Gilas ağacının dibinə su tökərsən. Bax, yadından çıxmasın, ha! Gilas ağacının dibinə su tökərsən. Bax, yadından çıxmasın, ha!

Burada bütün evlər bir-birinə oxşayır - Cəbrayıldan reportaj

Gilas ağacının dibinə su tökərsən. Bax, yadından çıxmasın, ha!

Yerimdən hövlnak qalxdım. Rəhmətlik atam çoxdandı yuxuma girmirdi. Görünür, Cəbrayıla gedəcəyim ona da agah olub.

Gecə saat iki idi. Yol yoldaşım, dostum, həmkarım Əfqan Qafarlının məni götürməsinə hələ 3 saat qalırdı. Yatmaq lazım idi. Amma nə illah elədimsə, gözümə yuxu getmədi. Cəbrayıla gedən adamın da gözünə yuxu gedər?..

...Səhər saat 6-dır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Cəbrayıl və Qubadlı rayonlarına səfərə gedən jurnalistlər Bakı Su İdman Sarayının qarşısına toplaşıblar. Gözüm saatın əqrəblərində qalıb. Səbrimi basa bilmirəm: “Niyə getmirik?”

“Unikal” qəzetində çalışan həmkarım Famil Fərhadoğlu izahat verir: “Adı siyahıda olan jurnalistlərin bəziləri hələ gəlməyib”.

Qeyri-ixtiyari səsimi qaldırıram: “Onların adını “qara siyahı”ya salın. Belə məsuliyyətsiz adamları bir də Cəbrayıla aparmayın!”

Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyevin gəlişi nigarançılığa son qoyur. Salam-kalamsız mətləbə keçirəm: “Müəllim, getmirik?”

Gülə-gülə cavab verir: “Bu dəqiqə çıxırıq. Siz 1 nömrəli avtobusa minin. Mən də gəlirəm. Eyni avtobusda gedəcəyik”.

Köhnə xasiyyətimdən əl çəkmirəm: “Nazir müavini də jurnalistlə eyni avtobusa minərmiş. Ölmədik bu günü də gördük”.

Cəbrayıldan çıxanda 18 yaşım vardı, üzümə yenicə ülgüc dəymişdi. İndi saqqalımda ağ tüklərin sayı qara tüklərin sayından çoxdur. Qəribədir, amma yenə özümü 18 yaşlı gənc kimi aparırdım. Etiraf edirəm, avtobusda məndən çox danışan yox idi. Arabir sağ tərəfimdə əyləşən həmkarıma - Rupor.az saytının əməkdaşı Dilşad Xaqaniqızına tərəf çevrilirəm: “Başın ağrımır ki?”

Əl-ayağa düşür: “Yoox. Nə danışırsınız? Çox maraqlıdır. Sizə qulaq asanda elə bilirəm nə vaxtsa Cəbrayılda olmuşam”.

Bizimlə eyni avtobusda yol gedən 10-12 nəfərin təxminən yarısını tanımıram. Buna görə də tez-tez yerimdən qalxıb “köhnə qvardiya”nın nümayəndələrinə - Jalə Mütəllimliyə və Aygün Muradxanlıya yaxınlaşıb Cəbrayıllı günlərimdən danışıram. Gənc, qoçaq, üstəlik içimizdə hamıdan daha pozitiv təsir bağışlayan həmkarım Xəyalə Rəis məni daha yaxşı eşitmək üçün yerini dəyişir.

İşğaldan sonra bir neçə dəfə Qarabağda ezamiyyətdə olduğu üçün bölgəni yaxşı tanıyan Firdovsi müəllim sözümə qüvvət verir: “Qarabağ gözəlliklər diyarıdır. Cəbrayılın ərazisinə daxil olanda özünüz bunun şahidi olacaqsınız”.

Cocuq Mərcanlı kəndinə daxil olanda Əfqan Qafarlı titrək səslə soruşur: “Mənə evimizi görməyə icazə verəcəklər?”

