Odlu silah onların bu “yalan silahını” sıradan çıxara biləcək Odlu silah onların bu “yalan silahını” sıradan çıxara biləcək

Paşinyan hökuməti hələki yalanı ən vacib silah hesab edir

Odlu silah onların bu “yalan silahını” sıradan çıxara biləcək

Ermənistanın Xarici İşlər naziri Z.Mnatsakanyan Brüsseldə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali komissarı F.Moqerini ilə görüşdə Ermənistan-Aİ münasibətlərinin bütün spektrlərini müzakirə etdi. Təbii ki, Ermənistan-Aİ münasibətlərinin bütün spektrində baş verənlər Azərbaycan üçün maraqlıdır. Ermənistanın çabalamaları diqqətdən kənarda qala bilməz. Ermənistanın vurnuxmalarında baş verən yeniliklərin heç birisi Azərbaycan üçün cüzi də olsa təhlükə yaradacaq həddə deyil. Bütün bunlara baxmayaraq biz bu məsələlərə diqqət yetiririk. Aİ-nin Ermənistanla münasibətlərində Dağlıq Qarabağ mövzusu xüsusi olaraq diqqətimizdədir və səbəbləri də bəllidir. F.Moqerininin Z.Mnatsakanyanla son görüşündə Aİ-nin rəsmi mövqeyində həm yenilik, həm də artım var. F.Moqerininin fikrincə:

I. Münaqişə təcili siyasi həll tələb edir. “Təcili” sözünü də zəruri edən amillər var. Qoşunların təmas xəttində hərbi gərginlik artır və hərbi gərginliyin də artmasının əsas səbəbi Ermənistandır.

II. ATƏT MQ və Aİ-nin xüsusi nümayəndəsinin vasitəçilik missiyasına vətəkliflərinə Aİ dəstək vəd verir. F.Moqerini Aİ-nin xüsusi təmsilçisi T.Klaarın gördüyü işi ATƏT MQ həmsədrlərinin gördüyü işə təxminən bərabər tutur.

III. Tərəflərdən atəşkəs rejiminə qətiyyətlə əməl olunması tələb olunur. Bu standart ifadədir, amma F.Moqerininin fikirlərindəki diplomatik çalar ER Müdafiə naziri D.Tonoyanın Azərbaycan Respublikasının mayoru və əsgərini şəhid edən erməni hərbçilərini mükafatlandırmasını əhatə edir.

IV. Dağlıq Qarabağ tənzimlənməsi ilə substantiv, yəni mahiyyət üzrə məşğul olunmalıdır. “Substantiv mahiyyət”, “substantiv danışıqlar” Azərbaycana məxsus anlayışlardır. Ermənilər bu anlayışdan qaçır, Moqerini obyektivliyin tərəfində olduğunu göstərir. Ermənistan danışıqların yalnız imitasiyasında maraqlıdır. N.Paşinyan Rusiya jurnalistləri ilə görüşündə Ermənistanın danışıqları sürətləndirməyəcəyini açıq şəkildə bəyan etdi.

V. Aİ parçalanmanın aradan qaldırılmasına və əhalinin sülhə hazırlanmasına yönəli tədbirləri dəstəkləməyə hazırdır. “Parçalanmanın aradan qaldırılması” Dağlıq Qarabağ regionunun daxilinə aid məsələdir. Ermənistan və Azərbaycan Respublikası cəmiyyətləri həmişə ayrı, müstəqil cəmiyyətlər olub. Onların indi də ayrılıqda olması normaldır. Amma vaxtilə Dağlıq Qarabağ erməniləri və azərbaycanlıları bir cəmiyyət kimi mövcud olublar. “Parçalanma” dedikdə Dağlıq Qarabağın 2 icmaya parçalanması nəzərdə tutulub və F.Moqerini Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasındakı parçalanmanın aradan qaldırılmasına dəstəkdən danışır.

