Lapşin İlham Əliyevdən üzr istədi

Rəsmi Bakının tələbi ilə Minskdə həbs olunan bloqqer Aleksandr Lapşin yazılı formada Azərbaycan prezidenti İlham Əliyevdən üzr istəyib

AzNews.az xəbər verir ki, bu barədə RİA “Novosti” məlumat yayıb. İsrailin Belarusdakı səfirliyinin konsulu Yuliya Raçinski-Spivakov bildirib ki, Lapşin yanvarın 18-də onun iştirakı ilə prezident İlham Əliyevə üzrxahlıq məktubu yazıb. Bloqqer məktubunda öz hərəkətlərinə görə üzr istəyib. Konsul həmçinin bildirib ki, İsrail də onun ekstradisiyasının əleyhinədir: “Biz düşünürük ki, o, sərbəst buraxılmalıdır”.

A. Lapşin 2011-ci ilin aprelində və 2012-ci ilin oktyabrında Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edərək separatçı rejimin təbliğatı ilə məşğul olub. O, Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edib. Azərbaycan Baş Prokurorluğu onun barəsində Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri ilə cinayət işi qaldırıb və Lapşin beynəlxalq axtarışa verilib.

A. Lapşinin Rusiya, İsrail və Ukrayna vətəndaşlığı var. Rusiyanın xarici işlər naziri Sergey Lavrov onun həbsinə və ekstradisiyasına qarşı olduqlarını bəyan edib.