Prezidentliyə namizəd: “Şəxsi düşmənim yox idi”

Ermənistanda güllələnən prezidentliyə namizəd Paruyr Hairikianın həyatına təhlükə yoxdur. Onun yaxınları bildiriblər ki, yanvarın 31-i gecə paytaxt Yerevanda naməlum şəxs tərəfindən çiynindən vurulan prezidentliyə namizəd hazırda xəstəxanadadır. Polis araşdırma aparır.

Paruyr Hairikian isə cərrahiyə əməliyyatından ayılandan jurnalistlərə bildirib ki, ona hücumda xarici xüsusi xidmət orqanının əli olduğunu güman edir:

- Səmimi desəm, bu hücumun məni illərlə təqib edən bir ölkənin xüsusi xidmət orqanlarının işi olduğunu güman edirəm. Söhbət indiki Rusiyadan yox, ondan əvvəlki sistemdən gedir. Məncə, bu onlara xas iş üsuludur. Çünki açıq-aşkar hər yerdə bildirirəm ki, Ermənistanın gələcəyi Avropadadır.
Biz imperialist Rusiya ilə müttəfiqlikdən xeyirdən çox ziyan çəkirik. Təbii ki, real demokratik Rusiya bizim müttəfiqimiz ola bilər. Bu fikirlərimi son vaxtlar tez-tez səsləndirməyim deyəsən bəzi dairələri fəallaşdırıb. Onlar görürdülər ki, tərəfdarlarımın sayı artır.

Özümün heç bir şəxsi düşmənim yoxdur.

Ermənistanın indiki prezidenti, prezident seçkilərində namizəd olan Serzh Sarkisian xəstəxanada olan rəqibi Paruyr Hairikian-a baş çəkir. 1 fevral 2013 Bir neçə siyasi lider, o cümlədən indiki prezident və prezidentliyə namizəd Serzh Sarkisian, Baş nazir Tigran Sarkisian və parlamentin spikeri Hovik Abrahamian xəstəxanada Hairikian-a baş çəkiblər.

Spiker Abrahamian bildirib ki, prezidentliyə namizədə hücum prezident seçkisini pozmaq cəhdi ola bilər. Çünki Hairikian kampaniyasını davam etdirə bilməsə qanuna görə seçki 15 gün təxirə salınmalıdır.

63 yaşlı Hairikian Sovet hakimiyyəti illərində gizli siyasi təşkilata üzv olmaq və qanunsuz gizli qəzet yaymaq ittihamı ilə 11 il həbsxanada yatıb, 3 il də SSRİ daxilində sürgünə məruz qalıb.

Milli Öz müqəddəratını Təyinetmə Partiyasının sədri olan Paruyr Hairikian fevralın 18-ə nəzərdə tutulan prezident seçkisində 3 əsas müxalifət namizədindən biri hesab edilir.

AzNews.az