Güneyli məhbuslara işgəncələr Avropa Parlamentində müzakirə edildi


Avropa Parlamentinin Brüsseldəki mənzil qərargahında Güney Azərbaycan siyasi təşkilatlarının nümayəndələrinin iştirakı ilə müzakirələr aparılıb.

Azərbaycan Öyərənci Hərəkatının verdiyi məlumata görə, iclasda Avropa Parlamentinin insan haqları kommisiyasının sədri Barbara Loach Bihler, İran üzrə xüsusi kommisiyanın sədri Taria Kronberq, Avropa Birliyinin xarici siyasət kommisiya katibliyinin birinci direktoru Roberto Olmy, Ketrin Eştonun nümayəndəsi Putito Salato, UNPO-nun prezidenti Marino Bosdakhin ve beynəlxalq Əfv Təşkilatının nümayəndəsi iştirak edib.

Bir saatlıq topantıda İranda yaşayan millətlər, Urmu gölü və Güney Azərbaycandakı siyasi məhbuslarla bağlı müzakirələr aparılıb.
UNPO-nun prezidenti Marino Bosdakhin İranda keçirilən prezident seçkilərinin saxta olduğunu bəyan edərək Həsən Ruhaninin İranın dini liderinin tapşırıqlarını icra etdiyini bildirib.

O çıxışında İranda yaşayan millətlərin çətin vəziyyətlərinə toxunaraq bu millətlərə qarşı yürüdülən irqçı siyasətləri pisləyib. Bosdakhin Urmu gölü faciəsi və gölün qurudulması və gölün bugünkü vəziyyətinin nəticəsini İran rejiminin məsuliyyətsizliyindən irəli gəldiyini vurğulayıb.

UNPO-nun prezidenti İranda yaşayan qeyri-fars millətlərin nümayəndəsi olan siyasi məhbusların qeyri insani durumları haqda danışıb. Yeni GAMOH-un mərkəzi komitəsinin həbsdə olan 5 üzvünə tətbiq olunan işgəncə və təzyiqlərdən öz narahatçılığını ifadə edib.

Məlumat üçün bildirək ki, UNPO-nun dəstəyi ilə "İranda yaşayan millətlər" haqda toplantının davamı gələn həftə çərşənbə günü Güney Azərbaycan nümayəndə heyətinin iştiraki ilə Avropa Parlamentində keçiriləcək. Toplantının ilk çıxışcısı Güney Azərbaycan heyətinin nümayəndəsi olacaq.

Xatırladaq ki, iclasda GADP-nin sözcüsü Mahmud Bilgin, AZOH-un sözcüsü Əmir Mərdani və Azərbaycan qadın milli fəal Ayda Kərimli iştirak edib.

Elnarə
AzNews.az