Bartaz, Bartaz Qız qalası, Baş Qaragədik, Baydar Bartaz, Bartaz Qız qalası, Baş Qaragədik, Baydar
  • Mahal
  • 12 Yanvar 2022 15:23
  •  6 399

Zəngəzur toponimləri

Bartaz, Bartaz Qız qalası, Baş Qaragədik, Baydar

Bartaz- Zəngilan rayonunda qəsəbə. Təlid dağının ətəyində, Hacıyan düzənliyindədir. Araz çayından 0,5 km aralıda, sol sahilindədir. Bartaz kənd inzibati ərazivahidinin tabeliyindədir. Qəsəbə rayon mərkəzindən cənub-qərbdə, rayonun 30 km-də, dəniz səviyyəsindən 550 m hündürlükdə, Bakı-Naxçıvan dəmir yolunun sağında yerləşir. Qəsəbənin ərazisindən şose yolu keçir.

Qəsəbə Bartaz çayının sağ və sol sahillərində yerləşən iki məhəllədən ibarətdir. Bartaz qəsəbəsi Qarqulu, Dəlləkli, Bartaz kəndləri və Iran Islam Respublikası ilə qonşudur. Qəsəbədə işğala qədər (1993) orta məktəb, musiqi məktəbi, uşaq bağçası klub, kitabxana, 2 tibb məntəqəsi, 2 mağaza, dəmiryol vağzalı, Çınqil zavodu, Asfalt zavodu, Əmanət kassası inzibati binalar və digər sosial obyektler var idi. 225 ev, 815 nefer ehali olmuşdur. Bartaz qəsəbəsində Dirəmətxana təpəsi, Gülləatılan düz, şir-şir dərəsi, Təlit dağı, Əbilcə düzü, Sulu dərə, Tüklü şam, Etibar meşəsi, Etibar şamı, Vəlixanlı dərəsi, Göybənd dağı və s. yer adları vardır. Qəsəbədə orta əsrlərə aid kəhriz quyuları, 7 körpü, tunel, 20 Yanvar şəhidlərinə abidə vardır.

Yaşayış məntəqəsi 1840-ci ildə Rusiya -İran sərhədini qoruyan hərbiçilərin sərhəd məntəqəsi kimi salınmış və yerli əhali tərəfindən barak (taxta ev) sözünün ruscadan təhrif olunmuş şəklində "Paraxlar" adlandırılmışdır.

S.Zelinskinin 1886-ci ildə tərtib etdiyi "Экономический быть государственных крестиан в Зангезурском уезде Елизаветпольской губернии" (Yelizavetpol quberniyasının Zəngəzur qəzasında dövlət himayəsində olan kəndlilərin iqtisadi vəziyyəti) adlı tədqiqat əsərində Bartaz kəndində 135 ev, 591 nəfər tatar (azərbaycanlı) əhalinin olduğu qeyd edilir. Bakı-Naxçıvan dəmir yolu çoəkilərkən bu məntiqə Bartaz dəmir yol stansiyası adlanmış, 1952-ci ildə qonşu kəndlərdən gəlmiş ailələrin hesabına genişlənərək qəsəbəyə çevrilmişdir. Toponimin adı Bartaz dağının adından götürülmüşdür.

Bartaz Qız qalası – Zəngilan rayonunun Bartaz kəndi yaxınlığında orta əsrlərə məxsus qala. Toponimin birinci hissəsi Bartaz dağı və Bartaz kəndi ilə eyni mənanı daşıyır. Qiz qalası sözü isə Azərbaycanda bir neçə yerdə olan eyniadli qalalarla həmahəng olub ilkin anlamında "Göz qalasi" kimi tələffüz edilmiş, gözətçi qala mənasını daşımışdır.

Baş Qaragədik - Gorus rayonunda kənd adı. Binə Qaragədik kəndindən çıxmış ailələr tərəfindən kəndin yuxarı hissəsində salındığı üçün bele adlandırılmışdır. 1918-ci ildə əhalisi qovumuş və kənd dağıdılmışdır. Qaragədik kəndin yerləşdiyi yerin adıdır.

Baydar - Sisyan rayanunda kənd adı. D.D.Paqirevin 1913-cü ildə tərtib etdiyi "Qafqazin beş verstlik xəritəsinin adları göstəricisi" toplusunda kəndin adı Baydak şəklində göstərilmişdir. Urud kəndinin şimalinda Üçtəpə dağının ətəyindəki düzəngahda yerləşən bu kəndin xarabalıqları son vaxtlara kimi qalmaqda idi. XIX asrin sonlarında, yaxud XX əsrin əvvəllərində dağıdıldığı güman edilir. Moğol tatarlarının tayfa birliyinə daxil alan Baydar tayfasının adını əks etdirir.

Ardı var...

Mənbə: Musa Urud “Zəngəzur toponimləri”, Bakı-2013