Suriyanın Homs şəhəri işğaldan azad edildi

Hökumət rəsmiləri bildiriblər ki, üsyançılar ötən gün hərbi qüvvələrin nəzarəti altında sonuncu mövqelərini də tərk ediblər.

AzNews.az xarici mətbuata istiandən xəbər verir ki, təxminən, 3 min ailə avtobuslarla əl-Veyr rayonundan çıxıblar.

“Homs şəhəri tamamilə tərksilah edilib. Silahlılar şəhəri tamamilə tərk ediblər” – deyə vilayətin qubernatoru Tələl Bərazi bildirib.

Məlumata görə, silahlıların çoxu üsyançıların nəzarəti altında olan İdlib vilayətinə doğru hərəkət ediblər.

Üsyançıların təxliyə edilməsi ilə bağlı razılaşma bu ilin əvvəlində Rusiyanın iştirakı ilə əldə olunmuşdu. Razılaşmaya əsasən, müxalif qüvvələr öz silahları ilə birgə üsyançıların nəzarəti altında olan bölgələrə köç etmək üçün təhlükəsiz dəhlizlərlə təmin olunmalıdırlar.

Hökumət rəsmiləri qeyd edir ki, bu cür barışıq razılaşmaları 6 ildir ki, ölkədə davam edən mülki müharibəyə son qoymaq üçün vacib addımlardır.

Suriyada 2011-ci ildə başlayan mülki müharibə 300 mindən çox insanın ölümünə səbəb olub.

Bəxtiyar Abbasov

AzNews.az