Yaxın planda ölüm...

Samirə Əşrəf yazır

"Allahım, Allahım nə üçün məni tərk etdin?". İncil

Sübh vaxtı idi. Möhkəm qar yağmışdı. Atam həmişəki kimi sobanı yandırıb evləri isitdikdən sonra gecədən yağıb səhərə qədər üst-üstə təpələnən qarı ucu torpağa toxunmaqdan itilənib parıldayan bel ilə kürüməkdəydi. Ağappaq qarın sinəsinə sancılıb onu didik-didik edən belin torpağa dirənən səsi yuxumun dərinliklərinə qədər çatıb əks-səda verirdi. İnsan yaşantısının, təbiətlə vəhdətinin sübutu olan bu dığırtı yoxa çıxanda araya tanış bir səs qoşuldu: “Ana indicə keçindi. Öldü!”.

Həmin günü mən baxçaya getmədim. Təbiət hadisəsi olan ölüm insanlar üçün yas mərasiminə çevrilmişdi. İri tiyanlarda halva qovrulur, şərbət qaynadılır, kişilər astadan söhbətləşib siqaret çəkir, qadınlar isə ağı deyib ağlaşırdılar. Onların ağıları kişilərin siqaretindən qalxan tüstü burumlarına qoşulub səmaya yüksəlirdi.

O zamanlar atama ölüm xəbəri gətirən bibimin “öldü” sözünün hansı məna daşıdığını anlamasam da, əcəlin ortalığı qarışdıran, insanlara göz yaşı bəxş edən gəlişinin nəsə yaxşı bir şey olmadığını anlamışdım.

Hər bir şüurlu canlı yaranıb özünü dərk etdiyi gündən sona qədər həyat və ölümlə bağlı suallar arasında vurnuxur, özünü qane edəcək cavab axtarır. Bu axtarış onu qorxudur, həyəcanlandırır, hər insan itkisində özünün də son anının nə zamansa yetişəcəyini xatırladır. Heç bir cavab, əldə olunan dürlü-dürlü məlumatlar, həyat təcrübəsi, hətta din belə adəm övladını ovundura bilmir, ona təsəlli bəxş etmir.

Gənc rejissor Elməddin Süleymanovun 2016-cı ildə Türkiyədə lentə aldığı “Yaxın planda ölüm” adlı sənədli filmi də ölüm nədir sualı ətrafında gəzişmələrdən ibarətdir. Bu gəzişmələr həm də gənc, hələ otuz yaşa belə gedib çıxmayan, narahat, sərgərdan bir qəlbin kainatın sonsuzluğuna və bu sonsuzluqda insanın ölüm qarşısındakı çarəsizliyinin ifadəsidir.

Film fransız rejissoru Jan Ruşun “Bir yayın xronikası” və polyak kinosunun zirvəsi hesab olunan Kşiştov Kyeslovskinin “Danışan başlar” sənədli filmlərinin görüntüləri ilə başlayır. Və bu başlanğıc da səbəbsiz deyil. Əslində “Yaxın planda ölüm” filmi rejissorun təbirincə həmin sənədli filmlərin davamı, bir növ bu iki böyük rejissorun filmlərinə, yaradıcılığına göndərişdir. Jan Ruş cəmiyyətin hər təbəqəsindən və yaş qrupundan olan insanlara “Xoşbəxtsinizmi?” sualı ilə müraciət edir. Kyeslovski isə körpəlikdən yüz yaşa qədər ömür yolunun xronikasını aparır. Danışdırdığı adamların “Kimsiniz?”, “Kim olmaq istədiniz?”, “Kim oldunuz?” suallarının nəticəsini araşdırır. Nəticə isə təəccüblü olduğu qədər də ecaskar olur. Dünyada yüz il ömür sürən, qulağının pərdəsi yaşlılıqdan çat verib yırtılan qarı deyir: “Yaşamaq istəyirəm. Uzun illər boyu yaşamaq...”.

Elməddin Süleymanov isə gəncliyinin gətirdiyi emossionallıq, etirazçılıq hissinin aşıladığı tempramentlə yaradılışın son nəfəsinə səbəb olan, hər şeyi torpağa, toza çevirən ölümə qarşı çıxaraq birbaşa ölüm nədir sualını əsas götürür. Onun həmsöhbətləri də cəmiyyətin fərqli təbəqələrindən olan insanlardılar. Qəbirqazan, balıqçı, iflas etmiş milyonçu, heç bir dində pərvəriş tapmayan ateist, minarədən enən axund, intiharlara üzülən müəllimə, xoşbəxt uşaqlar və digərləri səmimiyyətlə öz düşüncələrini bölüşürlər.

