NATO-da Azərbaycanla bağlı sənəd müzakirə olundu

İyunun 26-da Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Mənzil Qərargahında Azərbaycan Respublikasının 2013-cü il Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının (İPAP) Qiymətləndirmə sənədinin müzakirəsi keçirilib.

Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyindən verilən məlumata görə, "28+1" formatında keçirilmiş müzakirələrdə Azərbaycan tərəfindən Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Milli Təhlükəsizik Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidmətinin rəsmiləri iştirak ediblər.

Müzakirələr zamanı NATO-ya üzv ölkələr Azərbaycanın sadiq və etibarlı tərəfdaş olduğunu vurğulayıb və ölkənin NATO cari gündəliyində duran çoxşaxəli məsələlər, o cümlədən meydana gələn təhlükəsizlik çağırışları, Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (ISAF) əməliyyatı və s. üzrə fəal əməkdaşlığını və töhfəsini yüksək dəyərləndiriblər.

Görüşdə digər məsələlərlə yanaşı, regionda təhlükəsizlik məsələləri, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsi üzrə fikir mübadiləsi aparılıb.

Azərbaycanla NATO arasında bu kimi məsləhətləşmələr ildə bir dəfə keçirilir.

Qeyd edək ki, Azərbaycan hazırda 2012-2013-cü illəri əhatə edən İPAP-ın üçüncü mərhələsini həyata keçirir.//apa//

AzNews.az