Ölənlərin sayı 6500 nəfərə çata bilər - Hindistanda

Hindistanın şimalında Uttarakhand ştatında torpaq sürüşməsi və daşqın qurbanlarının sayının təqribən 6500 nəfər olacağı ehtimal olunur. Bu barədə "əl-Cəzirə" telekanalı xəbər yayıb.

Bundan əvvəl Hindistan KİV-ləri ştatın Baş naziri Vicay Bahuqunuya istinadən məlumat vermişdi ki, təbiət hadisəsinin qurbanlarının sayı təxminən min nəfər ola bilər.

Telekanalın məlumatına görə, ştatın hakimiyyəti bazar günü sürüşmə və daşqın qurbanlarının sayının 6500 nəfərədək artacağını güman edir. Ordu əməliyyatı çətinləşdirən sıx duman səbəbindən təxliyyə işlərini dayandırmağa məcbur olub.

Hazırda Uttarakhand və Himaçal-Pradeş ştatlarında körpülərin dağılması və evləri sel aparması səbəbindən təcrid olunmuş vəziyyətdə qalan təqribən 70 min insan artıq xilas edilib. Müxtəlif məlumatlara görə, 22 mindən 50 minədək insan kömək gözləyir. İndiyədək Uttarakhandda 680 meyit tapılıb, onlardan 80-ni yaxınlarına təhvil verilib.

Qeyd edək ki, iyunun 14-dən 17-dək aramsız leysan ştatın əsas çayları - Alaknanda və Bhaqiratinin daşmasına səbəb olub. Uttarakhandda hazırda on minlərlə ziyarətçinin köməksiz vəziyyətdə qaldığı bir neçə mühüm məbəd yerləşir. Hakimiyyətin hesablamalarına görə, artıq 150 körpü dağılıb. Hindistan ordusu 8 min hərbçi, 3 min sərhədçi və 55 vertolyotun iştirakı ilə tarixi ərzində ən böyük xilasetmə əməliyyatlarından birini aparır. Bundan başqa, yüzlərlə polis əməkdaşı da cəlb olunub.//trend//

AzNews.az