- Mahal
- 19 Fevral 2019 15:44
- 2 429
Həsrətlə gözlənilən qar 4 kəndlə əlaqəni kəsdi - VİDEO
“Havadan xəbərsiz idik”.
Axşam saatlarından başlayaraq şimal-qərb istiqamətində yağan güclü qar, xüsusilə Qobustan, Şamaxı, İsmayıllı istiqamətində problemlər yaradıb. Şamaxının 4 kəndi ilə əlaqə kəsilib, hazırlıqsız sürücülər yolda qalıb.
Şamaxıda qarın hündürlüyü 10-15, dağ kəndlərində 20-25 sm-ə çatır. Mərkəzi küçələrdə səhər saatlarında avtomobillər yolda qalıb. Rayonun Pirbəhli, Qaladərəsi, Qaleybuğurd, Keçmədin kəndləri ilə nəqliyyat əlaqəsi kəsilib.
Qar Bakı-Şamaxı-Yevlax, İsmayıllı-Muğanlı magistrallarında da çətinliklər yaradıb. Yolda qalan avtomobillərin sərnişinləri piyada yol qət etmək məcburiyyətində qalıblar. Magistralın Basqaldan keçən ərazisində gediş-gəliş daha da çətinləşib.
Sürücü: “Qar yağmağa davam edir, yolda qalmışıq. Yol polisi əməkdaşları sağ olsunlar, köməklik etdilər, maşını yoldan kənara çıxardıq”.
Sürücü: “Yay təkəri ilə gəlmişik. Qaldıq yolda. Havadan xəbərsiz idik”.
Sürücü: “Qəbələdən bu yana 5 saatdır ki, yoldayam, buraya qədər gəlib çıxa bilmişik”.
Avtomobil Yolları Dövlət Agentliyi Bakı-Şamaxı-Yevlax, eləcə də Muğanlı-İsmayıllı, İsmayıllı-Oğuz-Qəbələ-Şəki magistrallarının axşam saatlarında şaxta səbəbindən buz bağlaması ehtimalını nəzərə alaraq sürücülərə vacib olmadıqca yola çıxmamalarını tövsiyyə edir.
Ağasəlim Nağıyev – Tağım komandiri: “Təmizləyirik, qar da yağmağa davam edir. Sürücülərə tövsiyyəmiz odur ki, diqqətli olsunlar. Nasaz maşınlarla yola çıxmasınlar”.
Hazırda ərazidə qarın yağması davam edir. (ARB TV)
AzNews.az