Partlayış qaz sızması nəticəsində baş verib. Partlayış qaz sızması nəticəsində baş verib.
  • Mahal
  • 20 Noyabr 2018 11:24
  •  3 265

Gəncə partlayışı haqda FHN məlumat yaydı - 3 nəfər ölüb (Yenilənib)

Partlayış qaz sızması nəticəsində baş verib.

Gəncə şəhərinin Kəpəz rayonunda yaşayış binasında baş vermiş partlayışda daha iki nəfərin meyiti tapılıb.

AzNews.az FHN-ə istinadən xəbər verir ki, qəza hadisəsi ilə əlaqədar aparılan axtarış-xilasetmə işləri nəticəsində dağıntılar altından daha iki nəfərin, 1971-ci il təvəllüdlü Tağıyeva Nigar Tağı qızı və 1994-cü il təvəllüdlü Heydərov Hüseyn Oktay oğlunun meyiti tapılaraq çıxarılıb. Ümumilikdə, ərazidə aparılan axtarış-xilasetmə tədbirləri nəticəsində dağıntılar altından 3 nəfərin meyiti çıxarılmış, 1 nəfər yaralı vəziyyətdə aşkar edilərək xilas edilib. Əməliyyat davam edir.

***
10:11

Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında baş vermiş partlayış hadisəsində ölən var.

AzNews.az FHN-ə istinadən xəbər verir ki, aparılan axtarış-xilasetmə işləri nəticəsində dağıntılar altından 1994-cü il təvəllüdlü Cumazadə Cuma Saleh oğlunun cəsədi tapılmış, 1997-ci il təvəllüdlü Məmmədli Orxan Oktay oğlu isə yaralı vəziyyətdə aşkarlanaraq xilas edilib.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin və regionda olan Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Mülki müdafiə qoşunlarının müvafiq xilasetmə qüvvələri qeyd olunan ünvanda xilasetmə işlərini həyata keçirirlər.

Axtarış işlərinin sürətləndirilməsi üçün əlavə olaraq Nazirliyin Xüsusi Ruskli Xilasetmə Xidmətinin xilasediciləri və kinoloji qrupu xüsusi təlim keçmiş itlərlə Aviasiya dəstəsinin helikopteri ilə Bakıdan Gəncə şəhərinə gətirilib.

***
09:26

Bu gün səhər saatlarında Gəncə şəhərinin Kəpəz rayonunda partlayış baş verib.

AzNews.az FHN-ə istinadən xəbər verir ki, partlayış rayonun dördmərtəbəli yaşayış binalarının birində baş verib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Mülki müdafiə qoşunlarının və Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri qeyd olunan ünvana cəlb olunub.

İlkin məlumata görə, 3 girişdən ibarət binanın 1-ci girişindəki mənzillər dağılıb. Dağıntılar altında qalanların olduğu ehtimal olunur. Hazırda axtarış-xilasetmə işləri aparılır. İlkin ehtimala görə, partlayış qaz sızması nəticəsində baş verib.

Əlavə məlumat veriləcək.

Bahar RÜSTƏMLİ

AzNews.az