Füzulidə ermənilər qadını əri və qardaşının gözü qarşısında sürüyərək... Füzulidə ermənilər qadını əri və qardaşının gözü qarşısında sürüyərək...

Polkovnik illərlə gizlədiyi erməni zülmünü açıqladı - EKSKLÜZİV

Füzulidə ermənilər qadını əri və qardaşının gözü qarşısında sürüyərək...

Füzuli rayonu Horadiz qəsəbəsinin polis bölməsinə rəhbərlik etmiş, istefada olan polis polkovniki Telman Qasımov ona məlum olan dəhşətli faktı açıqlayıb. 1994-cü ildən bu günədək bunları söyləməyə tərəddüd edən polkovnik çox götür-qoydan sonra şahidi olduğu erməni zülmü və vəhşəti faktını cəmiyyətə çatdırmaq qərarına gəlib. "İndi elə bilirəm ki, zamanı gəlmişdir..." Qarabağ müharibəsi başlayandan bəri çoxsaylı hadisələri müşahidə etmiş, canlı tarix hesab olunan Telman müəllim şahidi olduğu qorxunc olayı esse şəklində qələmə alıb.

AzNews.az polis polkovnikinin "Allahın istirahət günü...!" adlandırdığı, gerçək həqiqətlərin ifadəsi olan yazısını təqdim edir.

"Allahın istirahət günü...!"

27 ildir götür-qoy edirəm ki, illərlə içimi parçalayan o hadisəni yazım, yoxsa lazım deyil?

İndi elə bilirəm ki, zamanı gəlmişdir...

1994-cü ilin əvvəlləri idi, o il qış çox sərt gəlmişdi, çox şaxtalı günlərdən sonra yazın ilk əlamətləri görünməyə başlamışdı.

Bu ilki yaz kimi onda da Araz Boyunda qələbəlik hökm sürürdü.

Çünki, Horadiz qəsəbəsi və ətraf kəndlər erməni işğalından azad edilmişdi.
Və mən rəhbərlik etdiyim Horadiz polis bölməsinin şəxsi heyəti Daxili Qoşunların tərkibindən çıxarılaraq, xidməti ərazimizə qayıdaraq öz gündəlik işimizlə məşğul olurduq...

Xidməti binamız olmadığından Horadizin "posyolka"adlanan hissəsində, Məryəm arvadın evində yerləşmişdik.

Söz vaxtına çəkər deyiblər, may ayının əvvəllərində sahə müvəkkili Mirzə (ad şərtidir) yanıma kələrək, məruzə etdi ki, erməni əsirliyindən bir cavan oğlan qaçıb gəlib.

Dedim ki, hansı istiqamətdən qaça bilib?

Mirzə bildirdi ki, Quruçayın vadisi ilə gecə ikən qaça bilib.

Soruşdum ki, oğlan hardadır?

Məlum oldu ki, bayırda gözləyir.

Bir qayda olaraq belə hallarda qısa sorğu-sual etdikdən sonra, belə şəxsləri xüsusi xidmət orqanlarına təhvil verirdik ki, öyrənsinlər ki, ermənilər tərəfindən əməkdaşlığa cəlb olunmayıb ki.
Nurlan (ad şərtidir) içəri girəndə oturmağa yer göstərdim və tapşırdım ki, ona çay versinlər.
24-25 yaşları olardı, gözlərinə baxanda tanış bir ifadə gördüm.
Mən belə çuxura düşmüş gözləri, ifadəsiz, müthi baxışları ancaq faşıst hərbi əsir düşərgələrindəki hərbi əsirlərdə görmüşdüm.

İlk sualım belə oldu: "Hansı şəraitdə, harada və kimlərlə əsir düşmüsən? Mənə ətraflı danış!"

O belə nağıl etməyə başladı:

- Mən Horadizdən öz idarə etdiyim avtomobillə Şükürbəyli döngəsinə yaxınlaşanda orada bir dəstə əsgərin dayanaraq, maşınları saxlayıb camaatı aşağı düşürtdüklərini gördüm. Onlara yaxınlaşanda mənə əl edib saxlatdılar, avtomat silahı çiynimə dirəyib, maşından düş deyəndə anladım ki, bunlar ermənilərdir. Bir az kənarda- çala bir yerdə təqribən 15-17 nəfər mülki adamın sıraya düzüldüklərini gördüm. Məni də itələyib onlara qatdılar. Qadınlar ağlayırdılar və xahiş edirdilər ki, onları buraxsınlar. Ermənilər isə onları məsxərəyə qoyub gülürdülər.

