Rayonda 200 hektardan çox örtükaltı çiyələk yetişdirilib Rayonda 200 hektardan çox örtükaltı çiyələk yetişdirilib
  • Mahal
  • 5 May 2021 18:19
  •  5 199

Cəlilabadda nübar çiyələk yığımı davam edir - FOTO

Rayonda 200 hektardan çox örtükaltı çiyələk yetişdirilib

Cəlilabadda hazırda mövsümün nübar çiyələyinin yığımı davam edir. Örtük altında becərilən çiyələyin builki məhsuldarlığı fermerlərin ürəyincədir.

Aznews.az xəbər verir ki, çiyələk sahələri bu il Cəlilabadda 500 hektara qədər artırılıb. Yaxşı qazanc götürən fermerlər təsərrüfat sahələrini ilbəil genişləndirirlər. Məhsulu erkən bazara çıxarmaq üçün rayonda 200 hektardan çox örtükaltı çiyələk yetişdirilib. Qış fəslinin şaxtalı, qarlı keçməsi becərmə prosesində müəyyən çətinliklər yaratsa da, İtaliya və İspaniyadan gətirilən soyuğa, xəstəliyə davamlı çiyələk sortlarından hazırda mövsümün ilk nübar çiyələyi yığılır. Ötən illə müqayisədə bu il məhsulun satış qiymətində 1-2 manat enmə müşahidə olunur.

İşçi Zəminə Zeynalova deyib: “Hazırda 4 gündür yığıma başlamışıq. Biz barmaq dəymədən, iz düşmədən saplaqlı meyvələrimizi qablaşdırırıq. Onun yetişdiyini rəngindən, dadından və bərkliyindən bilirik. Satışı da rayonlara edirik, bazarlara gedir, süfrələr bəzənir. Biz yetişdirdiyimiz meyvələrə və yaxşı keyfiyyətli məhsula cavabdehik”.

Sahədə “murano” sortu adlanan çiyələk növü əkdiyini bildirən fermer Vüqar Musayev qeyd edib ki, sahələrdən 6-7 ay ərzində keyfiyyətli məhsul yığa bilirlər: “Hazırda məhsulumuz daxili bazarlarda satılır. Bu il 4 hektar örtükaltı sahəm var. Çalışırıq ki, gələcəkdə də çəkilən xərcimizi götürüb, gəlir əldə edək. Bununla da sahələrimizi daha da genişləndirək. İş yerlərinin artmasına səbəb olsun. Həmçinin məhsulumuz xarici bazarlara çıxarılması üçün çox əlverişlidir. Ukrayna, Rusiya, Qazaxıstan, gələcəkdə ərəb ölkələrinə də ixracımız baş tutacaq”.

Fermerin sözlərinə görə, məhsuldarlığın artmasında, meyvələrin dadlı olmasında orqanik tərkibli gübrələrin və suvarmanın da böyük rolu var. Bu baxımdan ərazidə artezian quyuları qazılıb, müasir damcı suvarma sistemi qurulub. Yerli mütəxəssislərin sözlərinə görə, ötən sahələrdə yetişdirilən 12 min 156 ton məhsulun 960 tonu xarici ölkələrə ixrac olunub. Fermer və mülkiyyətçilər 8 milyon manatdan çox qazanc əldə ediblər.

Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin mütəxəssisi Mübariz Nadirov deyib: “Bu sahəyə dövlət dəstəyinin olması, habelə subsidiyalar, demək olar ki, fermerlərdə çiyələklə bağlı əkin sahələrinin genişlənməsinə böyük maraq yaradıb. Son illər Cəlilabadda bu parnik şəraitində yetişdirilən çiyələyin kütləvi yığımına başlanılıb. Fermerlərlə əlaqə saxladıqda məlum olur ki, bazardakı bugünkü qiymət onları qane edir. Hər gün rayonumuzdan 8-10 tona yaxın çiyələk məhsulu daxili bazara çıxarılır. Məhsuldarlıq artdıqca şübhəsiz, vahid sahədən götürülən məhsul hesabına əldə edilən gəlir də yüksək olmalıdır”.

Qeyd edək ki, rayonda müasir texnologiya əsasında qurulan saxlanma və soyuducu anbarlar məhsulun istehlakçıya keyfiyyətini itirmədən çatdırılmasına imkan yaradır./AZƏRTAC/

image description image description image description image description image description image description