Cavabım belə olur: “Mənə icazə verməsələr, aradan çıxacam”.

Məni sakitləşdirməyə çalışır: “Avtobus Soltanlıdan keçəcək. Üstəlik, sizin eviniz yolun kənarında yerləşir. Narahat olma, evinizi görəcəksən”.

Gözlərimi dörd açıb avtobusun pəncərəsindən Lələtəpədə dalğalanan üçrəngli bayrağımıza tamaşa edirəm.

Birdən sevincək dillənirəm: “Cənab Prezident özü bizim kənddə olub. Kənd təsərrüfatı naziri İnam Kərimov da türkiyəli həmkarı Bəkir Pakdemirlə birlikdə Soltanlıda xaşa toxumu əkib. Kəndimizdə yüz hektardan artıq əkin aparılıb. Soltanlıda mina yoxdur. Hamılıqla bizə qonaq gedərik”.

Böyük Mərcanlı kəndində karvan dayanır. Təbiət etibarı ilə sakit və təmkinli adam olan Əfqan Qafarlı hamıdan əvvəl yerə düşür. Hələ avtobusdaykən onun hayqırtısını eşidirəm: “Bura bizim kəndimzidir! Bura Böyük Mərcanlıdır!”

ETSN-nin sözçüsü İradə İbrahimova media-tur iştirakçılarından dönə-dönə xahiş edir ki, ANAMA əməkdaşlarının sözündən çıxmasınlar...

Nazir müavini Firdovsi Əliyev, ETSN-nin digər rəsmi şəxsləri kənddə törədilmiş ekoloji fəlakət barədə jurnalistlərə ətraflı məlumat verirlər. Sonra Əfqan müəllim öz təəssüratlarını başına yığımış həmkarlarıyla bölüşür...

Cəbrayıl ulu çinarların məskəni sayılırdı. Rayonumuzda min hektarlarla tut bağları olub. İndi onlardan heç bir nişanə qalmayıb. Bunları bildiyim üçün ayaqüstü brifinqə qoşulub jurnalsitlərin yerini dar etmək istəmirəm.

Növbəti dayanacağımız Əmirvarlı kəndidir. Əmirvarlıya daxil olanda əslən bu kənddən olan gözəl ziyalımız Əyyub Quliyevdən zəng gəlir. Qısa telefon danışığından sonra Xəyalə məndən Əyyub müəllimin niyə zəng etdiyini soruşur. Deyirəm ki, evlərini çəkməyimi istəyir.

Aramızda belə bir dialoq baş verir:

- Çəkəssən?

- Necə çəkim? Axı evlərinin yerini bilmirəm. Bir də ki, burda bütün evlər bir-birinə oxşayır. Namərd ermənilər hamısını viran qoyublar...

- Çəkmə. Yaşlı adamdır, baxıb pis olar.

- Ehh, bu 28 ildə yaxşı günümüz olub ki...

Əmirvalı bizim qonşu kənddir. Məni bu gözəl kəndlə çoxsaylı xatirələr bağlayır. Əmioğlu Elnurla Vaqif həkimin evində o qədər qonaq olmuşuq ki! Bəzən yumağa belə lüzum görmədiyimiz o şirin meyvələrin dadı hələ də damağımdan getməyib...

Bu da tarixə şahidlik edən Ulu Çinar! Bu çinarın 800 yaşı var. Qəddar düşmən onun dibinə balta çalmaqdan, kötüyünü yandırmaqdan utanmayıb. Həm də təbiət düşməni olan ermənilər çinarı kəssələr də yenidən pöhrələyib, qol-budaq atıb, böyüyüb. Mənfur düşmən bu torpaqlardan izimizi silə bilməyib. Dünən izimiz vardı, bu gün özümüz varıq!