Qadınların içərisində 3 nəfər yaşlı və bir nəfər orta yaşlarında, təqribən 30-32 yaşlı bir gəlin var idi.
Bir az sonra iki erməni əsgər yaxınlaşıb həmin gənc qadının qolundan tutaraq sürüməyə başladılar, qadın isə durmadan "Qadir, İxtiyar"- deyə bağırıb kömək istəyirdi. Bunlardan kömək gəlməyəndə durmadan "Allah, Allah, Allah" - deyərək, qışqırırdı. Nə qədər çağırsa da, dadına yetən olmadı...
Kişilərin üstünə avtomat silah tuşlanmışdı, əgər bir addım atsaydılar dərhal güllələyəcəkdilər.
Çünki, tutulan iki polis işçisi qaçmaq istəyəndə Mübariz adlı birini güllələdilər, Elşəni isə avtomatın qundağı ilə başından vuraraq huşsuz hala gətirmişdilər.

Nə isə, qadını Şükürbəyli kəndi istiqamətində birinci təpənin görünməyən hissəsinə apardılar.

Qadının qışqırtısı gəldikcə, dizi üstə olan kişi və qadınların hönkürtüləri kəsmirdi...
Bir saat sonra, nəhayət ki, gənc qadının sürünə-sürünə, iməkləyə-iməkləyə bizə tərəf gəldiyini gördük.

O daha ağlamırdı, üzünə baxanda dəhşətə gəldim, elə bildim dəli olub. Artıq qorxacağı bir şey qalmamışdı onun...

O, bizə yaxınlaşanda yaşlı qadınlar ona tərəf gedib qalxmasına kömək etdilər və üst başına əl gəzdirdilər.

Gənc qadın xəcalətindən qohumu sayılan kişilərə tərəf baxma bilmirdi.

O, yerə çöküb dizlərini qucaqlayaraq tir-tir əsirdi.

Elə bu vaxt bir erməni zabiti gəlib UAZ maşından düştü. Əsğərlərini sıraya düzdü, vəziyyəti görəndə ermənicə onların üstünə qışqırmağa başladı.

Sonra bizim olduğumuz yerə yaxınlaşıb gənc qadından Azərbaycan dilində soruşdu ki, bu kişilərin içində kimin var?

Qadın aşa-aşa kişilərə yaxınlaşıb əlini uzadaraq dedi ki, bu qardaşımdır, o biri isə ərimdir.
Erməni zabiti gənc qadına üz tutub dedi ki: "Bunlardan birini götür get!"

Yazıq qadının gözü qaldı qardaşının və ərinin üzündə. Hansını seçməli idi? Qardaşı, yoxsa əri?

Adını çəkmədiyini sanki, ölümə məhkum etməli olurdu!

Xeyli fikirləşəndən sonra ərinə yaxınlaşıb taqətsiz halda ona söykəndi.

Əri hönkür hönkür ağlayırdı. Bir saat öncə heç bir kömək edə bilmədiyi arvadı indi onun həyatını xilas edirdi.

Onun həyatının qiyməti, uşaqlarının anasının namusu olmuşdu!

Beləcə biz qaldıq, dünyanın ən bədbəxt ər-arvadı isə Kərimbəyli istiqamətinə doğru, daha doğrusu azadlıqlarına doğru irəliləməyə başladılar".

Mən əsirlikdən qaçan oğlanla çox söhbət etdim.

Söhbət zamanı məlum oldu ki, haqqında bəhs etdiyi ailə - ər-arvad mənim çox yaxından tanıdığım Füzuli şəhər sakinləridir.

İllər sonra öyrəndim ki, gənc qadının qardaşı əsirlikdən qaçmaq istəyəndə öldürülüb.

Qadının əri həmin hadisədən sonra daha 20 il yoldaşı ilə mehriban yaşayıb ömrü sürdü.
5-6 il olar, dünyasın dəyişibdir.

Gənc qadın isə artıq yaşlı adamdır.

Nəvələrini saxlayır və vaxtlı-vaxtında müsəlman qaydasında ibadətini edib həyatını qurtara bimədiyi qardaşına qovuşacağı günü səbirsizliklə gözləyir. (mənim fikrimcə)

Mən onların kimliyini bilirəm və zamanında hadisəni ailə üzvlərinə danışmışam.

Adlarını isə əsla!

O, adlar mənimlə o dünyaya gedəcəkdir. Demək kişilikdən olmaz.

Axı onların nəsli davam edir.

Bax belə...

Yazdım ki, düşmənimizin etdikləri tarixdə qalsın.

Yazdım ki, mənfur düşmənin nələr etdiyini unutmayaq.

Yazdım ona görə ki, bu yükü tək çəkməyə artıq taqətim qalmayıb.

Müharibələrdə mütləq qalibiyyət olmur!

PS: Həmin gün elə orada Füzuli polis əməkdaşı Böyük Bəhmənli kəndindən olan Mübariz öldürülmüş və zabit, Füzuli şəhər sakini Elşən Şükürov isə yaralı halda əsir götürülmüşdü.

Bu gecə (25.V.2021) saat 3-5 radələri.

Polkovnik Qasımov T.N.