Vaşinqtonda Azərbaycan Silahlı Qüvvələr Günü qeyd olunub - FOTO

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 95-ci ildönümü münasibətilə Azərbaycanın ABŞ-dakı səfirliyi tərəfindən iyunun 26-da Vaşinqton şəhərində ziyafət mərasimi təşkil olunub. Mərasimə ABŞ Müdafiə Departamentinin yüksək rütbəli zabitləri, Vaşinqtonda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və müdafiə attaşeləri, yerli ictimaiyyət və eləcə də Azərbaycan diasporunun təmsilçiləri qatılıblar.

Səfirlikdən verilən məlumata görə, mərasimin əvvəlində Azərbaycan Respublikası və ABŞ-ın dövlət himnlərinin səslənməsindən sonra tədbirin açılış hissəsində ardıcıl olaraq Azərbaycanın ABŞ-dakı müdafiə attaşesi Ağaverdi Quliyev, səfir Elin Süleymanov və ABŞ Müdafiə Departamenti adından ABŞ-ın nəqliyyat komandanı general Vilyam Freyzer iştirakçılar qarşısında çıxış ediblər.

Müdafiə attaşesi A.Quliyev qonaqları 95 il öncə Azərbaycan Silahlı Qüvvələrinin yaranması tarixi və qısa müddətdə əldə etdiyi nailiyyətlər barədə məlumatlandırıb, müstəqilliyimizin bərpasından sonra üzləşdiyi hərbi işğal və iqtisadi böhrana baxmayaraq, Azərbaycanın ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər haqqında danışıb və ordumuzun etibarlı bir müttəfiq olaraq, öz tərəfdaşları ilə qurduğu beynəlxalq əməkdaşlıqdan söz açıb.

Səfir Elin Süleymanov mərasimin əsas qonağı general Freyzeri təqdim etməklə yanaşı, müdafiə və təhlükəsizlik sahəsində Azərbaycan və ABŞ arasında mövcud əməkdaşlığa toxunaraq, iki ölkənin ordusunun müxtəlif bölgələrdə sülh və əmin-amanlığın bərqərar olması naminə birgə fəaliyyətlərini qeyd edib və əsgərlərimizin İraqda, Balkanlarda və Əfqanıstanda çiyin-çiyinə xidmət etdiklərini xatırladıb. Səfir Azərbaycanın qısa müddət ərzində öz təhlükəsizliyi üçün digərlərinin yardımını istəyən ölkədən regional təhlükəsizliyə töhfə verən bir ölkəyə çevrildiyini vurğulayıb.

General Vilyam Freyzer əlamətdar gün münasibətilə Azərbaycan Silahlı Qüvvələrinə öz təbriklərini çatdıraraq, müdafiə və təhlükəsizlik sahəsində ABŞ-Azərbaycan əməkdaşlığını yüksək qiymətləndirib. O, ölkəmizi ABŞ-ın çox mühüm və etibarlı tərəfdaşı kimi xarakterizə edərək, qaynar nöqtələrdə xidmət etmiş Azərbaycan əsgərləri barədə xoş sözlər deyib. General eləcə də Azərbaycana səfərlərinə istinad edərək, ölkəmizin nail olduğu inkişafı qeyd edib. Bundan əlavə, V.Freyzer müttəfiq qüvvələrin Əfqanıstanla nəqliyyat əlaqəsinin təmin edilməsində Azərbaycanın xüsusi rolunu təqdir edib və ölkəmizin göstərdiyi dəstək sayəsində müttəfiqlər ordusunun əhəmiyyətli sayda hərbiçisinin həyatının xilas edilməsindən minnətdarlıq hissi ilə bəhs edib.//trend//

AzNews.az