“Danışıqlar formatını dəyişmək birbaşa Paşinyanın avantürasıdır” “Danışıqlar formatını dəyişmək birbaşa Paşinyanın avantürasıdır”

ATƏT Paşinyanın danışıqların formatını dəyişdirmək fikrini müzakirəyə çıxardı

“Danışıqlar formatını dəyişmək birbaşa Paşinyanın avantürasıdır”

Ermənistanın danışıqların formatını dəyişmək cəhdi sülh prosesinə açıq-aşkar təhlükədir. Bu cəhdlər 2019-cu il martın 9-da həmsədrləri bəyanat verməyə vadar etdi. Bu bəyanatda onlar münaqişə tərəflərini digər tərəfin razılığı olmadan danışıqların formatında birtərəfli dəyişikliklərin edilməsi tələbindən çəkinməyə çağırdılar.

Bu sözlər Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyinin qurumun Daimi Şurasının noyabrın 7-də keçirilmiş iclasında həmsədrlərin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı təqdim etdiyi hesabat ətrafında müzakirələr zamanı səsləndirdiyi bəyanatında əksini tapıb.

Bəyanatda xatırladılıb ki, ATƏT-in Minsk Konfransının formatı konsensus yolu ilə ATƏT-ə üzv ölkələr tərəfindən razılaşdırılıb, BMT-nin müvafiq qətnamələri tərəfindən dəstəklənib və formatın dəyişməsi müzakirə mövzusu ola bilməz:

“Minsk Konfransı çağırılacağı və bununla bağlı konsensus əldə olunacağı təqdirdə Azərbaycanın Dağlıq Qarabağ regionunun azərbaycanlı və erməni icmaları ilə məsləhətləşmə aparıla bilər. Lakin biz bu mərhələdən hələ uzağıq, çünki Ermənistan Azərbaycanın bu regionunun azərbaycanlı icmasının mövcudluğunu tanımaqdan imtina edir. Ermənistan Baş nazirinin qızışdırıcı “Dağlıq Qarabağ Ermənistandır, nöqtə” bəyanatı beynəlxalq ictimaiyyət, o cümlədən, həmsədr ölkələr tərəfindən haqlı olaraq hiddətlə qarşılandı. Bu cür bəyanatlar, həmçinin, Ermənistan müdafiə naziri tərəfindən səslənən “Qarabağ məsələsi həll olunub” bəyanatı sülh prosesi üçün zərərlidir. Üstəlik, Ermənistan tərəfi BMT Təhlükəsizlik Şurasının dəstəklədiyi, ATƏT-in qəbul etdiyi qərarlara əks gedərək israrla statusla bağlı məsələni irəli sürür”.

Danışıqların formatının dəyişdirilməsi ilə bağlı Paşinyan hakimiyyətə gələndən əsassız səylər göstərir. O, Baş nazir olandan sonra bununla bağlı bir sıra təşəbbüslərlə çıxış edib. Ancaq onun bu yöndə səyləri Azərbaycan və həmsədrlər tərəfindən qəbul olunmayıb. Buna baxmayaraq, görünən odur ki, Ermənistan hakimiyyəti hələ də danışıqlar formatının dəyişdirilməsi istəyindən əl çəkməyib. Nəzərə alsaq ki, mövcud formatı beynəlxalq təşkilatlar dəstəkləyir, o zaman Ermənistanın bu yöndə səyləri təxribat deyilmi?

“Təəssüf ki, ikili standartlar və işğalçıya loyal münasibət Ermənistan rəhbərliyinin hələ də bu ritorikadan istifadə etməsinə gətirib çıxarıb”

Sözügedən məsələni şərh edən politoloq Məhəmməd Əsədullazadənin fikrincə, formatın dəyişdirilməsi ilə bağlı tələblər Ermənistan tərəfindən danışıqların pozulmasına yönəlib:

“Ermənistan Baş naziri Nikol Paşinyanın Qarabağ münaqişəsinin nizamlanmasında tutduğu mövqe və ritorikası mövcud danışıqları pozmağa hesablanıb. Qeyd edim ki, danışıqlar formatını dəyişmək birbaşa Paşinyanın avantürasıdır. Məqsəd status-kvonu qoruyub saxlamaqdan ibarətdir. Hesab edirəm ki, ATƏT-in Minsk Qrupunun vasitəçiliyini belə nəzərə almayan rəsmi İrəvan siyasi-diplomatik danışıqları sabotaj edirsə, mütləq bu ölkəyə təzyiqlər edilməlidir. Məhz BMT tərəfindən qəbul edilən Minsk formatı çərçivəsində aparılan yenilənmiş “Madrid prinsipləri”ndən imtina etmək Ermənistanın işğalçı siyasətinin bariz nümunəsidir. Təəssüf ki, ikili standartlar və işğalçıya loyal münasibət Ermənistan rəhbərliyinin hələ də bu ritorikadan istifadə etməsinə gətirib çıxarıb. Ənənəvi danışıqlardan çıxmaq və formatı dəyişmək, təbii ki, Azərbaycanın sərt reaksiyasına səbəb olacaq. Qeyd edim ki, Ermənistan rəhbərliyinin bu sabotajı Qarabağda yenidən döyüş əməliyyatlarının başlamasına rəvac verir”. (bakı-xəbər)

AzNews.az