Ərazidə aparılan işlərin bu ilin sonuna kimi yekunlaşacaq Ərazidə aparılan işlərin bu ilin sonuna kimi yekunlaşacaq
  • Mahal
  • 20 İyun 2019 11:34
  •  2 039

Azərbaycanda bu avtomobil yolu yenidən qurulur - FOTO

Ərazidə aparılan işlərin bu ilin sonuna kimi yekunlaşacaq

Lənkəran-Lerik avtomobil yolu yenidən qurulur.

AzNews.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yayıb. Məlumata görə, Lənkəran-Lerik avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla III texniki dərəcəyə uyğun olaraq qurulacaq.

Hər bir hərəkət zolağının eni 3.5 metr, çiyinlərin eni isə 2.5 metr olmaqla yolun ümumi eni 12 metr təşkil edir. Yenidənqurma işləri çərçivəsində yolun normativ eninin alınması üçün döngələrdə qruntun mexanizmlə kəsilməsi və daşınması, həmçinin torpaq yatağının layihə hündürlüyünə çatdırılması işləri görülür, yol profilə salınır və yeni yol yatağı inşa edilir.

Lənkəran-Lerik avtomobil yolunun bir-neçə nöqtəsində sürüşmə əraziləri mövcud olduğu üçün burda yol yatağının əlavə bərkidilməsi işləri də görülür, dəmir-beton küvetlər inşa edilir. Bundan başqa bu və digər ərazilərdə istinad divarı inşa edilir, dəmir-beton svaylar vurulur, drenaj xətləri çəkilir və yeni suötürücü borular quraşdırılır. Torpaq işləri yekunlaşan ərazilərdə asfaltlanma işləri görülür. Körpülərin ətrafında əlavə bərkitmə işləri aparılaraq, dəmir-beton svaylar vurulur.

Qurumdan bildirilən məlumata görə, Avtomobil Yolları Dövlət Agentliyi sözü gedən ərazidə aparılan işlərin bu ilin sonu, gələn ilin əvvəli yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə səfərbər edib.

AzNews.az