda, Ali Baş Komandan daim əminliklə bunu çıxışlarında vurğulayır. Azərbaycan ordusunun güclü olması beynəlxalq hesabatlarda da əksini tapıb. Ermənistan bu məsələdən xüsusi təşviş hissi keçirir. Məsələn, Amerika Erməni Milli Assambleyası və başqa diaspora təşkilatları dəfələrlə ABŞ Konqresinə, Ağ Evə müraciət edərək regionda hərbi paritetin Azərbaycanın xeyrinə pozulduğu barədə həyəcan təbili çalıblar və ABŞ-ı Ermənistana silah satışına təşviq etməyə çağırıblar. Azərbaycan ordusunun şəxsi heyəti, silah arsenalı, büdcəsi Ermənistan ordusunun bu imkanlarından dəfələrlə böyükdür. 2019-cu il üçün 3 milyard 37 milyon manat müəyyən edilib ki, bu da kifayət qədər sanballı göstəricidir. 2019-cu ildə Ermənistanın hərbi büdcəsi 625 milyon dollardır. 2019-cu ildə ”Global Firepower" Azərbaycan ordusunu hərbi qüdrətinə görə 137 ölkə arasında 64-cü yerə layiq görüb ki, bu da Cənubi Qafqaz orduları arasında ən güclü performansdır. Gürcüstan 85-ci, Ermənistan 96-cı yerdədir.

Azərbaycanın 30-dan çox ölkə ilə hərbi-texniki əməkdaşlıq barədə sazişi var ki, onların başında bildiyimiz kimi Rusiya, Türkiyə, İsrail, Çin gəlir. 2009-cu ilin dekabrında Azərbaycanla Türkiyə arasında hərbi yardım haqda müqavilə imzalanıb. Ümumiyyətlə, ölkələrimiz arasında 100-dən artıq hərbi əməkdaşlıq sazişi mövcuddur. Həmçinin İsrail, Belarus kimi ölkələr Ermənistan qarşısında hərbi qüdrətimizi artırmağa yardımçı olub. Məsələn, Ermənistan Rusiyadan “İsgəndər” kompleksləri aldıqdan sonra Azərbaycandan hava hücumundan müdafiə sahəsində üstün mövqeyə gəlmişdi. Lakin İsraildən “Lora”, Belarusdan “Polonez” sistemləri almağımız balansı bizim xeyrimizə dəyişdi. Nikolay Bardyuja İqor Korotçenko Ermənistan ordusunun postsovet məkanında güclü ordulardan biri olduğunu qeyd edirdilər. Lakin 2016-cı ilin aprelində bu mif darmadağın edildi".