Baş verənlər göstərir ki, Ermənistanla Rusiya bundan sonra bir-birinə qarşı çox da səmimi olmayacaq Baş verənlər göstərir ki, Ermənistanla Rusiya bundan sonra bir-birinə qarşı çox da səmimi olmayacaq

Moskva Paşinyanın göz yaşlarına inanmır - ŞƏRH

Baş verənlər göstərir ki, Ermənistanla Rusiya bundan sonra bir-birinə qarşı çox da səmimi olmayacaq

Ermənistan hakimiyyətinin Rusiya ilə münasibətləri normallaşdırmaq cəhdləri hələ də müsbət nəticə verməyib. Moskvaya yarınmaq istəyən rəsmi Yerevan müxtəlif addımlar atır. Bununla belə, Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ başda olmaqla Qərbdən də əlini üzmür. Yerevanın Kremllə Qərb arasında yer tutmaq, yaxud tarazlıq yaratmaq cəhdləri uğur qazanmayıb. Əksinə, Paşinyan özünü Moskvaya yaxın göstərmək istəyəndə Qərbdən, Qərbə yaxın olduğunu sübut etməyə səy göstərəndə isə Moskvadan uzaqlaşır. Hakimiyyətə etimadın az oması və ya olmaması qütblərin Ermənistan hakimiyyətinin perspektivdə onlara xəyanət etməyəcəyinə inanmadıqları ehtimalını da irəli sürməyə əsas verir. Bunu təsdiqləyəcək bəzi xəbərlərə diqqət yetirək.

ABŞ Suriyaya hərbi yardım göndərmiş Ermənistan hakimiyyətindən incikliyini bir dəfə bəyan edib. Vaşinqton Yerevanın bu addımını Suriyadakı rejimin başçısı Bəşşar Əsədə yardım olaraq dəyərləndirmişdi. Elə buna görə də Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın Dövlət Depratamentində, Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın isə ABŞ prezidentinin milli məsələlər üzrə müşaviri Con Boltonla görüşləri alınmayıb.

Bu yaxınlarda Ermənistan Suriyaya növbəti yardım göndərməklə Rusiyanın xoşuna gəlməyə cəhd göstərdi. Ancaq Rusiyanın Yerevandakı səfiri Sergey Kapırkinin Ermənistanın keçmiş prezidenti, konstitusiyaya qarşı çıxmaqda ittiham olunan Robert Koçaryanla təkbətək bir saata yaxın görüşməsi gərginliyi artırıb. Diplomat Xarici İşlər Nazirliyinə çağırılaraq Rusiyanın Ermənistanın daxili işlərinə qarışmaması onun nəzərinə çatdırılıb. Nikol Paşinyan isə bu məsələyə açıq şəkildə münasibət bildirməyib. Parlamentin sədri Ararat Mirzoyan rusiyalı diplomatın Koçaryanla görüşünü alqışlamadığını vurğulayıb. İyunun 18-də isə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev erməni həmkarı Armen Qriqoryanla Ufada təhlükəsizlik məsələləri üzrə 10-cu beynəlxalq konfrans çərçivəsində görüşüb. Tərəflər iki ölkə arasında tərəfdaşlığın dinamik inkişafının vacibliyini vurğulayıblar. Armen Qriqoryan Ermənistandakı rus icmasının və Rusiyadakı erməni icmasının iki ölkə arasında münasibətlərin inkişafında oynadıqları roldan danışıblar. Patruşev Suriyaya yardım göndərdiyi üçün Ermənistana bir daha təşəkkür edib. Onlar Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində münaqişənin tənzimlənməsinə dair məsələni də müzakirə ediblər. Tərəflər münaqişənin dinc yolla həllinə alternativ olmadığını bildiriblər.

