Millət vəkili trilogiya yazır Millət vəkili trilogiya yazır

“Biz Roma papalarının fitvası ilə uduzmuşuq” - Millət vəkili

Millət vəkili trilogiya yazır

Millət vəkili, yazıçı, dramaturq Hüseynbala Mirələmov “525-ci qəzet” ə müsahibə verib.

Müsahibəsində yaradıcılığına toxunan yazıçı gələcək planlarından danışıb. Qeyd edib ki, hazırda yeni əsər yazır: “Hazırda ciddi şəkildə trilogiya üzərində işləyirəm. Adı “İki şah, iki sultan”dır. İki şah - Uzun Həsən, Şah İsmayıl Xətai, sultanlar isə İkinci Mehmet və Sultan Səlim Yavuzdur. Kitab, Osmanlı və Azərbaycan münasibətlərindən bəhs edir. Orada Azərbaycanla Osmanlının niyə yola getmədiyini aydınlaşdırmaq istəyirəm. Maraqlıdır, iki sultan niyə iki şahı məğlubiyyətə düçar etdi? Bu nifrət haradan qaynaqlanırdı? Bu suallara cavab tapmağa çalışmışam. Kitabın birinci hissəsi tam hazırdı. İndi ikinci hissə bitmək ərəfəsindədir. Ardınca üçüncüyə başlayacam”.

H.Mirələmov onu da qeyd edib ki, bu əsərlər üzərində işləyərkən türk, ingilis dillərində həddindən artıq araşdırmalar aparıb: “Mənbələr əsasən türkcə və ingiliscədir. Hamısını əldə etdim. AMEA-nın Tarix İnstitutunun məlumatlarının da bu yöndə çox köməyi dəydi. İki-üç aya o romanı hazırlayıb qurtaracam. İstərdim biləsiniz ki, biz Roma papalarının fitvası ilə uduzmuşuq. Təsəvvür edin ki, onlar həm Osmanlıdan, həm də bizimkilərdən qorxublar. Yeganə çıxış yolu kimi fikirləşiblər ki, bunları necə bir-birinin üstünə salaq, zəiflədib məhv edək ki, Avropa da rahat nəfəs alsın? Onu da deyim ki, Yıldırım Bəyazid dövründə XIII-XIV əsrin əvvəllərində xaç yürüşü olub. Həmin yürüşə Macarıstan krallığı başçılıq edib. Yıldırım Bəyazidin oğlu on min qoşunla bütün “səlib” yürüşünü darmadağın edib. Məğlubiyyət anında Macarıstan kralı canını götürüb gəmi ilə aradan çıxıb.

Tarixdə çox maraqlı məqamlar var. İndiyədək bədii əsərlərdə bu tarixi faktlar açılmayıb. Tarixi mənbələrdə yazılır ki, Yıldırım Bəyazid Allaha yalvarırdı ki, sən məni tez öldür. Doğrudan da on günün içində o, dünyasını dəyişir. Bu zaman Əmir Teymur möhkəm sarsılır. Sonra tapşırır ki, gedin onu sultanlara layiq şəkildə dəfn edin. Bütün bu hadisələr romanımda yer alır, hamısını açmağa çalışmışam”.

Ədil Ədilzadə
Aznews.az