"Bizim turistlər xaricə üz tuturlar, amma onlar eyni pulu burada da xərcləyə bilərlər". "Bizim turistlər xaricə üz tuturlar, amma onlar eyni pulu burada da xərcləyə bilərlər".
  • Mahal
  • 19 Dekabr 2018 13:15
  •  1 580

Turizm komplekslərində qiymət artımının səbəbi açıqlandı

"Bizim turistlər xaricə üz tuturlar, amma onlar eyni pulu burada da xərcləyə bilərlər".

Son illər Azərbaycanda yay turizmi ilə yanaşı qış turizmi də inkişaf etməkdədir. Turistləri Azərbaycana cəlb edən isə “Şahdağ”, “Tufandağ” Qış-Yay Turizm Kompleksləridir.

Müxtəlif şirkətlər tərəfindən təşkil edilən turlar zamanı yaxın ölkələrə səyahətlə müqayisədə Azərbaycan turizm mərkəzlərinə tur qiymətinin daha başa olduğu müşahidə olunur. Həmçinin turlarla deyil, şəxsi olaraq bu komplekslərə üz tutanlar da eyni fikri səsləndirirlər. Bəs qiymətlərin yuxarı olması nə ilə bağlıdır?

AzNews.az məsələ ilə bağlı Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimovun fikirlərini öyrənib.

O bildirib ki, məsələnin bir yolu var, bu da Azərbaycanın bölgələrində ortaya qoyulan məsələnin həll olunmasıdır: "Həmin bölgələrdə bir ya da iki ulduzlu otellərin inşası günün vacib tələbidir".

“Rəqabət olmalıdır ki, qiymətlər aşağı düşsün. Rəqabət olmasa, qiymətlər həmişə yüksək olacaq. İkinci məsələ bəzi menecerlərin səriştəsizliyi ilə bağlıdır. Onlar özlərinə əziyyət verməmək üçün əlavə xidmətlərin keyfiyyəttini artırmaq əvəzinə, xüsusən, Yeni il, Novruz bayramı ərəfəsində süni qiymət artımına yol verirlər. Bunun fəsadlarını həmişə qeyd etmişəm. Çünki qiymətləri süni şəkildə artırmaq, 500-1000% gəlir əldə etmək nəfslərinin qarşısını almır. Hər bir məhsulun maya dəyəri var. Onun maya dəyərinə müəyyən faiz qoyulur və 1000 % qoyulanda təbii ki, nəticə belə olur. Ona görə, bizim turistlər xaricə üz tuturlar, amma onlar eyni pulu burada da xərcləyə bilərlər. Ona görə, xüsusən, turistlərin daha çox olduğu regionlarda ucuz tipli yeni otellər, mehmanxana müəssisələri tikilməlidir”. Ağakərimov belə deyib.

O, hər il olduğu kimi yeni il qabağı qiymətlərin baha olduğunu əlavə edib:

“Yenə deyirəm, rəqabət olarsa, qiymətlər aşağı düşər. Qiymətlər baha olmalı deyil, əlavə xidmətlər daha çox göstərilməlidir. Məsələn, Gürcüstan və ya Türkiyə qiyməti ucuz edəndə orada sizə müxtəlif, rəngarəng, keyfiyyətli xidmətlər təklif edir ki, siz hiss etmədən həmin pulu xərcləyirsiz. Buna görə də menecerlər çox səriştəli, çevik və savadlı olmalıdırlar. Hər il olduğu kimi yeni ildə turistlərin axını olacaq”.

Müşavir Qax rayonunda da qış turizminin mümkünlüyündən danışıb:

“Məsələn, qış turizmini Qax rayonunda da həyata keçirmək olar. Orada büdcə otellər qurmaq mümkündür. Ümumiyyətlə, qış turizmi dünyada geniş yayılıb. Bunun büdcə, orta səviyyəli və bahalı tərəfi var. Ən bahalı qış turizmi Alp dağlarında - İspaniya, İtaliya, Avstriya və İsveçrədədir. Orta səviyyədə isə İsveç, Norveç və Finlandiyada rast gəlmək olar. Büdcə qış turizmi isə Polşa, Bolqarıstan və Slovakiyada inkişaf edib. Dünyada bunun tendensiyaları var, bu da yalnız bahalı tərəfidir. Ona görə təklif etmişdim ki, Qaxda, dağ rayonlarında ucuz otellər inşa olunsun. Beləliklə də aztəminatlı insanlar və tələbə-gənclər qış turizmindən bəhrələnsinlər. Bu həm rəqabət mühiti yaradar, həm də digər qış turizm obyektlərində qiymətləri avtomatik stabilləşdirər və balans rolunu oynayar”.

Albilet.az turizm şirkətinin daxili turlar üzrə meneceri Şahin Kəlbiyev qiymətlərin bahalığını bu sahəsin bizdə yeniliyi ilə əsaslandırır. Onun sözlərinə görə, qoyulan xərcləri çıxmaq üçün bizim turizm komplekslərində qiymətlər baha olur:

“Zaman keçdikcə qiymətlər aşağı düşəcək. Məsələn bizdə, 50 manatlıq otel Gürcüstanda 150 manatdır. Səbəb yalnızca bu sahənin yeniliyi ilə bağlıdır. Hər yeni şey necə bahadırsa, bu da eynən onun kimidir. Qış turizm mərkəzlərinə bizim turistlər sərf etmir. Çünki onlar yalnız kanata minir, qarla oynayıb, şəkil çəkdirib gedirlər. Onlara xizək alıb sürənlər lazımdır”.

Əsmər Qabil

AzNews.az

image description