Özünü yeni prizmadan tanımaq üçün əla fürsət Özünü yeni prizmadan tanımaq üçün əla fürsət

“Yarat”dan yeni layihə gəlir

Özünü yeni prizmadan tanımaq üçün əla fürsət

“Yarat” Müasir İncəsənət Mərkəzi” özünüinkişafla bağlı “İnsan: özünü tanı” adlı yeni tədris proqramına başlayır.

AzNews.az-ın məlumatına görə, proqram mart ayından dekabr ayına kimi davam edəcək.

Proqram müddətində Bakıda 10 məşhur lektor və bestseller müəllifləri özünüinkişafla bağlı ödənişsiz təlimlər keçirəcəklər.

Bu proqram şirkət rəhbərləri, habelə tələbə və müəllimlər, yaradıcı şəxslər, yaşından və təhsilindən asılı olmayaraq, hamıya çağdaş insan üçün vacib bacarıqlara yiyələnmək üçün praktik biliklər verməyə kömək edə bilər.

“Yarat” Mərkəzinin təsisçisi Aida Mahmudova proqram haqqında bunları deyib: “Nəzərdə tutulan təlim və mühazirələrin əsas mahiyyəti şüurdur. Məlumdur ki, bu bacarığın inkişafı nəticəsində insan Özü özünə qoyduğu məhdudiyyətlərdən azad olub özünü inkişaf etdirərək həyatını kökündən dəyişə bilər. Əminəm ki, şüurun inkişafı istiqamətində atılmış hər hansı bir addım bizə daha yaxşı insani keyfiyyətlər qazanmağa və ətraf mühitlə harmoniyada olmağa yardım edəcək”.

Proqramın mövzusu çoxşaxəli özünüinkişafla bağlı 4 əsas kateqoriyanı ehtiva edir:

1. Mən indi və burda: zehni bacarıqlar

2. Mənim gələcəkdə olmaq istədiyim obraz və bu istiqamətdə etdiyim cəhdlər: planlamaq və arzulara çatmaq bacarıqları

3. Əmin-amanlıq və xoşbəxtlik: bunlara elmi baxış.

4. Ətrafla qarşılıqlı münasibət: empati, minnətdarlıq və bağışlama bacarıqları

Proqrama dünyanın müxtəlif ölkələrindən fərdi inkişaf sahəsində qabaqcıl mütəxəssis və bestseller müəlliflər dəvət olunublar. Mart ayından etibarən və 2019-cu il boyu proqramda ABŞ, Almaniya, Rusiya, Belorus, İsveç və İrlandiyadan olan 10 müəllim və alim iştirak edəcəklər. Onların hər biri aşağıdakı sahələrin və bacarıqların inkişafı üçün tədris kursunu təqdim edəcəklər:

Diqqətin yönləndirilməsi

Emosional özünütənzimləmə

Özünüidarə qabiliyyəti

Stress müqavimətliliyi

Effektiv istirahət

Pozitiv psixologiya

Məşğələlərdə insanın daxili dünyasının xüsusiyyətləri, onun vərdişləri və meyilləri, beynin neyroplastikliyi və psixoemosional vəziyyətlərin idarə olunma metodlarına baxılacaq.

Təlimçilərin gəlmə imkanlarını nəzərə alaraq, proqram ardıcıl olaraq davamlı keçirilməyəcək, təlimləri tək-tək seçərək iştirak etmək mümkündür.

Təlim proqramına əsasən məşğələlər aşağıdakı formatda keçiriləcək:

Giriş dərsləri – ümumi, tanışlıq məlumatı ( 2 saat)

Təlimlər – daha yüksək səviyyə, vərdişlərin transformasiyası (6 saatdan 3 günə qədər)

Proqramı məşhur Amerika professoru və müəllimi Barbara Oukli açacaq və ilk tədbiri o aparacaq. O, özünün məşhur “Öyrənməyi necə öyrənməliyik” kursunu keçəcək.

Təqdimat mərasimi martın 7-də, təlimlər isə 2019-cu il martın 8-də və 9-da başlayacaq.

AzNews.az