Dağlıq Qarabağın azərbaycanlı icmasını qurum kimi qeydiyyata almaq ATƏT MQ üçün zərurətə çevrilir. Dağlıq Qarabağın azərbaycanlı icmasını qurum kimi qeydiyyata almaq ATƏT MQ üçün zərurətə çevrilir.

Ermənistan üçün məğlubiyyət qaçılmazdır

Dağlıq Qarabağın azərbaycanlı icmasını qurum kimi qeydiyyata almaq ATƏT MQ üçün zərurətə çevrilir.

ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçakın Ermənistana səfəri erməni tərəfinin mövqeyinin aşkarlanması ilə bağlı çox vacib mənbə oldu. Onun Yerevanda qondarma qurumun Xarici İşlər naziri Masis Mailyanı qəbul etməsi bu prizmadan çox məhsuldar oldu.

Mailyan erməni siyasətçiləri içərisində intellekti və Qərb ekspert dairələrində tanınması ilə seçilir. O, Ermənistanın Dağlıq Qarabağ mövqeyi uğrunda ciddi polemikalarda iştirak etmiş şəxsdir. M.Mailyan Ermənistanın Dağlıq Qarabağ tənzimlənməsindəki mövqeyinin nöqsanlı tərəfini ən yaxşı bilən ekspertdir. M. Layçakla görüşdə aktuallaşdırdığı bir məsələ hər şeyi aydın göstərir. Masis Mailyan son 27 ildə təqdim olunmuş prinsip və səslənmiş təklifləri köhnəlmiş adlandırdı. Onlara yenidən baxmağı təklif etdi. M.Mailyanın dediyi 27 il sovet dönəminə -1991-ci ilə gedib çıxır. 1991-ci ildə SSRİ Ali Sovetinin və Volski komitəsinin qəbul etdiyi qərarlar qüvvədə idi. M.Mailyan bununla da sübut etdi ki, SSRİ dövründə Dağlıq Qarabağla bağlı qəbul edilmiş qərarlar ermənilərin mövqeyinə uyğun deyildi. Bu ən prinsipial məsələlərdən biridir. Çünki ermənilər Dağlıq Qarabağın SSRİ-dən bu dövlətin qərar və qanunlarına uyğun çıxdığını iddia edirlər.

1992-ci ildə ATƏT-in (o zaman ATƏM adlanırdı) yaranması ilə bağlı ortalığa qoyulan tənzimlənmə paradiqması da Ermənistanın maraqlarına cavab vermir. “Bişkek müqaviləsi”, atəşkəs rejimi ilə bağlı sənədin guya imzalanması barəsində deyilənləri də M.Mailyan şübhə altına alır.

M.Mailyan 1992-1993-cü illərdə BMT Təhlükəsizlik Şurasının bəyanatını və 4 qətnaməsinin də ləğvini istəyir. Bir az öncə isə ermənilər bu qətnamələri öz maraqlarına uyğun şərh etməyə başlamışdılar.

O, ATƏT-in Minsk Qrupu həmsədrlərinin 1997-99-cu illərdə Ermənistan və Azərbaycana təqdim etdikləri 3 variantı (paket, mərhələli həll, ümumi dövlət) inkar edir.

M.Mailyan 2007-ci ilin “Madrid Prinsipləri” və 2009-cu ilin “Yenilənmiş Madrid Prinsipləri”ni sıfıra endirib.

Bir şeyi qeyd edim ki, əsas variantlar bunlardır. Qalan bütün variantlar (məs, Kazan sənədi, Amerikan variantı, Lavrov planı...) bu variantlardan törəmədirlər.

M.Mailyan ermənilərin imitasiya yığımı və resursu anbarını üzə çıxartdı: “Yenilənmiş Madrid Prinsipləri”nin dəyişdirilməsini tələbi ermənilərin tələblərinin icrasında birinci mərhələdir. “Yenilənmiş Madrid Prinsipləri”nin ləğvindən 3-5 il sonra onlar artıq “Madrid Prinsipləri”nin ləğvini tələb edəcəklər.

