Dünyanın ən hündür teleqülləsindən yayım başlanıldı

Yaponiyanın mərkəzi televiziya kanalları bir il əvvəl tikintisi başa çatan Tokionun yeni "Sky Tree" teleqülləsindən yayıma başlayıblar.

AzNews.az Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən xəbər verir ki, açılışı 22 may 2012-ci ildə olan teleqüllə dünyanın ən hündür telekommunikasiya qülləsidir (634 metr).

2012-ci ilin dekabrından televiziya kanalları mümkün çatışmazlıqları aşkar etmək və aradan qaldırmaq üçün bir neçə dəfə sınaq yayımları keçiriblər.

Qeyd edək ki, teleqüllənin 2008-ci ilin iyulunda başlanılan tikinti işlərində 580 min nəfər iştirak edib və ümumilikdə ucaldılmasına 634 milyon dollar vəsait xərclənib.

"Sky Tree" televiziya və radio qülləsi olmaqla yanaşı, həm də Yaponiya paytaxtının ən görməli yerlərindən birinə çevrilən əyləncə və ticarət mərkəzidir. İl ərzində orada olan turistlərin sayı 6,3 milyonu ötüb.

AzNews.az