“Azərbaycanın siyasi arenası həm xəyanətkarlardan, həm də onların zəhər verənlərindən təmizlənməlidir” “Azərbaycanın siyasi arenası həm xəyanətkarlardan, həm də onların zəhər verənlərindən təmizlənməlidir”

Qarabağ qələbəmizə kölgə salanlar - onlarla necə davranmalı...

“Azərbaycanın siyasi arenası həm xəyanətkarlardan, həm də onların zəhər verənlərindən təmizlənməlidir”

44 günlük II Qarabağ savaşında Azərbaycan daxilində bu möhtəşəm qələbəmizi həzm edə bilməyən qüvvələr formalaşıb. Onlar sosial şəbəkələrdə Böyük Vətən Müharibəsinin nəticələrinə kölgə salmaq üçün qara-piar kampaniyası aparırlar.

Guya vəziyyət pisdir, Azərbaycan Qarabağı de-yure itirə bilər kimi fikirlərə ara-sıra rast gəlirik. Hətta Qarabağı azad edən Azərbaycan hökumətinin bu yerləri ermənilərə satdıqları yönündə sərsəm fikirlər də səslənir. Bir sözlə ciddi cəhdlə Qarabağ ətrafında vəziyyətin pis olması barədə dediklərini isbatlamaq üçün dəridən-qabıqdan çıxırlar. Bütün bunlar da haqlı olaraq çoxsaylı müzakirələrə səbəb olmaqla yanaşı, çoxlu sayda da suallar doğurur.

BAXCP sədrinin müavini, əməkdar jurnalist, siyasi şərhçi Elçin Mirzəbəyli burada səbəblərin kifayət qədər çox olduğunu söylədi: “Qənaətimə görə, səbəblərdən biri Azərbaycan ordusunun qələbəsi və ərazi bütövlüyümüzün təmin olunması ilə bəlli bir qrup adamın və yan-yörəsinin əlindən hakimiyyətə qarşı bu məsələ üzərindən irəli sürdükləri ittihamların, uydurduqları bəhanələrin sıradan çıxmasıdır. Baxmayaraq ki, başda ”Milli Şura" adlanan xəyanət yuvası olmaqla, Azərbaycan siyasətinin daltiniklər zümrəsinə aid olanların əksəriyyəti xarici ağalarıyla söhbətlərində torpaqlarımızın işğaldan azad edilməsinin yalnız sülh yoluyla mümkünlüyünü dilə gətirir və mövcud hakimiyyətin müharibə edə biləcəyini onların diqqətinə çatdıraraq, “sülh tərəfdarları” kimi dəstək almağa çalışırdılar".

Elçin Mirzəbəyli: İlin sonunda bu göstəricilər daha yüksək olacaq

Elçin Mirzəbəyli

E.Mirzəbəylinin fikirlərinin bu yeri də xüsusi diqqət çəkir: “Diqqət yetirsəniz, təbliğatçıları Anna Akopyanla sülh bəyanatı imzalayan, vaxtilə Gürcüstanda, Polşada və digər ölkələrdə Soros, NDİ və bu kimi fond və institutların maliyyəsiylə keçirilən yığıncaqlarda ermənilərlə qol-boyun olan bu avantüristlər heç vaxt Azərbaycan torpaqlarının hərb yolu ilə işğaldan azad edilməsi ilə bağlı birmənalı mövqe sərgiləməyiblər. Konkret, sadə və dəqiq yanaşma tələb edən bir məsələnin ətrafında sağa-sola vurnuxublar, həm xalqın, həm də xaricdəki ağalarının qəzəbindən qorxduqları üçün nala-mıxa döyüblər. İndi isə onların əllərindən bəhanələri, xarici ağalarının əlindən isə münaqişə vəziyyətindən istifadə etməklə regiona təsir imkanlarını qoruyub saxlamaq kimi mexanizm çıxıb. Bu baxımdan da nəyin bahasına olursa olsun, əldə olunan qələbəni gözdən salmaq, ölkədəki milli birliyə zərbə vurmaq, xalqın özünə inamını, Azərbaycan dövlətinin qalib dövlət reputasiyasını zədələmək istəyirlər. Digər tərəfdən, vaxtı ilə ölkə daxilindən bu xəyanətkarlara zəhər verənlərin, onların xaricdəki tör-töküntülərini himayə edənlərin ”zəhərlərinin" sonunadək çəkilməsinin vacibliyini düşünürəm. Ölkədəki siyasi qüvvələr arasında səngər qazmaqla öz mövqelərini qoruyub saxlamağa çalışanların, hazırda qınına çəkilib məqam gözləyənlərin ifşası və hüquqi müstəvidə cəzalandırılması prosesini başa çatdırmaq lazımdır. Azərbaycanın siyasi arenası həm xəyanətkarlardan, həm də onların zəhər verənlərindən təmizlənməlidir".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”