Sonra ümumi dövlət, mərhələli həll, paket variantının bu qaydada... xronoloji geriyə sayım başladacaqlar. M.Mailyanın tənzimlənməyə ən böyük xidməti onun ermənilərinin imitasiya resursunu ifşa etməsidir.

M.Mailyanı, N.Paşinyanı və digər erməniləri hal-hazırda ən çox narahat edən məsələ Dağlıq Qarabağın azərbaycanlı icmasının fəaliyyətə başlamasıdır. N.Paşinyan eləcə də M.Mailyan Dağlıq Qarabağın azərbaycanlı icmasının Azərbaycan Respublikasının vətəndaşlarından ibarət olduğu və Azərbaycanda qeyri-hökumət təşkilatı kimi qeydiyyatdan keçdiyini ön plana çıxarırlar.

De-yure Dağlıq Qarabağ Azərbaycan ərazisidir və Dağlıq Qarabağın azərbaycanlı icması Azərbaycan Respublikasının vətəndaşıdır. O cümlədən de-yure Dağlıq Qarabağ erməniləri də Azərbaycan Respublikasının vətəndaşlarıdır.

Ermənilərin imitasiya resursunu neytrallaşdırmaq, erməniləri tənzimlənməyə daha yaxınlaşdırmaqdan ötrü ATƏT MQ-nin əlində kifayət qədər ciddi diplomatik vasitə yaranır. Bu, Dağlıq Qarabağ azərbaycanlılarının beynəlxalq statusunun tanınması və onun beynəlxalq statusunun ATƏT-in Minsk Qrupunda qeydiyyata alınmasıdır. Bu məsələ indiki dövrdə tənzimlənməyə təkan verəcək. Həm də ona görə ki, Dağlıq Qarabağ ermənilərinə veriləcək aralıq statusda nəzərdə tutulan məsələlərdən biri həmin aralıq icmanın ATƏT-in Minsk Qrupunda qeydiyyata alınmasıdır. Ermənilərin özlərinin yaratdığı ajiotaj fonunda ATƏT-in Minsk Qrupu ilk olaraq Dağlıq Qarabağın azərbaycanlı icmasını qeydə alırsa, ermənilər artıq başa düşəcəklər ki, “Yenilənmiş Madrid Prinsipləri”ndən geriyə çəkilmək mümkün deyil. ATƏT-in Minsk Qrupunun vasitəçiliyini sözdə yox, həqiqətən qəbul etməlidirlər. ATƏT-in Minsk Qrupunun vasitəçiliyi yalnız ermənilər üçün konsensus mexanizminə görə cəlbedici idi. Belə görünür ki, ATƏT-in Minsk Qrupunun fəaliyyəti erməniləri daha çox narazı salıb. Sadəcə konsensus mexanizmi onlara daha vacibdir.

Dağlıq Qarabağın Azərbaycanlı icması ATƏT-in Minsk Qrupunda qeydiyyatdan keçib-keçməməsindən asılı olmayaraq öz fəaliyyətini kifayət qədər genişləndirmək imkanına malikdir. Bu, həm Dağlıq Qarabağ erməniləri ilə fərdi təmaslar, sosial şəbəkələr vasitəsilə qurulan əlaqələr, həm də xaricdə keçirilən konfranslar formasında ola bilər. Bu aktivlik Ermənistan tərəfinin mövqeyini daha da çətinləşdirəcəkdir. Dağlıq Qarabağın azərbaycanlı icmasının mövqeyi həm də ATƏT-in Minsk Qrupu üçün əlavə gərginlik yarada bilər. Bu olmasın deyə ən yaxşısı Dağlıq Qarabağın azərbaycanlı icmasının ATƏT-in Minsk Qrupunda qeydiyyatdan keçməsidir.

