Rəsmi Vaşinqton türk polisinin sərt davranışından narahatdır

ABŞ yenidən Taksim olayları ilə bağlı Türkiyəyə narahatlığını bildirib.

Dövlət departamentinin rəsmisi Cen Psaki "baş verənlərə laqeyd qalmağın mümkün olmadığını və polisin amansızlığından narahatlıq duyduqlarını" ifadə edib.

Psaki dövlət katibi Con Kerri ile Türkiyə xarici işlər naziri Əhməd Davutoğlunun müxtəlif məsələlərlə bağlı birgə işlədiklərini bəyan edib və onların arasında heç bir problemin olmadığını bildirib.

"Biz bütün dünyada dinc nümayişlərə dözümlü yanaşmağa çağırırıq. Dövlət katibi Kerrinin Türkiyəni heç bir şəkildə xarakterizə etmək cəhdi olmayıb", deyə o bildirib.

C.Paski Türkiyəni ikinci sinif demokratiya olaraq dəyərləndirmədiklərini bəyan edib.

"Bu gün ən düzgün addım Türkiyədə bütün yetkililərin sakitləşməyə çağırmaları və dinc etirazları dəstəkləyərək qəbul etmələridir", deyə o fikrini yekunlaşdırıb.

Xatırladaq ki, ABŞ bir dəfə də bu mövzu ilə bağlı narahatlığını dilə gətirmiş və Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu tərəfindən sərt şəkildə qınanmışdı.//apa//

AzNews.az