Aznews.az Ceyhun Zərbəliyevin yazısını təqdim edir Aznews.az Ceyhun Zərbəliyevin yazısını təqdim edir

Leyladan keçmək...

Aznews.az Ceyhun Zərbəliyevin yazısını təqdim edir

Məhəmməd peyğəmbərə (s.a.v) sual ediblər ruhla bağlı.

Ayə nazil olub Allah rəsuluna: “De: Sizə bu barədə yalnız cüzi bir bilik verilmişdir!”.

Oysa, çox da verilə bilərdi: qələm Onun, kitab Onun, söz Onun...

Kitabda bu qədər vacib olanla bağlı niyə az bilginin verilməsi zaman-zaman məni düşündürüb.

Bu ayəyə “Rəbb nə buyurur?”dan ziyadə, “nə barədə düşündürmək?” istəyir gözü ilə baxmağa çalışmışam.

Quran düşünməmizi israrla arzulayan sirli kitabdır--“Məgər heç düşünməzlərmi?”deyə.

Ola bilərmi ki, O, ruhumuzu anlamağı öz öhdəmizə buraxmışdır? Axı bizi Yaradan fitrətimizi də bilir: üstüörtülü deyilən, gizlədilməyə çalışıldığını fərq etdiyimiz hər şeyi daha maraqla axtarırırq...

Bəlkə də möhtəşəm yaradılışımızı, varlığımızı ruhumuzu hiss edərək anlamağımızı istəyir?!

İnsan yalnız sevən zaman özünü və ruhunu daha gözəl anlaya bilir...

Sevmədən ruhu duymaqmı olar? Sevmədən Allahı bilməkmi olar? Çox məşhur sufi misalında deyildiyi kimi: “Leyladan keçmədən, Mövlaya varılmaz!”

Bir dəfə, heç olmasa həyatınızda bir dəfə möhkəm sevmək-qarşı tərəf bildi-bilmədi, sevdi-sevmədi, anladı-anlamadı, qarşılıq verdi-vermədi-bütöv bir ömrü mənalandırmaq qüdrətindədir.

Mükəmməl bir duyğu! Yaşayanlar bilir...

İllər ötdükcə rəngdən-rəngə boyanan, yaşa, statusa, səni bu dünyana bağlayan heç bir şeyə baxmayaraq hər zaman ümid qoxan duyğudur sevgi...

İnanın bir kərə həqiqətən sevibsə, həyatı əvvəlki kimi olmaz. Çünki, artıq mühüm bir həqiqəti kəşf etmişdir.

Sevgi bizə özümüzü özümüzə ən dəqiq şəkildə anlada biləcək çox güclü vasitədir. İçimizdəki işığın şəfəqləri, ruhumuzun bilgəliyi sevən zaman ortaya çıxar.

Sevgi Allaha gedən yoldur və təsadüfi deyil ki, mənəvi arayışda olan müridlərə mürşidi-kamillərin ilk sualı bir insanı sevib-sevməməsi ilə bağlı olur. Onlar əmindirlər ki, saf sevgini dadmayan Onu bilə bilməz!

Onu bilmək təmənnasız sevməkdən keçir... Sadə və sadəcə sevgidən.

Əsl sevənlər zamanın durduğunu, əbədi olan bir şeyin varlığını kəşf edirlər....

Zamansızlığı və məkansızlığı anlamaq Onu anlamaq yolunda önəmli addımdır...

Cənnətə düşüb-düşməyəcəyini umursamayan və zövqdən səcdədən baş qaldırmayan zahid kimi sevirlər əsl sevənlər....

Sevgi bizə ətdən-sümükdən, gözdən-qaşdan ötə əbədi olan bir şeylərin mövcudluğunu anladır.

Şərtlərdən asılı olmayaraq hər zaman bir ola bilmənin mümkünlüyünü... Sonsuzluğu... Qurani-Kərimin ən böyük həqiqətini: Ruhumuzu və ruhlarımızın Ondan üfləndiyini....

Sevgi dediyimiz bəzi duyğular bəşər səviyyəsində bəzən anlaşılmaya bilir. Birini sevərsən qarşılıq verər, verməz, verə bilməz və ya ümumiyyətlə hər üçünü ehtiva etməyən bir şeylər hiss edərsən, onunla yanlış zaman dilimlərində qarşılaşdığını düşünərsən, tamamilə səni səndən edən duyğular yaşanar - ən yaxşı halda “çox sevdi”, “dəlicəsinə sevdi” deyərlər dünyanın dilində...

Necə ki, əşyanın həqiqəti, insanın həqiqəti mənanın ötəsindədir, bəzi duyğu dolu olayların da dünyəvi səviyyəni aşan izahedici arxa planı vardır.

İllərin duyğulara zərrəcə toz qondura bilməməsi, ruhun eyni həyəcanla dünyada bir ola bilmənin mümkünsüzlüyünü tamamilə dünya məntiqi və sakit halda dərk edərək, təmənnasız və qarşılıq gözləmədən sevməsinin daha dərin səviyyələrdə anlamları vardır. Üstəlik burada sadəcə sevgidən, məhəbbətdən söhbət getmir. Bu bir şəhvət, qarşıqoyulmaz sahiblənmə arzusu da deyil. Bu, bir ruhun çox doğma olana bir şeyləri xatırlatma arzusudur...

AzNews.az