Bir sıra tamaşalara bədii tərtibat verib Bir sıra tamaşalara bədii tərtibat verib

Xalq rəssamı Rafis İsmayılovun 80 illik yubileyi keçiriləcək

Bir sıra tamaşalara bədii tərtibat verib

Fevralın 15-i, saat 16:00-da Muzey Mərkəzində Xalq rəssamı Rafis İsmayılovun 80 illik yubileyi keçiriləcək.

AzNews.az-ın verdiyi məlumata görə, yubiley Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə təşkil olunub.

Rafis Rza oğlu İsmayılov 30 mart 1939-cu ildə Bakı şəhərində anadan olub. 1962-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini, 1972-ci ildə isə Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirib. “Azərbaycanfilm” Kinostudiyasında 1970-2007-ci ildə quruluşçu rejissor işləyib, 30-dan artıq bədii filmə rəssamlıq üzrə quruluş verib. O, “Qatır Məmməd”, “Sevinc buxtası”, “Üzeyir ömrü”, “Qara gölün cəngavərləri”, “Qəribə adam”, “Oxuyur Müslüm Maqomayev”, “1001-ci qostrol”, “Yapon və yaponiyalı”, “Pirverdinin xoruzu”, “Dantenin yubileyi”, “Anın quruluşu”, “Özgə ömür”, “Təhminə” kimi filmlər üzərində çalışıb.

Rafis İsmayılov “Danışan işıqlar”, “Xeyir və Şər", “Göyçək Fatma”, “Lağım” cizgi filmlərinin quruluşçu-rəssamı, “Oda” filminin rejissoru, ssenaristi və rəssamı olub. Həmçinin “Azərnəşr” Dövlət nəşriyyatında bir sıra kitablara tərtibat verib. Onlardan “Xətai”, “Metexan”, “Romeo və Cülyetta”, “Spartak”, “Oliver Tvist”, “Qaçaqlar”, “Kventin Dorvard” və başqa kitabları qeyd etmək olar. Rəssam atalar sözləri, Dədə Qorqud motivləri və xalq mahnıları mövzusunda çox sayda rəsm əsərlərinin müəllifidir. O, 2003-2005-ci ildə Azərbaycan Akademik Milli Dram Teatrı və Azərbaycan Dövlət Opera və Balet Teatrında bir sıra tamaşalara bədii tərtibat verib.

Rəssamın 2008-ci ildə “Şərqdən-Şərqə” adlı sərgisi keçirilib.

O, 1978-ci ildə "Azərbaycan Dövlət mükafatı", 2006-cı ildə “Soltan Məhəmməd” adına mükafatı, 2015-ci ildə “Sübhün səfiri” filminə görə "Ən yaxşı rəssam işi" nominasiyasında “Qızıl Pəri” mükafatına layiq görülüb. 1975-ci ildən Azərbaycan Rəssamlar İttifaqının, 1976-cı ildən Azərbaycan Kinematoqrafiyaçılar İttifaqının üzvüdür.

Rafis İsmayılova 1982-ci ildə Azərbaycanın Əməkdar Rəssamı, 2000-ci ildə isə Azərbaycanın Xalq rəssamı fəxri adları verilib.

Rəssamın əsərləri Azərbaycan Milli İncəsənət Muzeyi, Moskva Dövlət Şərq Xalqları İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyasında saxlanılır.

Tədbirdə Rafis İsmayılovun həyat və yaradıcılığına həsr olunmuş xüsusi təqdimat keçiriləcək.

AzNews.az