Rəsmi Bakı Ermənistanın Fransaya təsirini neytrallaşdırmaq kontekstində ciddi uğur əldə etdi. Rəsmi Bakı Ermənistanın Fransaya təsirini neytrallaşdırmaq kontekstində ciddi uğur əldə etdi.

Rəsmi Bakı ciddi uğur əldə etdi - Mübariz Əhmədoğlu

Rəsmi Bakı Ermənistanın Fransaya təsirini neytrallaşdırmaq kontekstində ciddi uğur əldə etdi.

Azərbaycan Respublikasının birinci vitse-prezidenti M.Əliyevanın Fransaya səfəri bütün aspektdən kifayət qədər diqqəti çəkir. Çoxsaylı görüşlər, iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə bağlı imzalanmış sənədlər, Mədəniyyət naziri ilə Fransanın Orsey muzeyinə baxış keçirmək gələcəkdə kifayət qədər uğurlu işlərin bünövrəsinin indidən qoyulması anlamındadır. Səfərin detalları konseptuallığı daha qabardır:

I. Ermənistanın həmişə Fransanı özününkü hesab etməsi ilə bağlı iddianın dağılmasıdır. M.Əliyeva Fransa-Azərbaycan Parlamentlərarası Dostluq Qrupuna rəhbərlik edərkən Fransa-Azərbaycan münasibətlərində keyfiyyət dəyişikliyi yaratdı.

Fransa Azərbaycana hətta kosmik peyk, hərbi texnologiya və texnika satıb. Bu, erməniləri indi də ciddi narahat edir.

II. Bu səfərdə də rəsmi Yerevanın cari siyasəti birbaşa hədəfdə idi. Ermənistan prezidenti Armen Sərkisyan xeyli aktivdir və hal-hazırda dünyada məşhur maliyyə ailələri, şirkətləri ilə əlaqələrə cəhdlər edib. Bu istiqamətdə Rokfeller ailəsi ilə keçirdiyi görüşlər diqqətimizdədir. Rotşildlər ailəsinin təmsilçisi David dö Rotşild ilə görüş dünyanın məşhur maliyyə ailələri ilə əlaqənin qurulmasının təməli hesab oluna bilər. Azərbaycan iqtisadiyyatı istənilən qədər investisiya qəbul etməyə ən çox hazır olan ölkədir. Azərbaycan bankları beynəlxalq maliyyə bazarına yeni keyfiyyətdə çıxmalıdır. Bu Rotşild bankları vasitəsilə reallaşdırılacaq.

Birinci vitse-prezidenti M.Əliyevanın Fransaya səfəri zamanı əməkdaşlıq müqaviləsi imzalayan “Thales International” şirkəti və onun baş direktoru Rafael Eskinazi ilə əməkdaşlıq Ermənistanın prezidenti Armen Sərkisyan kontekstindən daha böyük uğur hesab oluna bilər. A.Sərkisyan “Thales International” qrupunu Ermənistanla əməkdaşlıq etməyə dəfələrlə çağırıb. Ermənistanın prezidenti Armen Sərkisyanın bu şirkətdə tərəfdaşı şirkətin vitse-prezidentidir.

III. Armen Sərkisyan prezident seçildikdən sonra bir neçə dəfə Fransada olsa da rəsmi şəkildə qəbul olunmayıb. Azərbaycanın birinci vitse-prezidenti Fransada yalnız prezident E.Makronla görüşmədi. Fransa protokoluna görə bütün yüksək səviyyəli qəbulları reallaşdırdı.

IV. Fransa ATƏT-in Minsk Qrupunun həmsədridir. Mehriban xanım bütün keçirdiyi görüşlərdə Dağlıq Qarabağ məsələsində onlara Azərbaycanın mövqeyini çatdırdı. Bu da Dağlıq Qarabağ tənzimlənməsində Ermənistanın və baş nazir N.Paşinyanın yaratdığı indiki qeyri-müəyyənliyi dövründə Azərbaycanın hazırlığı mərhələsində mühüm addımı kimi dəyərləndirilə bilər. Birinci vitse-prezident M.Əliyevanın Dağlıq Qarabağ tənzimlənməsindəki mövqeyi artan istiqamətlidir: NATO Baş Katibinin siyasi məsələlər üzrə müavini Rouz Getemüllerlə Bakı görüşündə və ondan bir az öncə MDB Daxili İşlər Nazirlərini Bakıda qəbul edərkən Mehriban xanımın verdiyi bəyanatlar onun Dağlıq Qarabağ tənzimlənməsi ilə məşğulluğunun aktiv dinamikaya malik olduğunu göstərir.

Mehriban xanımın rəsmi Yerevanın addımlarına qarşı apardığı siyasəti cavab reaksiyası adlandırmaq daha düzgündür. Ermənistanın siyasi mühiti heç vaxt Mehriban xanımın atdığı addımları şərhsiz saxlamayıblar. Ermənistan jurnalistikasının kultu hesab olunan Sergey Babumlyanın Mehriban xanımın Zəhra Salmanlıya verdiyi dəstək üzərində qurduğu həcmli yazı bunun daha bir nümayişidir. S.Babumlyan sovet dövründən Ermənistanda jurnalistika ilə məşğul olub. Uzun müddət “İzvestiya” qəzetinin və keçmiş SSRİ-nin digər mərkəzi mətbuat orqanlarının Yerevan üzrə nümayəndəsi olub.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Fransaya səfəri daxili və xarici siyasətdə, Dağlıq Qarabağ tənzimlənməsində ölkəmizin müəyyənləşdirdiyi məqsədlərin reallaşmasına ciddi təkandır. Bu səfər Avropa, o cümlədən Fransa ilə münasibətlərdə bəzi digər problemlərin həllində ciddi dəyişikliyə ümid etməyə əsas verir.

Mübariz Əhmədoğlu,
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq