Paşinyan bir ildən artıqdır rus qapılarından sərmayə "dilənir" - Sədrəddin Soltan

Ermənistan baş nazirinin başladığı proses bölgədə daha çox anti-Rusiyaya hesablanıb

Azərbaycanın Ermənistanı beynəlxalq və regional layihələrdən təcrid etmə siyasəti əvvəlki iqtidarlarda olduğu kimi Paşinyan hakimiyyətini də sərt reallıqlar qarşısında qoyub. Üstəlik, Ermənistan baş nazirinin 2019-cu il avqustun 5-də Xankəndidə “Qarabağ - Ermənistandır və vəssalam” açıqlaması və Ermənistanla Dağlıq Qarabağın birləşdirilməsini nəzərdə tutan “miatsum” deməsi də Ermənistan vətəndaşlarını yenidən hərbi ritorika və böyük Ermənistan vədləri ilə aldatmaq metoduna hesablanıb. Onun belə populist "çıxışları" yalnız erməni əhalisini iqtisadi problemlərdən "uzaqlaşdırmağa" yönəlib. Belə baxanda Paşinyanın əvvəlki sələfləri də zaman-zaman bu "taktikadan""məharətlə" istifadə ediblər. Nəticədə isə "Ermənistan" adlı Rusiya forpostu uçurum kənarında son nəfəsini yaşayır.

Mövzunu politoloq Sədrəddin Soltanla davam etdirdik.

O, AzNews.az-a açıqlamasında bildirdi ki, Ermənistanda Paşinyan hakimiyyətə gələndən ölkəyə sərmayə qoyuluşu azalıb:

"Əvvəllər heç olmasa Rusiyanın iş adamları və ya Rusiyadakı varlı ermənilər tərəfindən Ermənistana sərmayə qoyulur, müxtəlif səpkili maliyyə yardımları edilirdi. Bu isə son il yarımda demək olar ki, azalıb. Əsas səbəblərdən biri də təbii ki, Azərbaycanın Ermənistanı beynəlxalq və regional layihələrdən təcrid etmə siyasətinin nəticəsidir. Ermənistanda hakimiyyətə gələn yeni qüvvələr işğalçılıq siyasətindən əl çəksəydilər, heç şübhəsiz regionda vəziyyət tamamilə fərqli olardı. Bu fərqli səhnədə Ermənistanın da özünü yaşatma imkanları artardı. Amma təbii ki, Paşinyan hakimiyyəti də özündən əvvəlkilərin yürütdüyü təcavüzkar siyasəti davam etdirdiyindən onlar regionda yenə də acınacaqlı vəziyyətə düşüblər".

Politoloqun fikrincə, Xankəndində səsləndirilən "Qarabağ Ermənistandır" şüarı təkcə Ermənistan vətəndaşları üçün nəzərdə tutulmayıb:

"Sentyabrın 17-də Ermənistanın Vanadzor şəhərində keçirilən mətbuat konfransında Paşinyan bunu yenidən elan edib. Bu, daha çox Qarabağın sahibinin kim olduğunu göstərmək istəyinə bənzəyir. O, təkcə Ermənistan vətəndaşlarına yox, həm də Rusiyaya göndərilən mesajdır. Paşinyan ölkə əhalisini müxtəlif vədlərlə aldatmaqdadır. Bu vədlərdən biri də Qarabağın Ermənistanın tərkib hissəsi olması məsələsidir. Guya bu məsələ həll olunub. Ancaq heç kimə sirr deyil ki, Ermənistan Qarabağı işğal etsə də, faktiki olaraq, hüquqi və başqa səbəblərdən müharibə başa çatmayıb. Müharibənin başa çatmaması ermənilərin xeyrinə həll edilməsi demək deyil. "Qarabağ Ermənistandır" şüarı da bu baxımdan sadəcə olaraq bəlağətli çıxışdır".

O, qeyd etdi ki, Ermənistan Baş naziri ölkə vətəndaşlarına oğlunu guya Qarabağda xidmət etməyə göndərdiyini deyir:

"Oğlu isə 2-3 aydan bir məzuniyyət alaraq İrəvana ata-anasının yanına gedir. Onun bu yaxınlarda Xankəndində mülki geyimdə gəzməyini əks etdirən videoçarxlar da yayılıb. Yəni Paşinyan həm özünü demokratik, həm hərbi və digər bütün sahələr üzrə qalib və islahatçı kimi göstərməyə çalışır. Bu sahədə islahatlar aparması və qalib gəlməsi üçün onun resursu yoxdur. Onun ən yaxın adamları, onunla bir yerdə inqilab etmiş iki aparıcı güc strukturunun rəhbərləri Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanesyanın və Daxili İşlər nazirinin (Polis rəisinin) istefa verməsi Paşinyanın hökuməti idarə etməsinin göstəricisi sayıla bilər".

Politoloq Paşinyanın başladığı prosesin bölgədə daha çox anti-Rusiyaya hesablandığını vurğuladı:

"Bütün populistlər ifşa olunur. Populist çıxışların isə nə ölkə əhalisinə, nə də təmsil etdiyi siyasi qüvvəyə heç bir əhəmiyyəti olmur. Populizm ətalətli hərəkətdən başqa bir şey deyil. Ötən ilki hakimiyyəti dəyişmə, paşinyançıların isə "məxməri inqilab" adlandırdığı prosesin enerjisinin ətaləti ilə davam edir. Bu isə bir gün dayanacaq və onda səhnənin arxası görünəcək. Sadəcə olaraq Paşinyanın başladığı proses bölgədə daha çox anti-Rusiyaya hesablanıb. Bu prosesdə hələki ciddi bir uğura nail olmayıblar. Əksinə ötən il Rusiyaya qarşı çıxış edən qüvvənin təmsilçilərinin lideri Paşinyan bir ildən artıqdır ki rus qapılarını gəzərək sərmayə və digər məsələlər üçün Kreml nümayəndələrinə müraciət edir".

Pərvanə

AzNews.az