Göründüyü kimi, Rusiya tərəfi Armen Qriqoryanla ayrıca görüş təşkil etməyib. Bu Moskvanın Yerevana növbəti mesajı da sayıla bilər. Yəni Rusiyanın istənilən rəsmisi Ermənistanın bütün səviyyələrdən olan məmurları ilə geniş və ya əlahiddə təkbətək görüş təyin etmirlər. Bu ənənə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə Nikol Paşinyan arasında keçirilən görüşdə də davam edib. Onlar arasında görüş 30 dəqiqə sürüb. Bu görüşdə elə ciddi problemin həll olunmadığı Paşinyanın bəyanatından da aydın etmək olar. Tərəflər təbii qazın qiymətinin və bir də Ermənistanla Rusiya arasında hərbi əməkdaşlığa dair vəziyyəti müzakirə ediblər. Başqa sözlə, Putin Paşinyanla protokola uyğun olaraq görüşüb. Nikol Paşinyan Rusiya ilə münasibətlərində yaranmış gərginlik fonunda Ukraynanın yeni prezidenti Vladimir Zelenskiyə rusiyalı həmkarı ilə münasibət qurmağı məsləhət görüb.

Bununla belə, Rusiyaya qarşı təbliğata da ara verilmir. Ermənistandakı 102 saylı hərbi baza rəsmi Yerevanın əlində Moskvaya ən böyük təzyiq vasitəsidir. Bu hərbi hissənin Ermənistandan çıxarılması barədə ölkədə tez-tez çağırışlar edilir. Belə ehtimal etmək olar ki, Rusiyanın Ermənistandan çıxarılmasının sifarişçisi Qərbdir. ABŞ Konqresində Ermənistana əlavə maliyyə yardımının artırlmasına dair düzəlişin qəbul olunması da bunu təsdiqləyir. Qeyd edək ki, Nikol Paşinyan ABŞ-ın Ermənistandakı səfiri Linn Tresi ilə görüşdə Vaşinqtonun onlara maliyyə yardımını artırmasını istəmişdi. Yeni düzəlişə əsasən, ABŞ Ermənistana 40 milyon dollar məbləğində əlavə yardım edəcək. Bu məbləğin Ermənistanda demokratik islahatların keçirilməsinə ayırılacağı ehtimal olunur. Rusiyaya qarşı çıxışlarda Paşinyana və onu dəstəkləyən ictimai-siyasi qüvvələrə Soros Fondunun da yardım etdiyi barədə məlumatlar yayılır.

Bu arada Paşinyan da etiraf edib ki, Rusiyada komandasının üzvlərinə inamsızlıq var: “Mən açıq-aydın danışmaq istəyirəm. Rusiya elitasında Ermənistanda baş verənlərlə bağlı problemlər var. Onlar keçmişdə siyasi müxalifətdə olublar, vətəndaş cəmiyyətini təmsil ediblər. Bu adamlar keçmiş hakimiyyətlə əməkdaşlıq etmək istəmirlər. Vətəndaş cəmiyyəti sektoru Rusiyanı pis qəbul edən beynəlxalq təşkilatlar tərəfindən maliyyələşib. Bu səbəbdən də bizə etimadsızlıq var. Ancaq əminəm ki, bu, zamanla öz həllini tapacaq”.

Yeri gəlmişkən, Nikol Paşinyan rusiyalı erməni əsilli iş adamları ilə də münasibətləri yenidən qurmağa çalışır. Bu günlərdə o, erməni əsilli rusiyalı iş adamı Samvel Karapetyanla görüşüb. Onu da vurğulayaq ki, bu iş adamı Azərbaycanın işğal altında olan Qarabağ bölgəsindəki ermənilərə hər cür yardım göstərir. Paşinyan Rusiyadakı erməni iş adamlarının etimadını qazanmaq üçün müxtəlif tədbirlərə əl atır. Ancaq erməni iş adamları Moskvanın sözündən çıxıb Ermənistanla müstəqil əlaqə qurmağın onlara baha başa gələcəyini də yaxşı bilirlər. Odur ki, bu sahədə də Paşinyan hökuməti ciddi çətinliklərlə üzləşib. Başqa sözlə, Ermənistan xarici sərmayəyə hələ də həsrət qalıb. Baş verənlərə əsasən belə qənaətə gəlmək olar ki, Nikol Paşinyan hökuməti sözəbaxan olmazsa, Moskva ona qarşı ciddi aksiyaların keçirilməsinə xeyir-dua verəcək.

