Dini maarifçiliyin təşkilində qadınların yeri və rolu böyükdür

Mingəçevirdə keçirilən regional konfransda bu barədə geniş söz açılıb

İyunun 11-12-də Mingəçevirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Mingəçevir Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini maarifçiliyin təşkilində qadınların yeri və rolu” mövzusunda regional konfrans keçirilib.

Tədbirdə şəhərin idarə, müəssisə, təşkilatlarında, təhsil, səhiyyə və mədəniyyət müəssisələrində çalışan qadınlar, eyni zamanda, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edənlər ölkəmizdə dini radikalizm və ekstremizmə qarşı səmərəli mübarizənin aparılması məqsədilə müxtəlif formatlarda keçirilən silsilə tədbirlərin önəminə toxunublar. Çıxışlarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən digər aidiyyəti dövlət orqanları ilə birgə ölkədə dini ekstremizm və radikalizm meyillərinin qarşısını almaq məqsədilə aparılan ardıcıl və sistemli iş yüksək qiymətləndirilib.

Konfransda dini maarifləndirmə işinin əhəmiyyəti və bu prosesində qadınların rolu barədə danışılıb. Bildirilib ki, dini radikalizmə, ekstremizmə, tarix boyu dini dəyərlərin təhrifinə yol açan xurafata və cəmiyyəti zülmətə sürükləyən cəhalətə səbəb olan amillərin qarşısını almaq, milli-mənəvi dəyərlərimizi, tolerantlıq, multikulturalizm ənənəmizi yaşadan, Vətəninə faydalı, təhsilli, savadlı nəsil yetişdirmək üçün maarifləndirici tədbirlərin kəmiyyətini, keyfiyyətini və arealını artırmaq Dövlət Komitəsinin fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir. Dini tolerantlıq mədəniyyətinin inkişaf etdirilməsi, o cümlədən dini radikalizmin, ekstremizmin qarşısının alınması sahəsində maarifləndirmənin alternativinin olmadığı qeyd edilib.

Tədbirdə iştirakçılara sosial şəbəkələrdə radikal dini qrupların apardığı dini təbliğatın məqsədi, metodları barəsində ətraflı məlumat verilib. Vurğulanıb ki, internetin insan həyatında əhəmiyyəti artdıqca, bu imkanlardan sui-istifadə halları da artır. Sosial şəbəkələr, internet insanların həyatında artıq sosial reallıqdır və orada baş verənlər qarşısıalınmaz prosesə çevrilib. Ekstremist və terrorçu qruplar sosial şəbəkə istifadəçilərini öz sıralarına cəlb etmək üçün əsas vasitə kimi təbliğatdan istifadə edirlər. Ucuz və effektli təbliğat vasitəsi olan sosial şəbəkə platformalarında heç bir fiziki güc və əlavə resurs sərf etmədən özlərinə tərəfdar toplaya, istifadəçiləri terrorçuya çevirə bilirlər. Məhz bu səbəbdən cəmiyyətin bütün təbəqələri, xüsusilə gənclər dinlə bağlı məlumatlar əldə edərkən, onun mənbəyinə, mahiyyətinə, mövzunun ehtiva etdiyi mənalara diqqət etməlidirlər.

İkigünlük regional konfrans müzakirələrlə öz işini yekunlaşdırıb.(AZƏRTAC)

AzNews.az