Bu da alimlər kəndi qədim Soltanlı! Başımı ata yurdumun xarabalıqlarına söykəyib doyunca ağlayıram. Özümə gələndə üzümü yol yoldaşım, həmkarım Jalə Mütəllimliyə tuturam: “Ay bajı, evimizə xoş gəlmisən! Ürəyin nə istəyir? Səni nəyə qonaq edim?”

Suala sualla cavab verir: “Ay Seymur, bir az əvvəl yemədikmi? Bax, burda qaz piltəsi var. Yəqin mətbəx olub...”

Təcrübə öz sözün deyir. Sağ ol, Jalə! Sən də bilirsən ki, uçub-dağılmış bu daşların arasında nəsə tapmaq mümkün deyil. Anlayışın üçün sağ ol!

Dayan! Tapdım! Səni həyətimizin qanqalına qonaq edəcəm.

Tez-tələsik əl boyda qanqal dərib qabığını təmziləyirəm. Sonra əllərim əsə-əsə Jaləyə uzadıram.

“Ata malı kimi böləcəyik”, - deyib, yarısını mənə uzadır. Sonra da belə deyir: “Çox dadlıydı. Elə bil bir quzu yedim”.

Sonra onu məhləmizlə tanış edirəm: “Bu ikimərtəbəli ev bizim idi. Ermənilər 28 ildi dağıtsalar da, yarısı yerində durur. Soldakı ev Həsən, bir az aşağıdakı ev isə İbrahim əmimin olub. Bax, orda nəhəng tut ağacı, bir az aşağıda isə qollu-budaqlı qoz ağacımız vardı. Həyətimizdə yüzdən çox meyvə ağacı vardı. Ermənilər hamısını kəsiblər”.

Getmək vaxtıdır. Jalənin narahat baxışlarını üzümdə hiss edəndə bunu daha yaxşı anlayıram. Sağa-sola boylandığımı görəndə nə axtardığımı soruşur.

Titrək səslə soruşuram: “Burda gilas ağacı görürsən?”

Təəccüblə üzümə baxır. Bəlkə də ürəyində havalandığımı fikirləşir. Onu çox intizarda qoymuram: “Atam yuxuma girmişdi. Dedi ki, gilas ağacının dibinə su tökərsən...”

Heç nə demir. Özümə söz verirəm ki, Soltanlıya köçəndə ilk işim gilas ağacı əkmək olacaq. Həm də ağ gilas! Üzümüzü ağardan Qələbənin şərəfinə məhz ağ gilas!

... Avtobus karvanı Cəbrayılın Arazboyu kəndlərini arxada qoyub Qubadlıya doğru yön alır. Yolun hər iki tərəfində boy-boya verən nazlı lalələrin yaratdığı möhtəşəm mənzərə qəlbimizi riqqətə gətirir.

Nəhayət, Bərgüşadla Həkəri çaylarının qovuşduğu məşhur məkana çatırıq. Burda təbiət insanı özünə valeh edir. Çayların bir-birinə qarışan həzin şırıltısı ruhumuza sığal çəkir, 6-7 saatlıq yorğunluq canımızdan çıxır. Əl-ələ verib Bərgüşadın sularına 2 min farel balığı buraxırıq. Nə gözəl hissdir! Öz çayımızda öz balığımız üzəcək...

Hava qaralanda geri qayıdırıq. Soltanlıdan keçəndə kəndimizin xarabalıqlarının üzərinə zülmət qaranlığın çökdüyünü görürəm. İçimə kədər hopur. Qarmaqarışıq hisslər keçirirəm. Amma bu uzun çəkmir. Bu yerlərə yaxşı bələd olduğum üçün dəqiq bilirəm: səhər ertədən günəş yenə yurdumuza qonaq gələcək. Onun al-əlvan şəfəqləri yenə kəndimizi nura boyayacaq. Biz qayıdandan sonra isə işıqlarımız heç vaxt sönməyəcək. Yollarımıza nur çiləyəcək...

Seymur VERDİZADƏ

Bakı-Cəbrayıl-Qubadlı-Bakı

image description image description image description image description image description image description image description