Son zamanlar Ermənistan polisi Yerevan küçələrində divarlara #SutNikol (saxta Nikol) şüarı və haştaqı yazan gəncləri saxlamışdı. Gənclər divara #SutNikol qrafiti çəkməklə aksiya keçiriblər. Təşəbbüs qrupunun 9 üzvü saxlanılıb. Sərbəst buraxıldıqdan sonra gənclər Ermənistanın 7 bölgəsində təşəbbüs qruplarının olduğunu bildiriblər. Onlar bu aksiyanın başlanğıc olduğunu vurğulayıblar. Qeyd edək ki, xristian inancına görə, Nikolas xeyirxah insan olub. Gənclər divarlara "Saxta Nikol” qrifiti çəkməklə Ermənistanın baş naziri Nikol Paşinyana qarşı etiraz aksiyası keçiriblər.

Nəhayət, Koçaryan məsələsi Rusiya-Ermənistan münasibətlərinin və Paşinyan hakimiyyətinin gücünün lakmusu da sayıla bilər. Moskva Ermənistanda hakimiyyət tərəfindən təqib edildikləri üçün qaçaraq Rusiyaya sığınanları rəsmi Yerevana vermir. Ermənistan məhkəmə aktlarının icrası xidmətinin keçmiş rəisi, general-leytenant Miqran Poqosyan Rusiya paytaxtındadır. Ona qarşı 2008-ci il martın 1-də Yerevanda keçirilən etiraz aksiyaları ilə bağlı ittiham irəli sürülüb. Bildirilib ki, Rusiya Ermənistanın məhkəmə sisteminə inanmadığı və ya etibar etmədiyi üçün onu rəsmi Yerevana təhvil vermir. İki ölkənin münasibətlərindən belə görünür ki, Azərbaycanın işğal altında olan torpaqlarından Ermənistan silahlı qüvvələrinin çıxarılması məsələsindən də Rusiya rəsmi Yerevana təzyiq kimi istifadə edir. Kreml erməniləri başa salmaq istəyir ki, Ermənistanın yiyəsi odur. Qarabağ da onun yardımı və dəstəyi ilə işğal olunub. Torpaqların Azərbaycana qaytarılmasında da əsas rolu özü oynayır. Nikol Paşinyanın bu günlərdə “Qarabağ danışıqları Serj Sarqsyanın dayandığı yerdən davam etmir” deməsi isə Moskva ilə Yerevan arasında bu məsələdə fikir ayrılığının olduğunu təsdiqləyir. Kreml rəsmi Yerevana Qarabağ kartı vasitəsilə təzyiqlər edir. Rusiyalı erməni milyarder Samvel Karapetyan Ermənistan bazarından sıxışdırılsa da, yaxud orada ona fəaliyyəti üçün geniş yer verilməsə də, Moskva bu şəxsdən Qarabağda istifadəni davam etdirir. Samvel Karapetyanın Qarabağda çoxuşaqlı ailələrə yenə yardım etməsi bunu təsdiqləyən faktlardandır.

Beləliklə, baş verənlər göstərir ki, Ermənistanla Rusiya bundan sonra bir-birinə qarşı çox da səmimi olmayacaq. Bu isə özünü yeni milli təhlükəsizlik strategiyasında göstərəcək. Bildirilib ki, bu sənəd 2007-ci ilin yanvarında qəbul edilsə də, ötən 12 il ərzində heç bir dəyişikliyə uğramayıb. Nikol Paşinyanın sərəncamı əsasında yeni işçi qrupu yaradılıb. Sənədin tamamlanması ilə bağlı dəqiq tarix olmasa da, onun 2019-cu ilin sonunadək hazır olacağı deyilir. Əgər belə davam edərsə, Ermənistan Rusiyanı, Rusiya isə Ermənistanı strateji dövlət siyahısından çıxara bilər. Bunun üçün isə şərait yetişir. (Report)