Beş ilə yaxın qəbir qazmaqla məşğul olan qəbirqazan işini sevdiyini dilə gətirir. Bu sözləri deyərkən kamera içərisi ağ daşlarla hörülüb üzəri suvanan boş qəbirə tuşlanır. Kamera müəllifin yerinə sual verir. Bir qəbir qazmağın, işığı qaranlıqla torpaqlayan peşənin sevgi ilə hansı əlaqəsi ola bilər?! Ancaq gor qazan sanki peşman olur və dərhal fikirlərinin ifadəsində düzəlişlər etməyə başlayaraq gecələr qorxulu yuxular gördüyünü, hər yeni ölünü basdırarkən öz yaxınlarının, övladlarının ölümünün də nə zamansa baş verəcəyindən qorxduğunu etiraf edir.

Arvadını və qızını avtomobil qəzasında itirəndən sonra altı il həbs yatan, azadlığa qayıdanda isə əyyaşa çevrilən adam kameraya baxaraq Ahmet Kayanın “Kendine iyi bak” mahnısının sözlərini oxuyur. Oxuya-oxuya illərdən bəri ürəyində yığılıb qalan dərdini tanımadığı, bilmədiyi insanlara danışır, küçədən keçənlərdən siqaret istəyir. Tez-tez “kaş onlar sağ qalardı, mən otuz ildə azadlıqdan məhrum olmağa razı idim” deyir.

Filmdəki qaranlıq küçələrdən bir qadın da ötüb keçir. O, gözlərinin altında özünə yer etmiş kölgəlikdən boylanaraq qaranlığa bürünən səmaya baxır. Hərdən siqaretindən bir qüllab alıb uzun illər əvvəl, gənc yaşında torpağa bağışladığı atasının ölümündən sonra baş verən uyuşmadan, sonrakı ölümlərə qarşı yaranan hissizliyindən danışır.

Filmin son məqamları insan yaradılışının ilkin illərinə uşaqlığa qayıdır. Ölümdən xəbərsiz məktəblilər deyə-gülə itkinin mahiyyətini izah etməyə çalışırlar. Yaxın dostunu itirməklə ölümü tanıyan məktəbli oğlan ağlayan zaman bayaqdan gülən uşaqlar qəfildən ölüm zamanı baş verənlərin gülməli olmadığını, onun həm də böyük ağrı-acılara səbəb olduğunu dərk edirlər. İki dəqiqə əvvəl gülən qızlar nə zamansa öldü xəbəri verilən yaxınlarını xatırlayaraq ağlamağa başlayırlar. Kamera onların ardınca qaçır, uşaqların göz yaşında islanan saçlarını, eynəklərini, barmaqlarının rəngini çəkir. Müəllif daxili instinklə sanki axtardığını məhz bu günahsız varlıqların timsalında, onların gülüşmələrində, ağlaşmalarında tapmağa çalışır. Heyhat! İtki, ölüm qorxusunun həqiqətinə tab gətirməyən, ağlayan da elə onlar olur.

Rejissorun ölüm üzərindən dinə müraciəti xristianlıqda istinad tapır. Bəlkə də İsanın çarmıxa çəkiləndən üç gün sonra dirilməsi onda insanlığın da nə zamansa ölməz olacağına inam yaradır. Burada həm də Elməddinin İsa Məsih sevgisi, rus ədəbiyyatı və dünya kinosu ilə iç-içə olma faktı da qaçılmazdır. Və bu fakt Məsih sevgisini daha da dərinləşdirərək kameraya ötürür. İsanın, Müqəddəs Məryəmin iri kadrda görünən heykəllərinin fonunda kilsədə yanan şamların boynundan süzülən ilıq damlalara hekayəçinin səsi də qoşulur. Müəllif yalnız bircə dəfə filmin bu məqamında titrlərdəki hərflərin altından sürüşüb çıxaraq səsə çevrilir.

Rejissorun məhz sənədli filmə doğru istiqamətlənməsi onun istədiklərini hələ ki bədiiliklə ifadə bilməyəcəyinə narahat bir işarədir.

Filmdə bir neçə yerdə din aparıcı qüvvə kimi diqqət mərkəzində olsa da müəllif insanın dindən mənən canlı diri qala bilmək, boşluğa yuvarlanmamaq üçün yararlandığını anlayır. Bəlkə də bu səbəbdəndir ki, rejissor İsa Məsihlə bağlı kadrları filmin sonuna saxlamır. Sonluq şirniyyat mağazasındakı şirniyyatlara şüşə arxasından baxan körpənin çevrilib kameraya doğru gəlməsi və ona əlini toxundurması ilə başa çatır.

Qırx doqquz dəqiqə əlli səkkiz saniyəlik film və onu idarə edən beyinin düşüncələri yenidən əvvələ, insanın körpəliyinə, ilk addımlarına qayıdaraq sıfırlanır. Suallar yenə də açıq və cavabsız qalır.

Rejissor kamerasını yığışdırır, işıqları söndürür, bir siqaretlik fasilə verib yenidən yoluna davam edir. Bəlkə hardasa, nə zamansa gözlüyündən baxdığı kameradan axtardığı həqiqəti yaxalayacağı ümidi ilə başqa bir filmin çəkilişlərinə hazırlaşmaq üçün “Yaxın planda ölüm”dən uzaqlaşır. (edebiyyatqazeti.az)

AzNews.az