Məsələnin daha maraqlı tərəfi var: Ermənistan mətbuatı, o cümlədən Ermənistanın Xarici İşlər Nazirliyi Moqerini-Mnatsakanyan görüşündə Dağlıq Qarabağ məsələsinin müzakirəsindəki bu təfərrüatları işıqlandırmadılar.

Ermənilər yeni düşüncəli siyasi hakimiyyəti formalaşdırdıqlarını iddia edirlər. Buna baxmayaraq N.Paşinyan və Z.Mnatsakanyan hökuməti də hələki yalanı ən vacib silah hesab edirlər. Odlu silah onların bu “yalan silahını” sıradan çıxara biləcək.

Tonoyan informasiya müharibəsində Azərbaycanın qalib olduğunu etiraf etdi.

Ermənistanın Müdafiə naziri D.Tonoyan bütün sahələrdə aktivdir. Amma onun son dövrlərdəki aktivliyində məqsədyönlülük xüsusi diqqəti çəkir və gözlənilmədən Azərbaycanın informasiya müharibəsində Ermənistan üzərində qələbə çaldığını etiraf etdi. Onun fikrincə, Azərbaycanın informasiya müharibəsinin təsiri altında Ermənistan ictimaiyyəti müəyyən addımlar atır. Bu bəyanata ən azı 2 kontekstdən yanaşmaq lazımdır:

I. Ermənilərdə “məğlubiyyət” və “Azərbaycanın qalib gəlməsi” anlayışları tam ayrı kateqoriyalardır. D.Tonoyana görə Ermənistan sadəcə uduzmur, Azərbaycan qələbə çalır. Bu, Tonoyanın daxili vəziyyətindəki ciddi narahatlığının göstəricisidir.

II. D.Tonoyan çox gözəl bilir ki, təhlükəsizliyin vacib sahələri ölkənin birinci şəxsinin birbaşa kurasiyasında olan məsələlərdir. Həm hərbi təhlükəsizlik, həm də informasiya təhlükəsizliyi Baş nazir N.Paşinyanın kurasiyasındadır. D.Tonoyana görə hərbi təhlükəsizlikdə Ermənistanda hər şey əladır, çünki o sahəyə birbaşa məsul Tonoyandır. Amma informasiya təhlükəsizliyini Paşinyan lazımi şəxsə tapşırmadığı üçün Ermənistan Azərbaycana qələbə çalmağa imkan verib. Belə olan halda D.Tonoyanın əsas hədəfi N,Paşinyandır. Tonoyan bu və ya digər formada özünə məxsus metodologiya ilə Paşinyanın zəifliyini üzə çıxardır.

Bu deyilənləri aprel döyüşləri kontekstinə gətirəndə artıq tamam fərqli mənzərə alınır. Çünki hələ indinin özündə də aprel döyüşləri ilə bağlı Ermənistanın aldığı zərbələr, Ermənistan hərbisinin məruz qaldığı itkilər gizli saxlanılır. İndi informasiya müharibəsində Azərbaycanın qələbəsini gündəliyə gətirməklə D.Tonoyan həm də fikirləşir ki, komissiyanın açıqladığı faktlar Azərbaycanın qələbəsini daha da möhkəmləndirəcək. Əlavə hansısa məsələlərə görə Tonoyan aprel döyüşlərinin nəticələrinin sonadək aşkarlanmasında maraqlı deyil.

Paşinyanın özündən qat-qat savadlı və hiyləgər Tonoyana qalib gəlməsi ağıla batan görünmür. Tonoyan birinci şəxslərə tələ qurmaqda təcrübəsiz deyil. 2016-cı il aprel döyüşlərinin əsas təşəbbüskarı D.Tonoyan idi. O zamankı prezident Serj Sərkisyan güclü idi, vəziyyətdən çıxa bildi. Amma görünür, N.Paşinyan vəziyyətdən çıxa bilməyəcək.

Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq