“Firəvan həyat arzulayırıq” - ABŞ-dan yubiley təbriki

O, uzun illərdir “Sumqayıtın tarixi” muzeyinə rəhbərlik edir

Böyük Hüseyn Cavidin gözəl bir kəlamı var: “Sürüklənən bəşəriyyət qadınla yüksələcək”.

Bəli, qadın böyük qüvvədir. Harada varsa, ora gülüstana çevrilir. Bu gün sizə əməlləri ilə yaşadığı şəhərdə böyük nüfuz qazanmış qadınlardan biri - Olya Zəbi qızı İslamova haqqında söhbət açmaq istəyirəm. Uzun illərdir “Sumqayıtın tarixi” muzeyində çalışır. Xeyli vaxtdır ki, həmin muzeyə rəhbərlik edir…

Deyir ki, ömrümün böyük hissəsi bu muzeydə keçib. İlk dəfə işə başlayanda iyirmi yaşım var idi. Artıq o vaxtdan əlli il ötür. Burada hər bir eksponat mənə doğmadır...

İşgüzar, məsuliyyətli, qayğıkeş və təvazökar xanımdır. Həzin musiqidən zövq alır. Təbiət qoynunda istirahət etməyi xoşlayır. Hadisələrə obyektiv yanaşma tərzi, düzgün dəyərləndirmə səriştəsi yüksək səviyyədədir. Kiminsə xətrinə dəyməz, gülərüz, mehriban insandır. Ünsiyyətdə nəzakətlidir. Yüksək mədəniyyəti, kübar davranışı ilə ürəkləri fəth etməyi bacarır...

Rəhbərlik etdiyi “Sumqayıtın tarixi” muzeyi şəhər haqqında məlumatları qoruyub saxlamaqla yanaşı, həm də bir mədəniyyət məbədidir. Burada poeziya gecələri, yazarlarla, əmək və muharibə veteranları ilə görüşlər, eləcə də müxtəlif mədəni-kütləvi tədbirlər çox keçirilib. Hər birinin təşkilati məsələlərində onun da əməyi vardır. Göstərdiyi xidmətlər cavabsız qalmayıb. “Tərəqqi” medalı ilə təltif olunub, “Əməkdar Mədəniyyət İşçisidir”...

İyunun 23-ü Olya xanımın yubileyidir. Hələ də gənclik təravətini qoruyub saxlamış, bu gözəl xanımı ABŞ-ın “Michigan History Museum”-un fəaliyyət göstərdiyi Lansinq şəhərindən salamlayır, ona möhkəm can sağlığı, firəvan həyat arzulayırıq.

Yubileyiniz mübarək, Olya xanım!

Elman Eldaroğlu,

ABŞ, Miçiqan

image description image description image description