Dağlıq Qarabağda Təhlükəsizlik Şurasının iclasının nəticəsi olaraq Paşinyan yeni uşaq yalanı icad etdi.

Dağlıq Qarabağda Təhlükəsizlik Şurasının iclasının nəticəsi olaraq Paşinyan Dağlıq Qarabağın danışıqlara tərəf kimi qatılmasını şərt kimi irəli sürmədiyini bəyan etdi. Bu, özünü təkzibdir, ağ yalandır.

3 prinsip 6 maddəli sənədin Azərbaycan və Ermənistan tərəfindən müxtəlif cür oxunduğunu bildirdi və hər iki tərəfdən müxtəlif cür oxunan sənəd əsasında bu münaqişəni tənzimlənməyin mümkün olub-olmayacağını həmsədrlərin təşkil etdiyi görüşdə müzakirəsinin vacibliyini bildirdi. Əvvəla, bu, Paşinyanın bəhanəni dəyişməsidir, ikinci ATƏT-in Minsk Qrupu həmsədrlərinin hazırladığı sənəddə heç bir müxtəlif oxuma yoxdur. Sənədin mətni çox aydındır. Sənəd ciddidir və orada olan məsələləri 3 qrupa bölmək olar:

ı. Dəqiq bəlli olan, müzakirəyə ehtiyac olmayan məsələlər. Məsələn, Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycana qaytarılması.

ıı. Cari razılaşdırılan məsələlər. Danışıqların indiki predmeti bunlardır.

ııı. Gələcəkdə müzakirə olunmalı məsələlər. Azərbaycan və Ermənistan komissiya yaradır və bütün qalan məsələləri bu komissiya konsensus əsasında qəbul edir.

N.Paşinyan substantiv danışıqlardan yayınmaq, hal-hazırda masa üzərində olan sənədin müzakirəsindən yayınmaq üçün bu bəhanəni ortalığa qoyur. Bəhanə isə müxtəlif oxuma adlı uşaq yalanı üzərində qurulub.

Paşinyan Dağlıq Qarabağ mövzusunu bilmir. Buna görə ona bir neçə tövsiyə:

  • 3 prinsipli 6 maddəli sənədi rəsmi Yerevan qəbul edib. Bu barədə eks -prezident S.Sərkisyanın dövründə rəsmi Yerevanın ən azı 2 bəyanatı var. S.Sərkisyanın dövründə bu məsələ ilə bağlı taktika fərqli idi. Əvvəlcə 3 prinsiplə bağlı sənəd imzalatdırmaq istəyirdilər. Təbii ki, bu da S.Sərkisyanın bəhanəsi idi. Bəhanələrin və yaxud icad olunan yalanların müqayisəsinə baxanda bəlli olur ki, S.Sərkisyanla müqayisədə N.Paşinyan doğrudan da intellekt baxımdan çox geridədir. Bu sözləri onun komandasına da aid etmək olar.
  • 3 prinsip 6 maddəli sənədin preambula və rezume hissəsini oxumağı məsləhət görərdik. Paşinyan başa düşəcək ki, bu sənədin reallaşması zamanı Cənubi Qafqaz regionunda heç bir dövlətin əraziləri dəyişməyəcək, beynəlxalq hüquqda hansı dövlət nə qədər əraziyə malikdirsə elə o qədər də əraziyə malik olacaq və 3 dövlətli Cənubi Qafqazda da heç bir əlavə dövlət yaranmayacaq.
  • Mövzunu bilmədən Paşinyanın yaratdığı aktivlik Ermənistan üçün məğlubiyyəti qaçılmaz edir.

Məntiqlə, bu uşaq yalanı ATƏT-in Minsk Qrupu həmsədrlərini N.Paşinyanın üstünə daha da ciddi qaldırmalıdır.

Mübariz Əhmədoğlu,
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq