Türkiyə ilə Azərbaycan arasında körpü yaradan rəssam Türkiyə ilə Azərbaycan arasında körpü yaradan rəssam

“Azərbaycan və Türkiyə üçün əlimdən gələni edəcəyəm” - Günay Mehdizadə

Türkiyə ilə Azərbaycan arasında körpü yaradan rəssam

Azərbaycanın tanınmış rəssamı Günay Mehdizadə son bir ayda Türkiyədə bir çox layihələri ilə gündəmdədir.

Əsərləri Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunan rəssamın “Milli Qablar” əsəri Dünya Uşaq Ensiklopediyasına qeydə alınıb. “Atatürk Portreti” əsəri Ankarada Atatürk Ev Muzeyində sərgilənir və bu əsər Türkiyə Cümhuriyyətinin sərvəti kimi dəyərləndirilir.

Hazırda Günay Mehdizadə Bursa Zəki Müren Gözəl Sənətlər Liseyi və Azərbaycan Milli Konservatoriyası (AMK) tərkibində İncəsənət Gimnaziyasının “Qardaş Məktəb” layihəsinin ideya müəllifi, təşkilatçısı kimi Türkiyədədir.

Günay Mehdizadə AzNews.az-a müsahibəsində öz fəaliyyəti və Azərbaycan - Türkiyə əlaqələrinin inkişafında oynadığı roldan bəhs etdi.

- İlk olaraq, istərdik ki, Bursa Zəki Müren Gözəl Sənətlər Liseyi ilə bağlı danışaq. Bu layihə necə ərsəyə gəldi?

- Bursa Zəki Müren Gözəl sənətlər Liseyinin əvvəlki rəhbəri ilə tanış idim. Bu liseyin Bursada, Türkiyənin özündə böyük nüfuzu və çəkisi var. 2018-ci il fevral ayının 15-də AMK tərkibində İncəsənət Gimnaziyası və Bursa Zəki Müren Gözəl Sənətlər Liseyinin “Qardaş məktəb” layihəsinin ideya müəllifi və baş kuratoru layihəsinə imza atdım. Bu layihəni həyata keçirməkdə məqsəd iki dövlət, bir millət adına, Türk adət-ənənələrinin gənc nəslə çatdırılması, Türk dünyasında mədəniyyət və təhsilin təbliğatı adına layiqli xidmət göstərməkdən ibarətdir. Əsərlərim Türkiyə muzeylərində qorunduğu üçün burada kifayət qədər tanınıram, yerli qurumlarla əlaqələrim var. Belə bir layihə ilə çıxış etmək istədiyimi İncəsənət Gimnaziyanın müdiri Aytən Əhmədovaya bildirdim, o da böyük rəğbətlə qarşıladı. Beləliklə, Zəki Müren adına liseyin müdirini Bakıya dəvət etdik. Fevralın 15-də gimnaziyada böyük bir tədbir keçirdik. Konservatoriyanın rektoru Siyavuş Kərimi şəxsən özü həmin tədbirdə çıxış etdi. Azərbaycan və Türkiyə sərgisini açdıq. Biz qardaş məktəb olduq. Bu layihə tərkibində hazırda Bursadayıq. Çünki bu layihə çərçivəsində Mehdizadə Mehriban- mənim qızım Bursa Gözel Sənətlər liseyində qonaq-şagird kimi təhsil alır.

- Türkiyədə necə qarşılandınız?

- Mədəniyyət və Turizm vəqfi mənimlə yaxından maraqlandı. Burada dövlət və özəl televiziyalarda Azərbaycan rəssamlıq sənətindən və milli mənəvi dəyərlərimizdən danışdım. Uludağ Universitetinə dəvət olundum. Rəssam olaraq istifadə etdiyim texnikalarım onlara maraqlı olduğu üçün bir çox “master-klass”lar keçdim. Onlar bu texnikaya çox böyük maraq göstərdilər. Rəssam kimi nailiyyətlərim daha çox oldu. Mədəniyyət və Turizm Vəqfi tərəfindən yeni layihələr təklifi aldım. Vətənə dönər-dönməz bu layihələri həyata keçirməyə çalışacam. Türkiyə Azərbaycan arasında bir sıra mədəni layihələri həyata keçirmək və bu dostluqda mədəni körpü olmaq üçün əlimdən gələni edəcəm.

- Türkiyə universitetlərində “master klass”lar keçdiyinizi yerli və Türkiyə mediasından öyrəndik...

- Türkiyədə olmağımın məqsədi yalnız “Qardaş ölkə” layihəsi ilə bağlı deyil. Buraya gəldikdən sonra Bursanın Mədəniyyət və Turizm vəqfi məni bir çox “master klass”lara, “World shop”lara, universitetlərə, Bursanın televiziya proqramlarına dəvət etdi. Gəldiyim gündən etibarən buradakı peşəkar və həvəskar rəssamlara ustad dərsləri keçdim, öz texnikamı onlarla bölüşdüm. Qeyd edim ki, işlərim böyük bir rəğbətlə qarşılandı. Gün keçdikcə daha çox təkliflər, dəvətlər alıram. Amma qaldığım müddətdə nə qədər gücüm çatsa, onları edəcəm, olmasa, növbəti dəfə Türkiyəyə səfər edərək həmin layihələri də həyata keçirəcəm.

Ötən gün Uludağ Universitetində konfras keçirildi və orada rəssamlıq texnikam, Azərbaycana həsr etdiyim əsərlərdən, milli dəyərlərimizdən bəhs etdim. Konfrans iştirakçılarını qiyabi də olsa Azərbaycan mədəniyyəti, mənəvi dəyərləri ilə tanış etməyə çalışdım. Azərbaycan və Türkiyə muzeylərində qorunan əsərlərimdən bəhs etdim. Milli-mənəvi dəyərlərin üzərində necə modern bir sənət yaratmağın mümkünlülüyündən bəhs etdim. Onlar da çox maraqlı dinlədilər.

- Türk rəssamları azərbaycanlı rəssamdan dərs almaqda nə qədər maraqlı idilər?

- Türkiyə bizim qardaş ölkədir. Dinimiz, dilimiz, mədəniyyətimiz eynidir. Bunun üçün bir-birimizlə paylaşmalı, yeni layihələr etməliyik. Orada Türk rəssamlarına göstərdiyim “master klass”lar çox yaxşı qarşılandı. Bu “master klass”larla bağlı müsbət fikirlər alıram. Bu məni daha da ruhlandırır. Niyə də olmasın, düşünürəm ki, nə qədər gücüm çatsa, əlaqələrim daha da güclənsə, çalışacam ki, qarşılıqlı əməkdaşlığı gücləndirim. Bizdən Türkiyəyə, Türkiyədən də bizə müxtəlif yaradcı adamlar gəlsin. Gələcək nəsillərə də dostluğu, birliyi, qardaşlığı təbliğ etmək lazımdır.

- Cümhuriyyətin 100 illiyi ilə bağlı da layihə keçirdiniz. Bu barədə nə deyə bilərsiniz?

- İncəsənət Gimnaziyamızın rəhbəri Aytən xanım söylədi ki, onların “100 illik xatirələr” adlı bir layihəsi var. Bunu Bursada gerçəkləşdirməyin mümkün olub-olmadığını soruşdu. Mən də bunu qısa müddətdə kordinasiya etdim. Dünən azərbaycanlı şagird və müəllimlərimiz Zeki Müren liseyində çıxış etdilər. Orada iştirak edən qonaqlar, Türkiyənin nüfuzlu şəxsləri, Mədəniyyət Nazirliyinin nümayəndələri iştirak edirdilər. Şagirdlərimizin çıxışları onların könlüncə oldu. Gözəl tədbirimiz keçdi. Bu gün başqa məkanlarda gimnaziyamızın şagirdləri konsert proqramı ilə çıxış etməyə davam edəcəklər. Çalışdım ki, gəliblərsə, bir çox yerlərdə çıxış etsinlər. Belə tədbirlərdə şagirdlərimizə mükafatlar da verilir.

- Rəssamlıq sənəti ilə məşhurlaşmaq asandırmı?

- Mənə görə insan ancaq sevdiyi peşə ilə məşhurlaşa bilər. Seçdiyi sənətlə məşğul olan insan qarşısına məşhur olmağı qoymamalıdır. Çalışdığı işin peşəkarı olmağı qarşısına hədəf qoymalı və ona doğru can atmalıdır. Əgər o, yaradıcı insandırsa, bacardığı qədər təkrarçılığa yol verməməlidir. Yeni bir iş ərsəyə gətirmək üçün öz üzərində çalışmalıdır. Hər kəsdən nəsə öyrənmək mümkündür, ancaq gərəkdir ki, özünüz yeni bir şey ortaya çıxarasınız və bu, məhz sizə məxsus olsun. Bu bütün sənətçilərə aiddir. Misal üçün, hər kəs piano çala bilər, ancaq özü bir şey bəstələ məlidir. Bu çox önəmlidir. Məhz bu bəstə vasitəsilə uğur qazana bilərsən. Mənim əsərlərimin də Azərbaycanda və Türkiyədə diqqət çəkməsinin əsas səbəbi təkrarçılığın olmaması, orda yeni üslubun mövcudluğudur.

Elgün Mənsimov
AzNews.az

image description image description image description image description